|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
XALQIN BİR MƏMMƏD ARAZI VAR

Tahir Talıblının şairlə müsahibəsi

Ömrümü-günümü, demək olar ki, xalqın, elin-elatın içərisində keçirmişəm. Elə toy, elə məclis görməmişəm ki, orada «Duman, salamat qal, dağ, salamat qal» sifariş edilməsin, mərdliklə, kövrəkliklə, birnəfəsə axıracan dinlənilməsin. Xalq arasında şairin məhəbbətlə sevilməsinin həmişə də şahidi olmuşam. Mənim Məmməd Arazlı düşüncələrim də həmişə gəlib «Duman, salamat qal, dağ, salamat qal»ın ulu türk təfəkküründəki sədaqət və etibar qütblərində cəmləşib.
Xalqımızın böyüklüyünə həmişə inanmışam. Tək ona görə yox ki, bu xalq zaman-zaman böyük oğullar, uca sənətkarlar yetişdirib. Bir də ona görə ki, lap dar ayaqda belə, yaxşını pisdən, böyüyü kiçikdən ayırd edə bilib. Məmməd Araz da beləcə ayrılıb-seçilib xalqın gözündə.
Şair gəlişimin əsas səbəbini, «Mərhəmət» jurnalının birinci nömrəsi üçün müsahibə götürmək istədiyimi biləndə açıq-açığına etiraz elədi:

- Axı, yaxşı düşmür, son vaxtlar bütün təzə nəşrlərə, qəzetlərə söz demişəm, uğur diləmişəm. Bu, haradasa mənim tərəfimdən elə bil ki, ənənələşir, - dedi.

- Xalqımızın bircə Məmməd Arazı var, Məmməd əmi, - dedim. Beləliklə, aşağıdakı söhbətimizə körpü qoyuldu.

- Məmməd əmi, jurnalımızı «Mərhəmət» adlandırdıq. Bu adın özü daxili bir ehtiyacdan əmələ gəldi. Mənə elə gəlir ki, biz bəzən qədərindən artıq mərhəmətli olmuşuq, bəzən də həddən artıq mərhəmətsiz.

- Sizi jurnalınızın nəşrə başlaması münasibətilə təbrik edirəm.  Yaxşı ad seçmisiniz. Özü də çox şey deyir. Mübarək olsun! Sözünüzün ikinci tərkibinə gəldikdə isə onu demək istəyirəm ki, biz bir xalq kimi bu gün düşmənə qarşı çox mərhəmətsiz olmalıyıq. O dediyiniz həddən artıq mərhəmətli olmağımızın altını çox çəkmişik. Hörmət-izzət qarşılıqlı olanda yaxşıdı. Adicə bir fakta fikir verin: «Qonaq otağı», «qonaq yorğan-döşəyi»g daha nələr-nələr, bizdən başqa hansı xalqın dilində belə bir söz var. Bütün bunlar xalqımızın böyüklüyündən, qədimliyindən xəbər gətirir. Ancaq bu yüksək insani keyfiyyətlər kənardan bəzən pis qarşılanır.
1976-cı ildə Bakıda keçirilən ədəbiyyat günlərini xatırlayıram, hər yerdə ruh yüksəkliyi ilə, qonaqpərvərliklə qarşılanan qonaqlarımız heyrətlərini (kinlərini də demək yerinə düşər) gizlətmirdilər. Bu qonaqlıqlara vəsait hardandır, görəsən? – deyirdilər. Kim bilmir ki, biz kef içində yaşamırıq. Qonaq-qara üçünsə hər şeyə hazır olmuşuq. Bu ürəkaçıqlığımız da ki, çox vaxt özümüzə qarşı pis fikir əmələ gətirib. Hər şey qədərində olmalıdır – bu bir; millət bir az da üzü boz olmalıdır – bu da iki.
Çox təəssüf ki, mərhəmətsiz də oluruq. Özümüz-özümüzə. İş-işdən keçəndən sonra mərhəmətli olmaq da bir şey deyil, hər kəsə mərhəmət vaxtında edilməlidir. Diqqətsizliyimizin ucbatından da çox şeyi itirməli oluruq. Diqqətlə mərhəmətin arasındakı məsafə çox yaxındır. Şəhidlərimizin ilini keçirdik. Vaxtında diqqətli və mərhəmətli olsaydıq, onları xilas edə bilərdik.
Rəhmətlik Səməd Vurğun sözün bütün mənalarında böyük adam idi. Çox mərhəmətli, diqqətcil idi. Yadımdadı, Əliağa Vahid deyirdi ki, bir misram Səmədi möhkəm tutdu,  həmin misra üçün iki min manat qonorar verdirdi.  O, qeyri-adi ürək yiyəsi idi. Onun özünün də mərhəmətə böyük ehtiyacı var idi, həmişə deyərdi: «Kiçik xalqın böyük şairi olunca, böyük xalqın kiçik şairi olasan» (söz yox ki, «kiçik» sözünü «asılı» mənasında işlədirdi). Böyüklərin dərdi də böyük olur.
Mirzə Cəlilin özü də mərhəmətsizliyin qurbanı oldu.

- Sizə əsərlərinizi yenidən yazmaq imkanı verilsəydi (söz yox ki, bu mümkün deyil), yaradıcılığınızda hansı mövzuları daha qabağa çəkərdiniz?

- Bizim çoxumuz şüar yazmışıq. Uzun müddət keçmişimizdən, klassik ədəbiyyatımızdan, klassiklərimizdən üz döndərmişik. Elə bilmişik ki, sosialist inqilabından sonra yeni ədəbiyyat yaratmağa başlamışıq. Hər şey bizdən başlanıb. Ancaq Sabirin həmişə yeni, müasir olduğunun fərqinə varmamışıq.
Özümə gəldikdə isə onu deyə bilərəm ki, bir çox şerlərimin üstündən xətt çəkərdim. Vətəndaşlıq mövzusuna daha çox müraciət edərdim, xalqın oyanışına xidmət edərdim. Gecikmələrin içində ən ağırı oyanışa gecikməkdir.
Ədəbiyyat  ilk addımda bədii zövqdü, sonra isə hər şeydi.

Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm.
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
 
Böyük Füzulinin bu misraları məni indi özünə çox çəkir, düşündürürg
Bir gün rəhmətlik Süleyman Rüstəmə: - Süleyman müəllim, siz böyük şairsiniz, «Təbrizim» kimi yüzlərlə şerin müəllifisiniz, bu şüaryazmalar nəyə gərəkdir? – dedim. - Abrımı aparırlar, ay Məmməd, evdə oturmağa da qoymurlar, - dedi.
Bəli, bu həqiqətlə də razılaşmalı olursan.

- Yarıyolda qalan, unudulan, ədəbiyyatdakı mənəvi ekologiyaya tab gətirməyən (əgər belə ekologiya mövcuddursa) və bu gün təəssüflə xatırladığınız imza olubmu?

- Elə bir imza xatırlamıram. Ancaq təəssüf edirəm ki, bu gün Əli Kərim sıramızda yoxdur. Tay-tuşları içərisində hamımızdan istedadlı idi. Az yaşadı. Qısa ömürdən yadigar qalan əsərləri böyük bir şair ömründən  xəbər verir. Qəribə ürəyi vardı. Onu bircə gün də olsa unuda bilmirəm. Dursun Məmmədov adlı bir alimimiz də vardı. O da tez  getdi.  Orijinal qələm sahibi idi.
Ədəbiyyatdakı mənəvi ekologiya məsələsinə gəldikdə isə deyə bilərəm ki, ifadə yerində deyil, ekologiya «əlaqə» deməkdir. Təbiətdə hər hansı bu və ya digər bir əlaqə qırılarsa, bu, ekologiyadır. Təbiətdə kəpənək varsa, bal var. Bal varsa, həyat var.

- Sizə də, Söhrab Tahirə də ədəbi ictimaiyyət «əmi» deyə müraciət edir. Bu nə ilə bağlıdır? Bunun bəlkə maraqlı bir tarixçəsi var – bu bir. İkincisi – bu ağır günlərimizdə xalqın «Məmməd əmisi» kimi özünüzü necə hiss edirsiniz? Dizləriniz qatlanmamağa necə tab gətirir?

- Bu «əmiliyin» elə bir tarixçəsi-zadı yoxdur. Cavanların həmişə qayğısını çəkməyə çalışmışam. İlk addımlarını izləmişəm, yeri gələndə əl tutmuşam, yaradıcılıqlarına «uğur olsun» demişəm, kitablarına ön söz, rəy yazmışam. Müxtəlif zəmanətlər imzalamışam. Bir sözlə, əmilik borcumu həmişə yerinə yetirməyə çalışmışam.
Xalqın üz-üzə gəldiyi çətinliklər, sınaqlar isə onun taleyində təzə bir şey deyil. Bizim xalq Babəkin, Nəsiminin, Sabirin taleyini yaşayıb. Bu ağır günlərin, hələ bundan qat-qat ağır günlərin öhdəsindən gəlməyə qadirdir xalqımız. Buna şübhə də ola bilməz. Ancaq xatırlatmalıyam ki, keçmişdə də səhvlərimiz çox olub, indi də. Bu gün o səhvləri təkrarlamamalı və iti gözlə görməliyik. Xalq kimin ardınca getdiyini bilməlidir.

Döyüş nə ağıdı, nə də meyxana,
Ağlayan qatlanar, qatlanan sınar.
Beş gün əlinizə düşən meydana
Kürnəş bağlayanlar yığışmasınlar.

Biz haqq mübarizəsindəyik, haqq isə ölməzdir. Bu fikir türk xalqının ayıq şairi Əlişir Nəvainin misralarında ifadəsini belə tapıb.

Mən ölməm ki, ta türki binyadidir,
Bu dil birlə ta nəzm bidadidir.

Yəni türk varsa, dili varsa, mən ölməzəm. Bu, çox  şey deməkdir.

- Məmməd əmi, indicə gənclərə qayğıdan söhbət elədiniz. Sizin özünüzə necə, gəncliyinizdə qayğı olubmu?

- Bəli, olub! Ə.Vəliyevin, S.Rüstəmin, O.Sarıvəllinin, B.Vahabzadənin, N.Xəzrinin diqqətini, mərhəmətini görmüşəm.

- Qəribə də olsa, Sizin yaradıcılığınız haqda indiyə qədər ədəbi tənqid əməlli-başlı bir söz deməyib. Bunu nə ilə izah edərdiniz? Bu işdə də şairlər fərqlənib. Əsl məhəbbətin ifadəsi kimi Sizə həsr olunan çoxlu  ithaflar da fikrimizi təsdiq edir.

- Əksinə, ədəbi tənqid haqqımda çox yazıb, çox şey deyib. Əslində bunları tərif payı kimi qəbul eləmişəm. Elə tərif də yazılıb. Mən isə təhlil gözləmişəm. Bu baxımdan sizlə razılaşmaq olar. Mən söznən oynayan, sözü oynadan şairəm. Sözdən hibrid yaratmağı xoşlayıram. Sözü-sözə calaq edirəm, sözü-söznən qaynaq edirəm.  Ədəbi tənqidə bu yönümlü təhlil arzulayıram.
Bir də oxucuya onu demək istəyirəm ki, çox çətin yazıram. Bədənimdə mənimlə ömürlük yaşayan bir ağrı var – yazmaq ağrısı. Yəni ağrıya-ağrıya yazmaq. Sonrakı söz isə oxucunundur.
Bəzən bir misra bütöv bir şerin yaranmasına səbəb olur. Mən şeri sistemli şəkildə yazmıram, yəni əvvəldən axıra doğru. Bəzən əvvəl sonu yazılır. Ümumiyyətlə, hissə-hissə yazıram, sonra isə yuxarıda dediyim kimi, calaq eləyirəm.
Bir də onu demək istəyirəm ki, poeziya sirdir. Heç kim də bu sirri açıqlaya bilməz. Mənə elə gəlir ki, şair ilahiyyatdan qeyri-müəyyən bir qüvvə ilə idarə edilir.  İthaflara gəldikdə isə şair dostlara, çox sağ olsunlar, - demək istəyirəm. İthafların hamısı mənə əzizdir, baxmayaraq ki, içərisində zəifləri də var. Hazırda yanımda bir qovluq çap olunmamış ithaf var.

- S.Vurğuna həsr elədiyiniz məşhur şerin altını çəkibsiniz, - deyirlər, - doğrudurmu?

- Bəli, doğrudur. O vaxtlar Səməd Vurğun təzəcə rəhmətə getmişdi. Müəyyən qüvvələr tərəfindən inkar edilirdi. Ancaq ədəbiyyata yeni xeyirxah qüvvələr gəlirdi. Sözsüz  ki, təzələnmə prosesi getməliydi.

Səndən sonra
Görüşlərin hərarəti sənsizləşib,
Kürsülərin cəsarəti sənsizləşib.
Ağsaqqallar səxavəti sənsizləşib!..

Bu «sənsizləşmə» nidası çoxlarına xoş gəlmədi. Müəyyən ittihamlar gördüm. Nə isə.

- Məmməd əmi, söhbətə görə çox sağ ol. Allah Sizdən Diqqət və Mərhəmətini əsirgəməsin.

                                                                1991
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws