«ULDUZ»UN SORĞUSU
İki ildir ki, respublikamızın ictimai fikri Qarabağ və onun ətrafında mərkəzləşmişdir. Əsəblər tarıma çəkilmiş, elmi-ədəbi proses sanki donmuşdur. Necə bilirsiniz, bütün ziddiyyətləri ilə birlikdə bu, normal haldırmı?
- Birinci sualın cavabını elə birinci sualın axırıncı cümləsindən başlamaq istəyirəm: necə bilirəm, bu, normal haldırmı?
Əlbəttə, yox! Bu hadisə nəinki normal haldır, hətta az-çox ağlı kəsən, düşünüb-daşınan adam üçün qaranlıq məntiqdir: qəfildən çəpərin o üzündən açıq, təmiz havanı bulandırasan. Qonşunun ağlına gətirə bilmədiyi bir vəziyyətdə xəncər qapasan ki, gəl dalaşaq. Mən «Qonşu çəpəri» adlı şerimdə bu hadisələrdən bir neçə il əvvəl təbii məcradan çıxmaqda olan münasibətlərə cavab verməyə çalışmışam.
Qonşu yoldaş, qurdalanma o çəpər boyu,
Əsəbini, qəzəbini tökmə çəpərə.
Bizə sarı əyilməkdən çəpər quruyub
Pozma onun yatımını nahaqca yerə.
Bu, o zamanlar idi ki, bizə qarşı «qələm-sənət» təbliğatı yönəlmişdi. Şər qüvvələrin oyanışı təzəcə başlayırdı. Uca zirvədə dayanıb, erməni dilindən tərcümə elədiyim erməni yazıçılarının nə mövqe tutacaqlarını və ya tutduqlarını «görmək» istəyirdim. Bilmək istəyirdim ki, bu necə olan işdir? Min illərin haqq-salamını kəsməkdə bizim tərəf nə qədər, o biri tərəf nə qədər haqlıdır. Hər halda təəssüf, çox təəssüf!
- Həmin hadisələr bir daha göstərdi ki, ictimai həyatımızın müxtəlif sahələrində çoxlu kəsirlərimiz vardır. Ədəbi prosesin, ümumən, mədəniyyətimizin ən ağrılı nöqtələrini Siz necə müəyyənləşdirərdiniz?
- Zamandan qorxmaq lazımdır. Yazdığım kimi; bəzən olur ki, «zaman üzüdönüklərə zəmanət verir». Zamandan qorxmaq lazımdır və onun qəfil imtahanlarına ayıq, ağıllı, təmkinli cavablarımızı «həmişə hazır» saxlamalıyıq. Bunun üçün tariximiz aydın, sanballı ədəbiyyat yaratmalı, ədəbiyyatımız da tarixi yeri gələndə «farağat» və ya «irəli» vəziyyətinə salmağı bacarmalıdır.
- Bütün böyük sənətkarlar yaradıcılıq boyu ədəbi həqiqətləri qorumaq yolunda qələm çalmışlar. Sizi bir qələm əhli kimi şəxsi yaradıcılığınızda ən çox narahat edən həqiqət hansıdır?
- Məni ən çox narahat edən cəhət həyat həqiqəti ilə bədii həqiqətin bir-birindən çox uzaq qütblərdə dayanmasıdır.
Doğrudur, bunlar mütləq mənada heç vaxt bir-biri ilə düz mütənasib olmayacaq, olsa da hər ikisinin «vay halına». Ancaq müəyyən dövrdə bunların nisbi yaxınlığı da olur.
İndiki məqamda mənim zənnimcə, ədəbi həqiqət həyat həqiqətinin dalınca sürünür. Onu istənilən nöqtədən görmür və ya görə bilmir. Burada üçüncü bir şərt var: tarixi həqiqət! Bütün bu həqiqətlər, məncə, obyektivdir. Onu kəşf edən yazıçı ən böyük Kolumbdur. Açıq söz, doğru söz bu həqiqətlərin döşündən su içir. Açıq sözü, doğru sözü muzey eksponatı olmaqdan qorumaq əsl qələmin hünər işidir, qələm sahibinin vicdan işidir.
fevral, 1990