«SƏNƏTDƏ SON MƏNZİL OLMUR»
Flora Xəlilzadənin şairlə müsahibəsi
Bu sözləri tez-tez eşidirik ki, bütün aləmdən bir ox kimi uçaraq öz dünyasına qapılıb Məmməd Araz. Sizin özünüzün bu deyimlərə münasibətiniz?
- «Özünə qapılmaq» sözünün mənfi çalarını heç cür qəbul edə bilmərəm. Əgər yazıçı öz yazı stolu arxasındadırsa, deməli, onun «dəyirmanı» işləyir və kifayət qədər «dəni» var və deməli, Koroğlu narahat olmaya bilər və o, başını aşağı salıb öz cari işləri ilə məşğul olmağa vaxt və imkan tapacaq. Yazıçı da bu sayaq. Onun özünə çəkilməsi tənəzzül deyil, axtarış meylini şərtləndirən bir prosesdir. Bir sözlə, özünə qapılmanı mən uçuşa hazırlıq məqamına bənzədirəm.
- Ağrılarımızın, acılarımızın, ən ağır dərdlərimizin mövzuya çevrilməsinə necə baxırsınız?
- Ağrılarımız, acılarımız çoxdur və ilk baxışda elə görünə bilər ki, sənət, xüsusən şerimiz susub. Hadisələrin önündə getmirsə, bəs nəyi gözləyir. Əslində belə deyil. İndi yazıçılarımız öz çıxışları, məqalə və publisistikaları ilə şerin və nəsrin də işini görürlər. Bu və digər hadisəyə münasibətdə kim tələssə, şübhəsiz, uduzacaq, kim tələsmirsə o da uduzacaq.
- Dünən hansı bir əmək adamınınsa şərəfinə bədii əsər yaranırdısa və bu gün də faciələrə düçar olunanların haqqında həmin ahənglə bədii əsər yazılırsa, yəni Bəsti Bağırovadan başlanan yol bu gün Salatında davam edirsə, icazə verilmiş qəhrəmanlıqlar, yaxud qəhrəmanlığı qəbul edilmiş adamlar barəsində əsərlər meydana çıxırsa, ədəbiyyatımız nə qazanır?
- Qəhrəman yaratmaq, ideal qəhrəman yaratmaq ədəbiyyatın, necə deyərlər, «iş norması»na daxildir. Ancaq uzun illərdən bəri işi-gücü o qədər də məlum olmayan məlum əmək qəhrəmanlarını sənətə gətirmək meylləri günlərin birində müəllifləri də yaman günə qoydu, sənətə gətirməyə layiq olmayan günün qəhrəmanlarını da. Bu qəbildən olan ədəbiyyatı inkar eləmək üstündə bir dəfə tənqidə məruz qaldığım da olub.
Zaman çox sərt ələyir, günlərin bir günüg
- Bir vaxtlar «Şahnaz» təsnifi müğənni Niyaməddin Musayevin ilham zirvəsi idi. İndi bu gözəl səsli müğənninin ikinci bir zirvəsi də görünür, o da sizin sözlərinizə oxuduğu mahnıdır.
- Doğrusu, mən Niyaməddin Musayevin (Niyaməddin - demək daha yaxşıdır) elə nəğməsini heç cür xatırlaya bilmirəm. Görünür, onun son vaxtlar oxuduğu mahnılara yazdığı musiqi və həm də öz ifası elə səviyyədə dinləyici qəlbini fəth edir ki, fikirləşirsən: daha bundan o tərəfə yol yoxdur və sizin dediyiniz mənada zirvədir. Ancaq sənətdə axtarışın son mənzili olmur. Bir şair demişkən: ən uzaq yerin də uzaq yeri var.
- Ustad, deyək ki, Sizin «Bir uçurumdan fırtınaya tor atdım» cürətinizə inanmışıq. Amma «Axır səni düzdə qoydu bu düzlük» etirafınız, haradasa geri çəkilməyiniz ümidimizi süstləşdirib. Bu misraların harayında, çırpıntısında bizi niyə belə öldürüb-dirildirsiniz?
- Sizə elə gəlir ki, «Axır səni düzdə qoydu bu düzlük» misrası «Bir uçurumdan fırtınaya tor atdım» misrasını inkar edir. Amma mənə elə gəlmir. Bu, sənətdir, bu, poeziyadır; bu da, necə deyərlər, dövrün, zamanın bir parçasını özündə gəzdirən insan ürəyidir, şair ürəyidir. Bu bir ürəyin müxtəlif əhval-ruhiyyə düşüncəsi, «içində dəyişkənliyinə» meyli də təbiidir.
- «Bağışlamaq ucalıqdı, bağışla məni» deyən şairimizin bağışlaya bilmədiyi anlar olubmu?
- Əgər müqabil tərəfdən bağışlanmaq istəyirsənsə, demək özün də bağışlamağı bacarmalısan. Mən özüm də eləg
- Bəzi qəzetlərin ab-havasından çıxış edərək Sizin Nazim Hikmətə münasibətinizi bilmək istərdim.
- Doğrudur, mən Nazim üslubunda yazmıram və bundan belə də yazmayacağam. Ancaq bu mənə Nazim Hikmətin böyüklüyünü danmağa haqq vermir. Bir oxucu kimi (hər bir sənət adamı həm də oxucudur) mən dramaturq Nazimi şair Nazimdən daha hündür görürəm. Bəlkə də düz görmürəm, ancaq belə görürəm.
- Həsrətini çəkdiyiniz, görmək istədiyiniz yer, yaxud da adam varmı?
- Var, əlbəttə varg
- Oxucularınıza nə arzulardınız və ən çox sevdiyiniz misra.
- Oxucularıma ən çətin məqamda belə özünü itirməmək əzmi, bir könül xoşluğu, bir də poeziya həvəsi.
Bir də ömrümüzə qayıtmaz bu gün,
Bir də yolumuza çıxmaz bu qatarg
fevral, 1992