Sadiq ELCANLI
“MƏNİ – ŞERİMDƏ GƏZ...”
Məni – şerimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa ona demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.
Onu gəzib tapmaq istəsən, “şer yorğunu” olmazsan, ayağına dəmir çarıq geyib, əlinə dəmir əsa alıb duyğusuz bənzətmələr yığnağında duyğu çürütməzsən, ütülü, qoca qafiyə dolaylarında avara qalmazsan. “Anadan-bacıdan” gizlətdiklərini sənə deyən bir ürək sirdaşı kimi, onu hər şerində taparsan. Və görərsən ki, iki Məmməd Araz var: biri yaşamağa tələsir, biri duymağa can atır. Ana – birinciyə tərəf çıxır, “oğul, dincəl – deyir, - oğul, yat! – deyir”. Lakin ikinci, bütöv bir tarixin, torpağın, bütöv bir xalqın, dünənin, bu günün və sabahın səsini eşidir. Beləcə, duymağa tələsən Məmməd Araz yaşamağa tələsən Məmməd Arazı sıxışdırır; “Bədbəxtdir az yazıb, çox yaşayanlar”. Geniş ölçüdə duymağa, dərk etməyə can atan, vətəninə, xalqına, insanlara, qarışqasından tutmuş okeanına qədər bütün dünyaya, ana yerə gərəkli olmaq istəyən şair – şəxsiyyət Məmməd Araz, adi bir insan kimi, məişət qayğısına dalmaq, yuxu “gərəksizliyinə” qapılmaq, ömrü bütün ənənəvi, adi instinktləri ilə yaşamaq istəyən M. Arazı inkar edir:
Yox, bir an zəhmətsiz vursa ürəyim,
Məni diri-diri tapşır məzara.
Yuxuda mən kimə, nəyə gərəyəm,
Orda gərək ollam qarışqalara.
(“Oyat məni”).
Beləliklə, M. Araz hər şerində görünən, buna görə də “tərcümeyi halım məsləkimdir” – deməyə haqqı olan şairdir. Şairliyi ilə mənliyi pozulmaz vəhdətdədir və bu ciddi vəhdəti nəzərə almadan onun özünəməxsus poeziyasını obyektiv şəkildə qiymətləndirmək mümkün deyil. M. Araz müasir poeziyanın elə nümayəndələrindəndir ki, sözlərinə, dediklərinə inanırıq, sevincinin dərinliyinə, kədərinin bütövlüyünə, ruhunun yüksək optimizminə qibtə edirik, şerlərinin ahənginə qoşulub axırıq.
Azərbaycan – mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Bu, hərcayi gurultu, qondarma pafos deyil, duyğularımızı, hisslərimizi tərpədən, dəbərdən bir tərənnümdür. Həyat hadisələrinə, ictimai varlığa, bütün dünyaya nikbin münasibət bu tərənnümün özəyidir. Şair, azad dünyanı, ana yurdun sevincini, fərəhini ilhamla tərənnüm edir. Həmişə onun şerlərinin başında hünərli və məğrur azərbaycanlı papağı var. Milli kolorit, milli özünütəsdiq ehtirası, xalqın vahid birliyinə, bütöv milli müəyyənliyinə qovuşmaq arzusu beynəlmiləlçilik ideyaları ilə üzvü vəhdətdə çıxış edir. Milli ilə beynəlmiləlin qanunauyğun vəhdəti, bir-birini tamamlayıcı təması şerlərin ruhuna, psixologiyasına hopur, gümrah, işıqlı, isti əhvali-ruhiyyəyə əsas verir. O yerdə ki, şair bu vəhdətin pozulmasını – ötən İran şahlığının vəhşi əsarətini, amansız Nobel soyğunçuluğunu (“Nobel mükafatı”) Dədə Qorqud və Füzulini yetirən ağsaçlı bir xalqın təhqir edildiyini görür, dərk edir, o zaman əzəmətli bir ağrının, müqəddəs bir kədərin üsyankarlığı başlanır. O zaman kədərini, dərdini ayağı altına qoyan bir şairin dünyaya bir ittihamı eşidilir.
Qələm gəldi əlimə
Araz gəlir dilimə.
O mənim mürəkkəbim,
Mən onun qələmiyəm.
O mənim telli sazım,
Mən onun Dilqəmiyəm.
Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O tarixdir, baxıram:
Ağlayır da, gülür də.
“Avesta”nın külündən
Bulanıqdır hələ də...
(“Mən Araz şairiyəm”)
M. Araz arzu və ümidlərinə qovuşmuş və qovuşacaq bir xalqın – ikiyə parçalanmış, iki tale yaşayan bir xalqın şairidir. Xalq həyatının müşahidəçisi deyil, iştirakçısıdır. Onun poetik dünyasında yeri-yurdu, məqsədi-qayəsi bəlli bir kədər vurnuxur.
“Oxucuya məktub” kitabına daxil olan şerlər öz yazılma tarixlərinə görə M. Arazın bütün yaradıcılığını qismən əhatə edir. Buna görə də seçilmiş şerlər səviyyəsində tərtib olunan bu kitab, şairin daim inkişafda olan yaradıcılığı, spesifik yazı manerası, poetik nəfəsi, ruhu haqqında danışmağa geniş imkan verir.
M. Arazın şerlərində nəğmə ahəngdarlığı, ritmik assosiasiya, özünəxas danışıq, təhkiyə tərzi və lirik-fəlsəfi ümumiləşdirmələr əsas bədii keyfiyyətlər kimi özünü göstərir. Lakin ritmik deyim tərzinin, ahəngdarlığın aparıcı poetik məziyyət kimi çıxış etməsi, bəzən hətta, qafiyəli sillabik şer qaydalarının bu məziyyətə boyun əyməsi, onun tələbiylə, arzusuyla pozulması göz qabağındadır. “Altı qızın biri Pəri”, “Nazimə Türkiyə sovqatı”, “Qaraçı” və başqa bu kimi şerlərdə ritmik deyimin, assosiativ ahəngdarlığın “hegemonluğu” göz önündədir. Və bütün bu bədii keyfiyyətləri forma-poetika yeniliklərini obyektiv şəkildə dərk etmək üçün şairin yaradıcılıq yolunu izləmək lazım gəlir.
Məsələn, 60-cı illərin ikinci yarısı və 70-çi illərdə yazılan əksər şerlərin forma-poetika baxımından analizi şairin yaradıcılığında hecanın nisbətən azalması, sərbəst şerə müəyyən üstünlük verilməsi fikrinə gətirir. Hətta bu illərdə yazılmış əksər heca vəznli, sillabik şerlərdə də ( məs: “Qaraçı” – 1972, “Mənli də mənsiz də bu dünya vardı” – 1973, “Salamat qal” -1976) qafiyə, təqti ahəngdarlığının ikinci plana keçdiyini, daxili sərbəst tonun, təbii ritmik assosiasiyanın aparıcı rol oynadığını görmək mümkündür. Məsələn, M. Arazın 50-ci illər hecası ilə 70-ci illər hecasının bu incə fərqini “Unuda bilmirəm” (1956) və “Salamat qal” (1976) şerlərindən gətirdiyimiz nümunələrdə aşkar müşahidə edirik:
Terek sularını seyrə dalaraq,
Öz ilk sevgilimi anıram yenə.
Bu yaşıl sahildə neçə il qabaq
Yandığım kimi mən yanıram yenə.
(“Unuda bilmirəm”)
Ey dəvə yal, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən.
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal,
Salamat!
(“Salamat qal”)
Göründüyü kimi, birinci misalda heca vəzninin bütün yazı texnikası gözlənilmiş, şer qəlibi, demək olar ki, ənənəvi şəkildə mühafizə edilmişdir. Ikinci misalda isə sərbəst ahəng, psixoloji halın təbii ritmik ifadəsi üstünlük təşkil edir. On bir hecalı misraların rəvan axını, sanki ayrılıq dəmini uzatmağa can atan tənbəlliyi dörd və üç hecalı deyimlərin cəldliyinə, şairin yol üstündə olmaqlıq, tələsməklik duyğusuna qarşı durmuşdur. Beləliklə, ikinci misal, şairin mənəvi vəziyyətinə, onun duyğu və düşüncələrinə daha yaxındır, doğmadır, şair burada özünə daha çox yaxınlaşmışdır.
M. Araz 60-cı illərin ikinci yarısından etibarən ardıcıl şəkildə öz lirik “mən”inə, öz təbii-poetik yaşıntılarına yaxınlaşdı. O, şerdə eksperiment qoymaq, reforma etmək yolu ilə yox, sadəcə olaraq, özünə yaxınlaşmaq yolu ilə getdi.
Beləliklə, şair “Elena” (1966), “Duman ömrü”, “Məndən ötdü, qardaşıma dəydi” (1967), “Həkim çay”, “İşıq”, “Anlarım” (1968), “Gecə nağılı” (1969),”Altı qızın biri Pəri”, “Viktor Hüqo qitəsi” (1970), “Bir gün idi”, “Nazimə Türkiyə sovqatı” (1971), “Qaraçı” (1972), “Xarici dil müəllimi”, “Mənli də, mənsiz də bu dünya vardı” (1973) və s. şerlərini yaratdı. Lakin təkrar edirik, bunlar nə ritmik-assosiativ şerlər, nə sırf “intellektual” şerlər kimi yarandı. Bunları hər şeydən əvvəl Məmməd Araz yaradıcılığının daxili təkamülü, ciddi özünəyaxınlaşma yolu doğurdu. Bu, elə bir təkamül yolu idi ki, poetik dərketmə, nəğmə ahəngdarlığı, ritmik deyim, elastik düşüncə tərzi kimi bədii keyfiyyətlərə gətirib çıxartdı. Bu bədii keyfiyyətlərin bir-birilə bağlılığı, daxili vəhdəti və yaradıcılıq manerasının xarakterik mənzərəsi kimi çıxış etməsi isə öz növbəsində, şairin pilləli ifadə modeli qurmasını, poetik fikrin ritmik-pilləli açılışını şərtləndirmişdir. Istər “Oxucuya məktub” kitabına daxil edilmiş əksər şerlərdən, istərsə də mətbuat səhifələrində rast gəldiyimiz təzə şerlərindən çıxış edərək, demək olar ki, artıq həmin cəhət M. Araz yaradıcılığında geniş bədii həquqətə qovuşub:
Deyirlər
Oşanin Türkiyə torpağı gətirib,
Nazimin
qəbrinə səpibdi.
Nazimin qəbri də
Nazimin qəlbinə səpibdi.
O torpaq, içində görünməz
Bir ana dodağı gətirib –
Nazimin qəbrini öpübdü.
Nazimin qəbri də
Nazimin qəlbini öpübdü...
(“Nazimə Türkiyə sovqatı”).
M. Araz poetik dərketmədə oxucuyla birgə addımlamır, ondan xeyli qabaqda gedir. Şair, bizi əhatə edən adi aləmin içərisindəki qeyri-adiliyi, bizə məlum olmayan poetik assosiasiyaları üzə çıxarır. O, adi bir hadisədən, məsələn, qoca bir dənizçinin təqaüdə çıxmasından qeyri-adi bir nağıl yanğısıyla söhbət açır.
M. Araz adi bir hadisədən bədii priyom kimi istifadə edərək, oxucu qəlbində, onun duyğu dolaylarında bir qocanın qurtaran ömrünün ahəngini, ritmini səsləndirir. Oxucu bu səslənməni bütün dəhşəti ilə eşidir. Oxucunun qəlbində illərin ömrünü anlarda yaşamaq, həm də gərəkliyini dərk edib yaşamaq istəyi, ehtiyacı baş qaldırır. Oxucu ruhən, mənən təmizlənir, böyük işlərə, əməllərə doğru istiqamətlənir, yaşamağa və duymağa tələsir...
M. Arazın şerlərinə məxsus nəğmə ahəngdarlığı, fikrin, mətləbin ritmik deyim tərzi, canlı xalq dilinə əsaslanan əlastik düşüncə, söz duyğusu, spesifik obrazlılıq belə bir bədii gücə, imkana malikdir.
Poetik müraciətin obyekti şəxsləndirilir, canlı insan kimi duyğulu-dərrakəli olmağa çağrılır və bütün bu proseslərdə şair səmimiyyətinə inanırsan. Inanırsan ki, şair öz saçına da belə sidq-ürəkdən yalvara bilər:
“...Hələ gəncəm, sən vicdanın,
Ağarma, saçım, ağarma!”.
(“Ağarma, saçım, ağarma”)
İnanırsan ki:
“Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı”.
(“İnsan qayalar”)
İnanırsan ki:
“Bir gün idi...
ikimizin qoluna girib,
İkiliyin birliyini
alqışlayan gün...
Bir gün idi...
Hər addımda min gül bitirib,
Gül gülüşlü sevənlərə bağışlayan gün.”
(“Bir gün idi...”)
Baharı – bir yaşıl körpəni doğacaq qış yatışının M. Araz səciyyəsi necə də orijinaldır:
“Hamilə qadıntək yuxusu möhkəm,
Qucağı doludur dərələrin də”
(“Dağlara qar düşdü”)
Ana itkisinin yanğı, göynəm dərəcəsini yaşın sərhəddi ilə ölçənlərə qarşı M. Araz etirazı necə də tutarlıdır:
“Ana itirmişəm ana yaşında...”
(“Ana yaşı”)
Dilimizin “sənin”, “mənim”, “haralısan” qabarına, məsəlimizin “Məndən ötdü, qardaşıma dəydi” sevincinə qarşı M. Araz hiddəti necə də kəsərlidir:
“Adınızı dastanlardan oğrayaram
Ruhunuzu qıyma-qıyma doğrayaram,
Qara Çoban,
Dəli Domrul,
Ey xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!”.
(“Məndən ötdü, qardaşıma dəydi”).
Məmməd Araz o şairlərdəndir ki, onun hər yeni şerini oxucu intizarla gözləyir. Və nə yaxşı ki, şair özü də bunu bilir. Məmməd Araz susanda da onun öz oxucusu ilə danışdığını zənn eləyirsən – şairin ən böyük xoşbəxtliyi də elə burasındadır.
1979