«ZAMANIN QULAQLARI AĞIR EŞİDİR»
Zöhrab Əmirxanlının şairlə müsahibəsiMəmməd Araz taleyin qarğışına tuş gələn bəndələrdəndir. Ağır xəstəlik bu böyük söz sərkərdəsini yumağa döndərib. Əlləri sözünə baxmır. Bir Allah bilir ki, beynindən süzülüb gələn dupduru misraları kağıza köçürənəcən o, hansı əzabları, zülmləri yaşayır. Ürəyində çəkdiklərini sözə çevirməkdə dili acizlik göstərir.
Ancaq şair toxtaqdır, gümrahdır. Nə qədər çətin olsa da «iki daşın arasında» düzüb qoşduğum suallara öz əli ilə cavab yazacağını bildirdi. Qıymasam da razılaşmaqdan başqa çarəm qalmadı. Üç gündən sonra özü zəng çaldı: «Cavablar hazırdır».
Sonda köklü-köməcli minillik palıdı xatırladan Azərbaycan poeziyasının budağı Məmməd Araza Tanrıdan can sağlığı diləyirik.
- Ustad, bu gün regionçuluq «gənəsi» millətin qanını sorur, yerliçilik «güvəsi» onu yüz yerə parçalayır. Çox ağırdır ki, belə məqamda sayılan, sözü keçən ziyalıların böyük əksəriyyəti, o cümlədən Siz də susursunuzg
- Regionçuluq məsələsi gərək müsahibəmizin birinci sualı olmayaydı. Çünki adamlar var ki, iş görmək, qoldan yapışmaq əvəzinə «0»-ı (sıfırı) yumurtadan böyük göstərməklə məşğuldur. Çox pis haldır ki, filan idarə və müəssisə rəhbəri, filan nazir və s. kadr seçmək işinə mövqedən yanaşır, «böyük» olan adamları yuxarı başa keçirir. Ancaq mən belə ürək sahibi olan azərbaycanlının, azərbaycanlı rəhbər işçinin varlığına inanmıram. Bu da var ki, «mənim regionumdan» olan istedadlı adamı qoyub, «qeyri-regiondan» iş görə bilməzi işə götürmək də eyni dərəcədə pisdir. Ümumiyyətlə, mən bunları nəinki bu məqamın, bu günün, indinin, heç sabahın da söhbəti hesab eləmirəm.
Bacarırsan, silah götür, millətin qabağına düş!
Şair-yazıçının vəzifəsi isə hadisə və ya predmetin hər ucunu düzgün göstərməyə çalışmaqdır. Qışqırmaq, hay salmaq onun vəzifəsinə daxil deyil.
- Yaxınlarda bir şerinizi oxudum – «Bu millətin dərdi-səri min şaxəli» deyirsiniz. Amma o şaxələrin necə kəsilməsi, budanması barədə fikriniz qaranlıq qalır.
- Təxminən birinci sualı təkrar edirsiniz: mən «Bu millətin dərdi-səri» şerində «Baş gödəndən aşağıda olan yerdə – Bu millətin dərdi-səri min şaxəli» deyirəmsə, sətiraltı məna, məncə, aydındır. Siz isə sənətin vəzifəsinə aid olmayan həkim məsləhəti və ya cərrahlıq tələb edirsiniz. Sənətin təsir qüvvəsi çox gözəgörünməz və mürəkkəb olur.
- Vaxtilə «Məndən ötdü, qardaşıma dəydi» psixologiyası ilə yaşamanın fəsadları barədə göynəyə-göynəyə danışmısınız. Əfsus ki, indi bu psixologiya bir az da qol-budaq atıb, az qala iliklərə işləyib. Görəsən, niyə?
- Həmin fəsadlar barədə əvvəllər də yazmışam, indi də yazıram. Burada iki qütb var: ya sözün təsir qüvvəsi zəifləyib, sözün əhatə dairəsi azalıb, ya da zamanın qulaqları ağır eşidir:
- Siz son illərin qovğalarında, bütün hakimiyyət dəyişmələri dövründə özgünlüyünü, bütövlüyünü qoruyub saxlamış üç-beş sənət adamından birisiniz. Bunu bacarmağın da bir sirri-sehri varmı?
- Sənətkar da insandır, insana məxsus büdrəmələr, səhvlər, uğurlu-uğursuz addımlar ona da xasdır. Bir qədər az və ya bir qədər çox. Sənətin elə yazılmamış təlimatları var ki, onların çoxu əsrin, zamanın havasına hopur. Onu oxuya bilən, eşidə bilən və ya «görə bilən» məhz qələm sahibidir, söz sahibidir. Əks halda «çırmanırıq keçməyə çay gəlməmiş»g
- Sizə elə gəlmirmi ki, həmişə mübarizliyi ilə, ötkəmliyi ilə öyündüyümüz Azərbaycan poeziyası indi «quraqlıq dövrü» keçirir?
- Mən belə deməzdim. Mən deməzdim ki, «həmişə mübarizliyi ilə öyündüyümüz Azərbaycan poeziyası quraqlıq dövrü keçirir». İndi ola bilsin o «quraqlığı», o «nəmişliyi» görmə, duyma münasibəti başqadır. Uzun müddət hay-küyə, qışqırtıya öyrənmiş qulaqlarımız indi sakit, təmkinli, səmimi poeziyanı yaxşı duya bilmir. Bir də «quraq» və ya «nəmişli» poeziya deyimi sizin və ya mənim sözümdür. Bu sahədə əsaslı bir sorğu keçirilibmi? Yox, məncə!
- Bəlkə də yaralı yerinizə toxunuram, bağışlayın, amma şerlərinizin birində oğulsuzluqdan giley var: «Oğlun yoxdu, sonun yoxdu, dedilər».
- Bu da taleyin hökmü idi. Necə yazılmışdı, elə də oldu. Artıq bu hökm ilə çoxdan barışmışam. Daha soyumuş küldə köz axtarmağın mənası yoxdur.
- Həm də belə misranız var: «Sel boğan dərələri bir mərd qadınla keçdim».
- Bəli, mənim «Haqqın yoxdu, haqqın var» şerimdə belə bir misra var.
Keçdim, bəli, keçdimg
- Bu gün Azərbaycanda ən çox oxunan şairlərdən biri, bəlkə də birincisi Məmməd Arazdır. Rütbə, ad-san sarıdan da hər üzünə yarımısınız. Maraqlıdır, şöhrət, ad-san Sizin üçün nədir?
- Mən özüm haqqında «Ən çox oxunan şairlərdən biriyəm» deyə bilmərəm. Bu süni təvazökarlıq deyil. Əks halda, mən birinci növbədə özümə qarşı hörmətsiz olaram. Azərbaycan poeziyası elə zəngin, elə dərin poeziyadır ki, burada yüzüncü yerə çıxmaq üçün belə azı min il yol getmək lazım gələrdi.
Yenə də məni çətin sorğuya çəkirsinizg Deyirsiniz ki, «rütbə, ad-san sarıdan hər üzünə yarımısınız». Axı yarımaq nəyə deyirsiniz? Xalqı yarımayan, xalqı qaçqın düşən bir şair necə yarıyar? Başa düşə bilmirəm. Səmimiyyətimə inansanız, deyərdim: bilirsinizmi, mənim üçün ad-san, şöhrət nədir? – bir neçə anlığa eşitdiyim xoş xəbərg Sonra da eşidilməz olan səda, –daha heç nə!
- Şerlərinizin ifaçıları arasında Mikayıl Mirzənin əvəzi yoxdurg
- Son illər mən öz şerlərimi oxumuram, oxuya bilmirəm. Cavanlığımda necə oxumuşam, bunların da izi çox az qalıb. Mikayıl Mirzənin ifasında Məmməd Arazı dinləyəndə elə bil ki, həm özümü eşidirəm, həm də görkəmli bir söz adamını. Mən şerlərimi pis oxuyanı heç cürə dinləyə bilmirəm. Mikayıl şer oxuyanda mənə elə gəlir ki, hardasa «söz sərkərdəsi» rütbəsi təsis edilib. Və mən də onu çox böyük məmnuniyyətlə Mikayıl Mirzəyə təqdim edirəm.
- Sizdə çalpaşıq, oxucuya çatmayan söz, misra yoxdur. Bununla belə:
Qopdu bir səs, qopdu bir tağ qalmadan,
Göyərçinlər perikdi dağ qalamdan-
Eşqi qalan bu üçbucaq qalamdan-
Əlində cam, dilində şam, çıxıb get -
bəndinizi heç cür «xırdalaya» bilmirəm. Bəlkə özünüz kömək edəsiz?
- Onlarca oxucunu, ədəbiyyatçını, elə sizi də adi bir korrektura səhvi çaşdırır. Axı şerdə hər sözün, deyimin məntiqi var. Məntiq isə budur ki, şeri düz oxumaq lazımdır.
Bənd belə oxunmalıdır:
Qopdu bir səs, qopdu bir tağ qalamdan,
Göyərçinlər perikdi dağ qalamdan.
Eşqin qalan bu üçbucaq qalamdan-
Əlində cam, dilində şam, çıxıb get.
«Üçbucaq qala» ürək nəzərdə tutulur. Obrazlı dildə belə demək mümkündür: Bu ürək qalamdan çıxıb getmək istəsən, əlində mey badəsi, dilində şam tuta bilərsən – axı dil şamdana bənzəyir. Ürəyim səni belə nəşə ilə, belə işıqla yola salır. Əslində burada uzu-uzadı şərhə ehtiyac yoxdurg
1 iyul, 1994