|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
MƏMMƏD ARAZ DÜNYASI

Vaqif  Yusiflinin şairlə müsahibəsi

Məmməd Araz nədən yazırsa-yazsın, şerlərində həmişə xalqın mənəviyyatına, kökə, ilkinliyə, təbiiliyə arxalanır. Yüksək vətəndaşlıq mövqeyi, ideyalılıq və xəlqilik onun yaradıcılıq yolunu müəyyənləşdirən başlıca keyfiyyətlərdir.

Azərbaycan! Mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər!

Azərbaycan – onun zəngin tarixi keçmişi, bu günü, «Araz dərdi», dünya şöhrəti M.Araz poeziyasının mayasındadır.  «Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı» deyən şair bütün yaradıcılığı boyu həmin həqiqətə sadiq qalmışdır.
M.Arazın lirik qəhrəmanı – zamanın, əsrin övladıdır; dünyada gedən təzadlı hadisələrə, həyatdakı mənfiliklərə qarşı son dərəcə həssas olan bu qəhrəman eyni zamanda sevən, sevilən, torpağa, insana bağlı adamdır. O, cəsarət, mərdlik, dostluq hissləri, gələcəyə inam duyğusu ilə yaşayır, insanı kamilliyə, ucalığa səsləyir. Şairin bir çox şerləri və eləcə də poemaları hələ əllinci  illərin axırlarında ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, onun yaradıcılığı barədə maraqlı mülahizələr söylənilmişdir. Müxtəlif illərdə nəşr olunan «Sevgi nəğməsi» (1959), «Üç oğul anası» (1961), «Araz axır» (1964), «Anamdan yadigar nəğmələr» (1966), «Ömür karvanı» (1967), «İllərdən biri» (1969), «Oxucuya məktub» (1978), «Aylarım, illərim» (1979) şer kitabları  oxucular arasında böyük şöhrət qazanmışdır.
M.Araz sevilən şairdir; o, ədəbi gecələrdə, şer məclislərində az görünsə də  həmişə oxucular arasındadır, onların rəğbətində, sözündə-söhbətində,  alqışlarındadır.
«Üç oğul anası», «Araz axır», «Atamın kitabı» və başqa poemaları göstərir ki, M.Araz həyatı, insan münasibətlərini daha geniş miqyasda – fəlsəfi aspektdə, epik axında təsvir etməyi bacarır.
M.Araz bədii tərcümə ilə də məşğul olur. Q.Quliyevin, M.Svetlovun, S.Mixalkovun şer  kitablarının tərcüməsi orijinala yaxınlığı, bədii sərrastlığı ilə seçilir. Müxtəlif  illərdə Şevçenkodan, A.N.Nekrasovdan, V.Luqovskoydan, Y.Smelyakovdan, M.Algimontasdan, G.Leonidzedən, A.Koşekovdan, Ş.Bodlerdən, R.Xarisdən, S.Vikulovdan etdiyi tərcümələr haqqında da eyni fikri demək olar.
Azərbaycanın əməkdar mədəniyyət işçisi M.Araz tez-tez həyatımızın müxtəlif  problemlərinə aid maraqlı publisistik məqalələrlə də çıxış edir. «Həyatın və sözün rəngləri» (1974) oçerklər kitabında şairin respublikamızın iqtisadi-mədəni həyatı ilə bağlı məqalələri toplanmışdır.
«Azərbaycan» jurnalı M.Arazla oxucuları birləşdirən mötəbər mənəvi körpüdür. Anadan olmasının 50 illiyi münasibəti ilə onu ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirik.

- «Qələm - mənim söz qardaşım». Deyirlər ki, M.Arazın şersiz günləri olmur. Bu, doğrudurmu?

- Məlum həqiqətdir ki, yazıçı əlində qələm ən etibarlı söykənəcək, ən möhkəm dayaqdır. Bu şərtlə ki,  qələm sözün əsl mənasında sözə xidmət eləsin, söz xiridarına  bələdçi olsun, könül bulandıran əməllərə məqamında söz gülləsi yönəltsin.
Həmişə də yazmaq olmur. Qələmin gücsüz, küskün, bir çöp qədərində olan çağları onun əldə isinməyən saatlarıdır. Təkcə işləyəndə yox, yazıçı düşünəndə, ürəyində misra  gumuldayanda da qələm sevinir, ovxarını saxlayır. Bu mənada şersiz günlər – havasız günlərdir.

- «Ürəyimsiz kəlmə yazan deyiləm». Ürək və poeziya. Mənalı assosiasiyadır, elə deyilmi?

- Ürəksiz  yazdığım yazılarım olubmu? Yəqin ki, olub. Bir qədər dərinə varsam, deməliyəm ki, çoxdur. Bunlardan «ürəyin xəbəri» yoxdur. Bunlar  heç bir ünvanın qəbul eləmədiyi, öz əlimin yonqusundan çıxmayan, günahkarı yenə özüm olan yazılarımdır.

Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşıg

Bir qədər qeyri-təvazökarlıq etsəm, deməliyəm ki, misra özü izahsız da öz proqramını yaxşı açır. Onun bu «elastikliyinə» əl uzatmağın nə mənası?

- «Mən Araz şairiyəm».

- Araz Azərbaycan torpağının ortasından keçirsə, daha mən haranın şairi  ola bilərdim?

- Nəğməsi olmayan, şeri olmayan
Bir xalqın tarixi yazıla bilməz!

- Mübaliğə deyil ki; xalqın nəğməsi yoxsa, tarixi də yoxdur. Əslində bu, o deməkdir ki,  xalqın mənbəyi nəğmə, mənsəbi tarixdir. Nəğmə dildir. Dilsiz  danışanları yalnız dilsizlər anlar. Yaşasın bu mübaliğə!

- İlk şerinizin yazıldığı gün hansı hissləri keçirirdiniz?

- O gün gecəsi olmayan və heç vaxt olmayacaq bir gün idi. O gün  bütün sevinc və həyəcanımı büküb  əbədi ünvana – Günəşə göndərmişəm. Hər səhər tezdən Günəş üfüqdən boylananda o günü görürəm. «Mənim əvvəli sevinc, sonrası təəssüf olan günüm - deyirəm, - bu qədər qatı açılmamış qayğını mənə tapşırıb, özün biryolluq getdin, niyə?». Ancaq ilk şer ortada yoxdur. O əks-səda getdi, qarşıda o İlahi səsin səpdiyi qayalıqlar qaldı. «Bu da belə bir ömürdü yaşadım».

- Şerimizin fəxri Səməd Vurğunu necə xatırlayırsınız?

- Səməd Vurğunu çox yaxşı xatırlayıram. Lap elə bil dünən görmüşəm. 1950-ci ildən 55-in axırlarına – yatağa düşənə qədər dəfələrlə şer gecələrində, digər məclislərdə, xüsusi ilə, o zaman Natəvan klubunda çox qaynar keçən yığıncaqlarda, Yazıçılar İttifaqının plenum və qurultaylarında onu yaxından görmüşəm, çıxış və məruzələrini dinləmişəm. O qədər qeyri-adi, nüfuzedici, «qara, işıqla dolu» mənalı gözləri var idi kig Güclü məntiqi vardı. Saatlarla danışsa belə, yəqin  bir cümləsi dolaşmaz, bir sözü topuq vurmazdı. Mübaliğəsiz deyərdim: Onun kimi  öz şerlərini gözəl oxuyan ikinci şair tanımıram. Əllinci illərin gənc şairləri haqqında (eləcə də qələm yoldaşları barədə) necə böyük səxavətlə danışdığı yaxşı yadımdadır!

- «Bu torpaq üstündə bitən Nizami,
Bəşərin ən uca fikir dağıdırg»

- Nizami sənəti elə nəhəng dağ silsiləsidir ki, kəşf olunduqca kəşfi əlçatmaz olur; poetik fikir tarixində hələlik ucalığı onunla müqayisə olunacaq zirvə yoxdur. O, Yer  kürəsinin bütün nöqtələrindən görünür.

- «Sənət yarışında, söz yarışında
Yüzümüz bir Sabir deyilik hələg»

- Poeziyanın gücünü onun cəmiyyətdə gördüyü işlə ölçsək, mən fikrimə bir daha möhür vururam: deyilik, doğrudan da, deyilikg

- «Eh, indi sağ olsa,
Bir ovuc torpaqdan
Bir ölkə düzəldərdi
Nazim dərdig»

- Nazim  Hikməti görmək, yaxından dinləmək səadəti mənə də qismət oldu. O, kürsülərdə türk oğlu türk kimi öz xalqını necə qürurla təmsil edirdi! Ürəyinin yarasında öz xalqının dərdini gəzdirirdi. İndi ayıq və ağıllı başlar Türkiyəyə Nazim qapısı açıblar. Heyf ki,  bu böyük türk oğluna bir ovuc torpaq yetdi Türkiyədən. O da ki, qəbrinə qismət oldu.

- «Döy qapımı, döy qapımı, Müşfiq küləyi
Əli Kərim qasırğası, qır pəncərəmi».

- Məndən əvvəl həmin mövzuda məndən yaxşı  yazmışlara ehtiram işarəsidir bu misralar.

- Əllinci illərin poeziya havasında cavanlara münasibət necə idi?

- Münasibət 50-ci illərin poeziya havasına uyğun idi. Məncə,  indinin qayğısı daha çoxdur və daha çox əməli xarakter daşıyır.

- Sizin xalq ədəbiyyatına, folklora münasibətiniz?

- Mənim ilk dərsliyim o kitab oldu  - qaynaqlar qaynağı el ədəbiyyatı: nağıllar, dastanlar, bayatılarg Bunlar sinədəftər nənələrin «ifasında» yüksək sənət nümunəsi idi. Onlardan baş götürməyən sənət, məncə, dəhnəsizdir, məcrasızdır, mənsəbi ilğımlardır; folklordan qidalanmayan ədəbiyyata mən belə baxıram.

- Gənc yazıçı və şairlərdən kimi sevirsiniz?

- Həm nəsr sahəsində, həm də şerdə istedadlı gənclərimiz çoxdur. İndinin gəncliyi bizim nəslin gəncliyindən daha gur, keyfiyyətcə daha qaynar bir axınla gəlir. Gənclik yaşının orta aşırımında kimin nə gücdə olduğu aydınlaşacaq. İstedad oturuşandan sonra  öz məhsulunu  daha təvazökar, daha sanballı təqdim edir.
Ədəbi gənclik yaxşılı, pisli bütün yaradıcılığı ilə həmişə aydın, obyektiv diqqət işığında olmalıdır. Çap olunma azadlığı ilə təhlil-tənqid azadlığı və ümumi yekun ədəbi gəncliyə münasibəti təyin eləməlidirg

- Əsərləriniz haqqında yazılan hansı məqalənin  adını xoşluqla xatırlardınız. Ümumiyyətlə, tənqidə münasibətiniz?

- Təxminən  8-10 il bundan əvvəl Dursun Məmmədov adlı bir cavan ədəbiyyatşünas haqqımda məqalə yazmışdı. Məqaləni ifrat tərif yox, duyumlu təhlil üstündə qurmuşdu. Mən çap işinə  qarışmadım. Deyəsən, cavan alimin cavan nüfuzu haqqını müdafiə edə bilmədi. Bir-iki il əvvəl gənc alim maşın qəzasında həlak oldug Daha nə demək olar? Haqqımda şair dostlarım, tənqidçi dostlarım çox yazıblar. Çoxundan razıyam. Ümumi sözü xoşlamıram. Tənqid şairin «sarıdığı yumağı»  açmalıdır.

- Şair - oxucu barədə fikriniz?

- Şair yaxşı yazmalıdır. Oxucu da bu yaxşını duymalıdır. Bu qarşılıqlı vəzifənin öhdəsindən hansı tərəf gələ bilmirsə, demək, o tərəf yerində deyil. Demək, süd çürüdü, ayran da olmadı.

- Gərəksiz tərif də yuxuya bənzər.

- Mən «özünü ortalığa qoyub» təriflədən sənətkara «kar» deyirəm. Əsl sənət «anadangəlmə başıaşağı olur. Tərifi sağlığa çevirəndə xəcalət çəkir. Gərəksiz tərif əslində təhqirə bənzər.

- Bəs qərəzli tənqid necə?

- Bir dərya tənqidi bir damla qərəz bulandıra bilər. İstər əvvəlində olsun, istər axırında, fərqi yoxdur.  Qərəz tənqidin  düz sözünə yalan qatacaq. Yalanla da sənət tərs- mütənasibdir.

- Müasir rus və digər xalqların ədəbiyyatından kimləri daha çox sevirsiniz?

- Müasir rus ədəbiyyatında A.Tvardovskidən Y.Yevtuşenkoya qədər oxuyub sevdiyim şairlər çoxdur. Digər xalqların ədəbiyyatında ən çox oxuduğum şair Q.Quliyevdir.

- «Köhnə dağarcığı tumaş yerinə
Bu gün oxucuya  satanlar da var».
Poeziyaya gələn, hətta neçə-neçə şerlər kitabı çap etdirən müəlliflərə üzünüzü tutub nə deyərdiniz?

- Deyərdim: Siz özünüzü bəlkə də yaxşı bir sənət sahibi olmaqdan məhrum elədiniz. Bir özünüzlə  üz-üzə oturub fikirləşin, hələ gec deyil. Sonra yaxşı olmaq fürsəti də əldən gedir.

- Müasir ədəbiyyatımızda kənddə gedən dərin sosial, mənəvi və psixoloji dəyişikliklərin bədii inikası sizi təmin edirmi?

- Bu dəyişiklik var, gedir və olacaq. Bu,  çox ciddi, gözlə çətin görünən bir prosesdir. Sənət məsələyə bəzi «gündəlikçilərin» yanaşdığı kimi yanaşmır. Çoxları bu dəyişikliyi kənddə hamam və ya təzə klub tikilişində görür, bunun «inikasını» da tələb edirlər. Sənət isə daşyonanın əlindəki daşdan-dəmirdən çox, onun gözlərindəki işığa baxır, çəkicinin səsini yox, qəlbinin döyüntüsünü, dilinin zümzüməsini eşidir. Bu məqamda əl çox iş görür, ya ürək – demək çətindir. Sosial və digər dəyişikliklərin «şəklini çəkmək» sənətin vəzifəsinə daxil deyil. Şer, nəsr, başqa sənət növləri  öz qanunları dairəsində vəzifəsini yerinə yetirməlidir.

- «Kənd nəsri», «kənd poeziyası», «şəhər nəsri», «şəhər poeziyası» - bu cür bölgüyə necə baxırsınız?

- Sənət xəritəsində belə bölgü yoxdur. Koroğlunun üverturasını və ya «Kamança»nı hansı bölgüyə daxil etmək olar? Sərt Arktika qışından yazılan əsər əsərdirsə, tropik qurşaqda maraqla oxuyacaqlar.

- Kəndlə sizi hansı xatirələr bağlayır?

- Kəndlə – ata yurdu ilə bağlı xatirələr yalnız özümün baxdığım, yalnız məni göstərən ayna kimidir. Ondan danışmaq, onu təhlil edib nə şəkildəsə təqdim eləmək bu anlarda o aynanı sındırmaq demək olardı. «Qoy, öz əlim aynama daş atmasın».

- «Atamın kitabı» poemasının qəhrəmanı yüz ildən çox yaşamış atanız İnfil kişiydi. Onun xatirənizdən silinməyən,  yaddaşınıza əbədi həkk olan sözlərindən, nəsihətlərindən danışa bilərsinizmi?

- Atam əkinçi, biçinçi, suçu, bağban idi. «Atamın kitabı»nda onun bəzi cizgilərini çəkməyə çalışmışam. Onun insani (o, kişini deyərdi) şərtlərindən birinci cəhət yaxşılıq eləmək, əliaçıqlıq, çörəklilik idi. «Filankəs çörəkli adamdır» ifadəsini tez-tez işlədərdi. Doğru-düz danışanlar, sözü üzə deyənlər ikinci yerdə gedərdilər. İstər kişi olsun, istər qadın, belələri «halal adamlardı».
Dilinə yalan gətirəni «itlə qovun, dilinə ilan bağlayın», «yalançı ayağı dəyən şumda toxum göyərməz» - deyərdi.  Çox yatan adamları xoşlamazdı. «Ləttinin təknəsi həmişə boş olar, oraq zəmidə, kotan şumda parıldar, yerin belini bel qırar» kəlamları çox işlətdiyi məsəllərdi.
Ailəmizdə onun ömür boyu saat 6-dan gec durduğunu görən olmamışdı.  Yataqda isə  başını yastığa qoymağı ilə yuxuya getməyi 2-3 dəqiqə çəkərdi.

- «Ana itirmişəm ana yaşında». Dərdinizi təzələmək istəmirəm, sizin şairliyinizə ananız sevinirdimi?

- Anamın yazı savadı yox idi. Ancaq cəhrə üstə özü bayatı, ağı qoşardı.  Bu barədə bir yazımda söz açmışam. Folklordan qidalanan şeri çox gözəl duyurdu və təbii ki, oğlunun şer yazmasına sevinirdi.  Şeri  oxudardı, xoşuna gəlməyəndə deyərdi: «bunda mənim südüm yoxdur».

- «Adilik sənətin ölümüdür». Viktor Hüqonun bu kəlamını necə izah edərdiniz?

- Sənətdə adilik yazıçını sadəliyə, təbiiliyə deyil, bəsitliyə aparırsa, əlbəttə, «adilik sənətin ölümüdür».  Çox gözəl deyilib. Sənət hamının anladığı, hamının deyə bilmədiyi qeyri-adilikdir.  Yaxşı ki, dahilik zirvəsinə yalnız dahilər qalxa bilər. Adilər baharın aldatdığı səhra efemerləridir.

- Belə bir məşhur ifadə var: «Yazıçının əlyazmalarından da tər iyi gəlməlidir». Yaxud, başqa ifadə: «Düha – on faiz istedaddan və doxsan faiz tər tökməkdən əmələ gəlir».

- «Yazıçının əlyazmalarından tər iyi gəlməlidir». Mən çox tərləyirəm, tərdən zəhləm gedir. Amma deyiləni məcazi mənada qəbul edirəm, işləklik mənasında. Burada dəqiq ölçü-biçi yoxdur; bədii əsərin neçə faizi zəhmətin və neçə faizi istedadın məhsuludur – ayırd eləmək çətin məsələdir. Söhbət istedadın zəhmətkeşliyindən getməlidir. Dahilər – yazıçı da, alim də, başqa sənət sahibləri də fil gücü ilə işləyən qəddi əyilmişlərdi. «Tənbəlin təknəsi boş olacaq». Burada yaddaşıma həkk olunan məşhur kəlamı xatırlayıram: «dahilik - kəmiyyətdir». Etiraz eləməyə tələsməyək. Kəlam müəllifi nə dediyini yaxşı başa düşür.  Təsdiqi ilə inkarını tərəziyə qoyub demək istəyir ki, tolstoyların, hüqoların bu qədər əsərini  yalnız ağır zəhmət yarada bilərdi. Bəli, dahilik həm də kəmiyyətdir.

- Qadın gözəlliyi, qadına hörmət, məhəbbət duyğusu illər keçdikcə Sizin poeziyada əbədi mövzuya çevrilir. Nədir bunun sirri?

- Poeziya dil açan gündən indiyədək həmişə qadın mehrindən, qadın hənirindən, yol-yoldaşlığından, ana şərəfindən, yar ünsiyyətindən su içib, mövzu alıb.  Qadın «cazibəsindən» uzaqlaşan poeziya müəllifsizdir. Müəllifsiz olan poeziya oxucusuzdur. Mən bu mövzuda yazıram və yaza bilirəmsə, bu, qəlbin diqtəsi, ağlın hökmüdür. «Qələm gəldi əlimə». Səbəb nədir? Qadın qəhrəmanların özündən soruşmaq olar: səbəb nədir?

- Müasir sevənlərə münasibətiniz? Onlara nəyi arzulardınız?

- Sevgi hər zaman sevgidir. Ona münasibət mühitlə, zamanla əlaqədar dəyişir. Onun bəzi «şərtləri» dəyişsə də, sədaqət sədaqətliyində qalsa yaxşıdır. Müasir cavanlara deyərdim: sözünüzlə hərəkətiniz, vədinizlə ilqarınız, səmimiyyətinizlə etibarınız arasında uçurum olmasın.

- Tit Mak Plavtın bu fikrinə necə  baxırsınız? – «Bu dünyada gözəl olmaq dəhşətli bir bədbəxtlikdir».

- Bilmirəm, gözəllik deyəndə təkcə  xarici cizgilərimi nəzərdə tutursunuz? Bəs insanın daxili gözəlliyi necə? Bunsuz bəşəri tərəqqidən nə danışmaq olar? Bəşərin əsl yolu gözəlliyə gedən yoldur. Bəlkə həmin müəllif təkcə qadın gözəlliyini nəzərdə tutur. Qadın gözəlliyi olmasa, bir qısa ömrü yaşamağa dəyməzdi. Gözəlliyi qorumaq və gözəllərdən qorunmaq lazımdır.

- Müasir məhəbbət poeziyası haqda fikriniz?

- Müasir dövrün havasına uyğun yaxşı məhəbbət şerləri çoxdur.

- Sizinlə bir dövrdə ədəbiyyata gələnlərdən kimin yaradıcılığını daha çox izləyirsiniz?

- Söhrab Tahirin və Sabir Əhmədovun yaradıcılığını.

- Son illərdə şerimizin hansı uğurları Sizi sevindirir?

- Səs-küydən, ritorikadan uzaq, şerimizin kökə bağlı, obrazlı düşünən, vətəndaş qayəli, dolğun, ictimai-sənət yönlü şairlərimizin uğurları məni sevindirir. Qırxa çatmış, qırxı təzəcə adlamış belə şairlərin bir neçəsi özünü təsdiq edib.

- Bəs bu sahədə Sizi narahat edən cəhətlər?

- Çox  da narahatlıq doğurmayan bir cəhəti qeyd etmək istəyirəm, bu da bəzi gənclərin şerlərində forma özbaşınalığıdır.  Görürsən, şer  onbirliklə başlayır, bir-iki sətirdən sonra şair «nəfəs dərib» sərbəst vəznə keçdi, sonra ondördlüyü iki yerə böldü, arada şer lap məqaləyə döndü. Mən belə şerləri oxuya bilmirəm. Yadıma gəlmir, bəlkə mənim də belə yazılarım var. Şair forma seçməkdə sərbəstdir – o, «ağ» da yaza bilər. Amma, doğrudan da, ağ olsun.

- Son illər bəzi əsərlər istisna olmaqla sadə insanların həyatını  yalnız tərənnüm şerləri yazılır, niyə fəhlənin alın təri, kəndçinin qəlb aləmi şerdə seyrək nəzərə çarpır?

- Şeri kənd əməkçisinə və fəhləyə həsr eləməmək də olar. Bu, şairin öz işidir. Kəndlinin, fəhlənin zövqünə oxşayan  şerlər yazmaqdan boyun qaçıranların isə sənətkar olmasını  zaman çətin ki, təsdiq eləyə.  Əməkçi insanın həyatına həsr olunmuş yaxşı əsərlərimiz var. Təkrar edirəm: ədəbiyyat hamıdan yazmağı boynuna götürməməlidir. Hamı üçün yazmaq – böyük sənət bu zaman yaranır!

- İnsan və təbiət. Bu mövzu sizin poeziyada  mühüm yer tutur. Sizcə, bu problemin həllində poeziyamız nə dərəcədə öz sözünü deyir? Təbiət haqqında, onun poeziyada inikası barədə fikriniz?

- Təbiət sənətin əbədi mövzu mənbəyidir. Xüsusi ilə poeziyanın. Təbiətin incəliklərini poeziya qədər duya biləcək  ikinci sənət növü tanımıram. Cəmiyyətdən təbiətə, təbiətdən cəmiyyətə baxan yazıları xoşlayıram. Hazırda təbiətə münasibətdə elə məqam gəlib ki, bütün sənət növləri öz  «əsasnaməsinin»  birinci,  ən qeyri-mümkün halda ikinci maddəsində böyük həyəcanla təbiətin keşiyində durmaqdan söz açmalıdır. Təbiət endogen dağıntısına məruz qalırsa, birinci uçurum sənətin payına düşəcəkdir.

- Siz niyə son illər ədəbi gecələrdən, oxucu alqışlarından uzaq düşmüsünüz?

- Əvvəla, əsasən, görüşlərə getməyə səhhətim imkan vermir. Bir də ortada oxucu diqqətini cəlb eləyən yazı olanda alqış səsi uzaqdan da qulağıma çatır.

- Dünya ədəbiyyatı klassiklərindən kimi daha çox yüksək qiymətləndirirsiniz?

- Bəşər mədəniyyətinin «təsdiqindən keçmiş» klassiklərin çoxu mənim oxucu zövqümdə ünvan tapıb. Ancaq mənim yön tutduğum sənətkarlar cərgəsində birinci yer Nizamiyə məxsusdur.

- Müasir meşşanlara və indi «dəbdə» olan antipodlara münasibətiniz?

- Nə bilim. Heç xüsusi antipod gördüyüm yadıma gəlmir. Axı, onların xüsusi geyim-kecimi yoxdur. Ciddi şer bəşərə yad, qayəsiz, məsləksizlərlə mübarizə vəzifəsini boynuna götürürsə, hardasa antipodla da qarşılaşır.

- Hansı şeriniz daha çox əzizdi? Və hansını çox çətinliklə yazmısınız?

- Daha çox çap olunmamış şerlərim. Arxivimdə «Fars müğənnisinə» adlı şerim var.  Neçə ildir ki, ümumiləşdirici – son bəndini tapa bilmirəm.

- Şair dostlarınızdan bir çoxu nəsrə, hətta dramaturgiyaya üz tutub. Siz buna necə baxırsınız?

- Şairin bütün janrlarda yazmağa haqqı var. Bircə pis yazmağa haqqı yoxdur.

- Müasir  Cənub ədəbiyyatına münasibətiniz?

- Müasir Cənub ədəbiyyatının, ümumiyyətlə, cənublu-şimallı ədəbiyyatın ən nəhəng siması ustad Şəhriyardır. Ara-sıra bizim mətbuatda çap olunan yazılar Cənub  ədəbiyyatının (Arazın o tayını nəzərdə tuturam) inkişaf yolunda olduğunu göstərir.

- Niyə  son illərdə yaxşı poemalar yaranmır?

- Poema çətin yazıldığı kimi, çətin də oxunur. Görünür, zaman elə-belə, orta səviyyəli poemaların «istehsalını» istəmir. Yaxşı poema nədir? XIX əsrə qayıdaq: «Yevgeni Onegin» səviyyəsində neçə poema saya bilərsiniz?  XX əsrin  də yaxşı poemaları var. Yaxşı janr ölə bilməz. Yenə  də yaranacaq.

- Siz «ədəbi hadisə» anlayışını necə başa düşürsünüz?

- Qəfil, ya qeyri-qəfil, ədəbiyyata nadir istedad gəlib, tutaq ki, onu gec görüblər (fərqi yoxdur), indi onu elliklə təsdiq edirlər. Bu, bir şer toplusu, bir roman və ya bir hekayə də ola bilər. Yaxşıdan əla, əladan yaxşı ədəbi hadisədir. Ancaq mən «mütləq» ədəbi  hadisəni qəbul edə bilmirəm. Nisbilik anlayışı mane olur.

- Mustay Kərim, Qaysın Quliyevlə dostluğunuzdan danışın.

- Mustay Kərim və Qaysın Quliyevlə görüşlərim, yaxın salamım olub. Hər ikisindən tərcümələr eləmişəm. Hər ikisi haqqında mətbuatda ürək sözümü demişəm.

- Gələcək planlarınız?

- Yazmaq!

- Sizi sevən oxuculara sözünüz-sovunuz?

- Oxucularıma deyərdim: poeziyanı sevdikləri qədər duysunlar, duyduqları qədər sevsinlər. Bir də arzularıca ömür eləsinlər.

                                                                                iyun,  1983

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws