|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Yusif    MƏDƏT

ARAZLI    NƏĞMƏLƏR

            Şerim, şimşəkdən qanad istə sən,
            Yerə də insanın nəfəsiylə gəl.
            Dünyada bir damla olmaq istəsən,
            Dünyaya bir ümman həvəsiylə gəl.
Bu alovlu misralar iyirmi iki il bundan əvvəl yazılmışdır. O vaxt gənc şair Məmməd Araz ədəbiyyata böyük həvəslə gəldi. Bu həvəs get-gedə artdı, alovlandı, sönməzləşdi. Çünki Vətənə, torpağa vurğunluqdan, poeziyaya, sənətə məftunluqdan doğmuşdu bu həvəs...
Şairin yeni kitabındakı (“Oxucuya məktub”) şerlərində də gənclik eşqi, gənclik ehtirası ilə bərabər, yeni axtarış həvəsi, bədii kəşflər, poetik tapıntılar vardır. Müxtəlif mövzulu şerlərin mərkəzində isə şairin öz müqəddəs dünyası – Azərbaycan durur:
            Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan!” – deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər.
                (“Azərbaycan – dünyam mənim”).
Məmməd Arazın qələmə aldığı mövzularda yüksək vətəndaşlıq hissləri hakimdir. Məsələn, o, “Məndən ötdü, qardaşıma dəydi...” el məsəlini poeziya dili ilə oxucuya belə çatdırır:
            Səndən ötən mənə dəydi,
            Məndən ötən sənə dəydi.
            Səndən, məndən ötən zərbə
            Vətən, vətən, sənə dəydi.
Şair vətənpərvərliklə yanaşı, insanpərvərlik və humanizm kimi ali keyfiyyətləri də təbliğ edir; qocaman mətbuat işçisi, qayğıkeş insan Əsəd Musayevi hamıya nümunə göstərərək yazır:
            Sözlə qılınc çəkmək, könüllər almaq...
            Hər müdir hökmündə bu kəsər olmur.
            Vəzifə başında ağsaqqal olmaq
            Hər saçı ağlara müyəssər olmur.
                    (“Əsəd əmi”)
M. Araz zəngin obrazlı təfəkkürə malik, müasir ruhlu, təzə sözlü şairdir. Onun heç kəsə bənzəməyən dəst-xətti, fərdi yaradıcılıq üslubu, özünə məxsus tərzi vardır. O, bədii təsvir və ifadə vasitələrindən bacarıqla istifadə etməklə canlı, yaddaqalan lövhələr yaradır. Elə buna görədir ki,  “Təbiət” şerlərini oxuyanda sanki meşələrin əzəmətini görür, düzlərin otlu, çiçəkli nəfəsini duyur, yarpaqların pıçıltısını eşidir, suların ağlayıb güldüyünün şahidi oluruq.
            Yel əsdi, yarpaqlar suya töküldü,
            Göy çitə tünd sarı güllər tikildi.
            Buludla ağladı, günəşlə güldü,
            Deyəsən bir kövrək insandı Göy göl.
                        (“Göy göl”).
Şair çox işlənmiş mövzulara müraciət edəndə də yeni söz deməyə müvəffəq olur; “Dərə” şerində olduğu kimi:
            Ürəyi dolanda təbiət hərdən
            Çəkilib gecələr ağlar burada.
        Yaxud:
            Dağın zirvəsində gün günortadır,
            Dərənin dibin haqlayıb axşam.
                    (“İstisu lövhələri”)
M. Araz poeziyasını oxucuya sevdirən cəhətlərdən biri də onun adi misralarının belə poetik fikir yükü daşıması ilə əlaqədardır. Nümunə üçün dağlardan yağan dolunun şiddətliliyini göstərən bircə misraya  diqqət yetirək:
            Dolular dimdiyində, qayalar keçəl olub.
Yeni kitaba şairin xarici  ölkələrə səfərindən aldığı təəssüratları da daxil edilmişdir. Müəllif bu qəbildən olan “Ağ şəhərli qaralar” və “Eyfel qülləsi” şerlərində “O, baxmır heç nəyə, duyur hər şeyi”, “Bu ağ şəhərlərin qara dərdini çıxara bilmədim öz ürəyimdən”, “Varlıqdan şikayət, yoxluqdan giley” kimi təzadlardan istifadə etməklə Parisin ictimai-siyasi mənzərəsini düzgün əks etdirmişdir.
Məmməd Araz orijinal yaradıcılıq yolunda şerdən-şerə püxtələşən, kitabdan-kitaba kamilləşən, şöhrətlənən, coşqun, yorulmaz sənətkarlardandır. O, sözün əsil mənasında sözün fəhləsidir, zəhmət yolçusudur. Bunu şair özü də təzə kitabındakı bir şerində çox gözəl demişdir:
            Mənim poladımdır hər kiçik yazım,
            Fikrimdə əriyib döyülməlidir.
            Şair masası da Marten sobası,
            Şair əlləri də fəhlə əlidir.
Məmməd Araz hazırda ədəbi tənqidin diqqətini cəlb edən, sevilən istedadlı şairlərimizdəndir. Onun yaradıcılığı haqqında daha çox danışmağa dəyər.

1979



 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws