«BÜTÜN MƏQAMLARDA İNSANLARI AZAD GÖRMƏK İSTƏRDİM!»
Fərail Kazımovun şairlə müsahibəsi- Necəsiniz, Məmməd müəllim, səhhətiniz necədir?
- «Mövzularım tükəndi» adlı bir şerim var; çoxdan yazmışam. Bir bəndində belə deyilir:
Mövzularım tükənəndə darıxır masam,
Onun dərdi yüz haçalı, onun dərdi min;
Bu dəmlərdə heç nəyə də əlim çatmasa
Qaysağını qopardıram Araz dərdiming
Əgər mövzularım tükənməyibsə, səhhətim dünya deyil, ölkə deyil, bir əyalət normalarına cavab verirsə, demək, sizin bir sözdən ibarət «necəsiniz» sualına bir sözlə cavab verirəm: «Yaxşıyam! Hətta əlavə edə bilərəm: Əladan yaxşıyam, yaxşıdan əla!
- Yeni əsərlər üzərində işləyirsinizmi? Son şerinizi nə vaxt yazmısınız?
- İndi öz ömrünü yaşaya bilməmiş, yarımçıq qalmış yazılarımı qaydaya salmaqla daha çox məşğul oluram.
- Bir çox ziyalılarımız maddi çətinliklərdən gileylənirlər. Sizin dolanışığınız necədir?
- Bu «dolanışıq» dediyiniz hallar, ciddi çətinliklər həyatımızda çox olub, indi də var. Bunlar əslən obyektiv reallıqla, dövrün, zamanın gedişatı ilə, siyasi-ictimai iqlimlə bağlıdır. Burada yeganə çıxış yolu xalqın əl-ələ verib işləməsindədir. Bizim xalq heç vaxt «qarın davası» eləməyib, sabaha, bütün sabahlara ümidlə baxıb.
- Şerlərinizi oxuyarkən adama elə gəlir ki, Siz başqa «şairlərin» də günahını yumaq üçün mənəvi çarmıxa çəkilən bir əzabkeşsiniz. Bu cəhətdən poeziyamızda öz ardıcılınızı görürsünüzmü?
- Poeziya yolu çətin yoldur, ağır yoldur, əzablı yoldur. Bu əzabı ən böyük həzz kimi şərəflə daşıyan şair (söhbət şairdən gedir) qəflətən dönüb baxanda görsə ki, dalınca gələn yoxdur, bu, dəhşətlidir, bu, əsl çarmıxa çəkilməkdir.
- Demək olar ki, əksər şairlər müəyyən dövrdə dramaturgiyaya üz tutur. Siz bu cəhətdən istisnasız. Bu nədən irəli gəlir?
- Məsələni belə qoymaq düz deyil: «Əksər şairlər müəyyən dövrdə dramaturgiyaya üz tuturlar». Bunu qəbahət sanırsınız, mən istisnayam. Hər bir şairin – sənətkarın istədiyi janrda yazmağa ixtiyarı var. Bu, niyə üz tutmaq olsun? Mən sadəcə olaraq bu yolu seçməmişəm. Bəlkə də seçə bilməmişəm. Çətin gəlib. Ən düzü də odur, müəyyən müddət də olsa poeziyadan ayrılmaq istəməmişəm.
- Məşhur «Azərbaycan – dünyam mənim» şerini yenidən yazsaydınız, nələrisə poetik redaktə etmək istərdinizmi?
- «Azərbaycan – dünyam mənim» şerini yenidən işləmək istərdim. Çox yazını təzədən işləmək olar, yazı sənindir, sahibi sənsən. Bir o var ki, hər bir yazının, əsərin üzərində zamanın, dövrün möhürü olur. Odur ki, qoy «Azərbaycan – dünyam mənim» şeri də yazıldığı kimi qalsın.
- Ən çox hansı bəstəkarlarla işləməyi xoşlayırsınız? Niyaməddin Musayevin Sizin sözlərinizə bəstələdiyi məşhur mahnıya münasibətiniz?
- Ramiz Mirişli ilə çox mahnı yazmışıq. Niyaməddinlə yazdığımız «Dünya sənin, dünya mənimg» adlı mahnı, qeyri-təvazökarlıq da olsa, deyim ki, dünyamızın uğurudur.
- Etiraf etmək istədiyiniz elə bir günahınız, səhviniz varmı?
- Səhvim də çox olub, günahım da. Bunları şerlərimdə gizlətmişəm. Mənim etiraf şerlərim çoxdur. Mənim səhv və günahımı məndən yaxşı bilən yoxdur.
- Ən böyük arzunuz.
- Bütün məqamlarda insanları azad görmək istərdim.
- Gəncliyin gətirdiyi gözəllik, istedad hesabına qazanılan şöhrət və yaşın verdiyi müdriklik: hansını seçərdiniz?
- Burada nə sizin birbaşa manevrsiz sualınız, nə də mənim dolayı yolla cavabım heç nəyi həll etmir. Səmimi desəm, hər üçünü istərdim.
- Yazıçılar Birliyinin son qurultayı məlum səbəblərə görə az qala bir ildir ki, ləngiyir. Siz kimin Birliyə sədr olmasını istərdiniz?
- Doğrusu, mən bilmirəm «məlum səbəb» nəyə deyirsiniz. Yəqin ki, bu, sadəcə olaraq Yazıçılar Birliyinin hazırlığı ilə bağlıdır. İndiki vəziyyətdə Yazıçılar Birliyinin sədri Anarın yenidən seçilməsini istərdim. Bu, əlbəttə, məndən asılı deyil, mən öz səsimin sahibiyəm.
- Axirətə inanırsınızmı və axirət Sizi qorxutmur ki?
- Axirət deyilən varlığın olduğuna qətiyyən inanmıram.
- Əgər Sizi Azərbaycan Respublikasına prezident təyin etsəydilər, ən əvvəl hansı tədbiri həyata keçirərdiniz?
- Əvvələn, onu deyim ki, prezident təyin olunmur, xalq tərəfindən seçilir, təyin olunmuş prezidentlərin taleyini gördük. Mən sonrası belələrinə deyərdim: Göyə pilləkən qoymaq xülyasına düşməyin.
1 sentyabr, 1997