|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ADİLİKDƏ TƏZƏLİK

Davud Nəsibin şairlə müsahibəsi

Yubileydən yubileyə, ad günlərində sənət adamlarımızı yad eləmək, onlar haqqında məqalələr yazmaq, televiziya verilişlərinin, müxtəlif materialların təşkili elə bil ki, bir adətə, ənənəyə çevrilib. Əlbəttə, belə bir xeyirxah işin əleyhinə deyiləm. Lakin bir həqiqət də var ki, onu inkar etmək olmaz. Xalqın elə sənətkarları var ki, onlar  haqqında hər vaxt danışmaq, söhbət açmaq, əsərlərini varaqlayıb götür-qoy eləmək lazım və vacibdir. Ona görə vacibdir ki, xalqın qəlbinə gözəl əsərlərlə daxil olmuş belə sənətkarların yazdıqları haqqında danışanda istər-istəməz onlara hər dəfə yeni baxışla, yeni nəzərlə yanaşıb yeniləşir, təzələnirsən, indiyədək görmədiyin ifadə tərzinin yeni formasını görürsən. Bu xoşbəxtlik hər sənətkara qismət olmur.
Azərbaycanın xalq şairi Məmməd Araz da belələrindəndir, desək, yanılmarıq. Qəribədir ki, sənətkarın ilk əsərləri ilə ömrünün sonrakı dövr yaradıcılığını müqayisə edəndə çox vaxt görürsən ki, hər iki dövr arasında yerlə göy arası qədər fərq açıq-aşkar özünü büruzə verir.
Mənə elə gəlir ki, indiki Məmməd Arazla keçmiş M. İbrahim arasında nəinki uçurum, hətta cüzi bir fərq də yoxdur.  Məmməd əmi (mən həmişə «əmi» deyə müraciət etmişəm), necə deyərlər, sənətə hansı «templə» gəlmişdisə (belə demək mümkünsə), başladığı kimi də davam etdirir. Mən Məmməd əminin yaradıcılığında hər hansı bir dəyişiklik, başqa bir yol görmürəm. Onun hər şeydən əvvəl poetik sirrinin gücü, böyüklüyü bu sirrin adiliyində, gözəgörümlüyündədir, bəsitlikdən kənar anlaşıqlığındadır.
Bəs bu adilik, sadəlik oxucunu nə üçün düşündürür, gündə eyni vaxtda səslənən saat zəngi kimi oxucunun beynində cingiltiyə, dəyirman çax-çaxının tıqqıltısına bənzəmir. Hər şeydən əvvəl onu demək lazımdır ki, eyni formada, vəzndə dillənən deyimlərin yeni formasını onun deyim tərzinin yeniliyində görmək lazımdır. Yəni onun şerinin formasını ölçüsündə, biçimində deyil, ifadənin sanbalında, tutumunda, yeri gələndə sözün oynaqlığında və yeri gələndə isə ağırlığında, çəkisində axtarmaq lazım gəlir.
Hər şey təbiətdən yarandığı kimi, şerin də təbiiliyi ondan doğur, yox, əvvəl-əvvəl cücərir, beynində yazın gəlişi kimi, sonra yetişir payız bəhrələri kimi. Məmməd əminin yaradıcılığından danışarkən təbiəti təsadüfi yada salmadım. Təbiətin ilki, əzəli bizə adi görünən torpaqdır. İnsan övladı həyatda qazandığı nə varsa, ancaq ona borcludur. Biz harınlaşanda çox vaxt bu
borcu unuduruq, yaddan çıxarırıq, böyüklüyü hərə bir cür axtarır özündə. Onda insan yerişini, duruşunu itirir. Beləcə, get-gedə özünü də itirir. Gündə neçə yol asfalt üstündə qabar olan ayaqlarımız fikrimizi də qabarlaşdırır. Dikəlib qalxan ağac, kənd-kəsək, el-oba, çiçək ətirli, nəfəsli misralar yayın cırhacırında  nəfəsimiz təntiyəndə bir udum bulaq suyu kimi məlhəmə çevrilir.
Bu bir udum su bizi elə bil ki, div yuxusundan ayıldır. Budur, Məmməd əminin sadəlikdə böyüklüyü. Özü övlad sahibi olsa da, «ana itirəndə ana yaşında» uşaqlaşır, ilkinləşir. Budur, böyüyün uşaqlığı, uşağın böyüklüyü.
Beynimdə bu fikirlə qonağı oldum. Onunla dərdləşmək mənə çətin olsa da, göz-gözə dirənəndə bir-birimizi oxuya bildik. Moskvanın qarlı qışında iki gün bir yerdə keçirdiyimiz vaxt bir də təkrar olunaydı. Olundu, xəyalımızda, xatiratımızda. Bəlkə də o günlərin şirinliyini indiki kimi duymamışıq. İnsanın bu gününü yaşaya-yaşaya geriyə qayıtmağı varsa, ötən ömrün keçib getdiyinə təəssüflənmir.
Öz-özümə fikirləşirdim ki, əmiyə hansı sualı verim ki, haqqında oxucular üçün indiyə kimi qaranlıq qalan bir şeyi aydınlaşdırım. Onunla neçə illər bir redaksiyada – «Ədəbiyyat və incəsənət» (o vaxt belə adlanırdı) qəzetində bir yerdə işləmişik. Onun bir jurnalist kimi qələmindən çıxan publisist yazılarını poetik nümunələri ilə həmişə özlüyümdə müqayisə etmişəm. Heç birinə üstünlük verə bilməmişəm. İlk sorğum elə bu barədə oldu.

- Mənə elə gəlir ki, özünüzün fikrini bilmək oxucular üçün də maraqlı olardı. Axı çoxları Sizi ancaq şair kimi tanıyırlar, xüsusən də indiki nəsil.

- Cəsarətli söz demək baxımından mən həmişə publisistikanı poeziya ilə bir görmüşəm. Hər iki janr mənim üçün doğmadır. Poeziyada demədiyimi publisistika ilə demişəm. Və yaxud əksinə.

- İndiki Məmməd Arazla o vaxtkı Məmməd İbrahim arasında fərq varmı? Mənə elə gəlir ki, Məmməd İbrahim necə başlayıbsa, Məmməd Araz da o cür davam etdirir.

- Fərq, əlbəttə, var. Heç olmasa, yaş fərqi, həyat, ətraf mühitə, insanlara baxış fərqig Sənətkar da adi insanlardan biridir. Son gününə qədər ötən günlərindən ayrıla bilmir. Bir əli ilə keçmişini elə hey sabaha dartır. Gətirə bilsə – sevinir, bilməsə – kədərlənir. Qaldı M.İbrahimlə M.Arazın yaradıcılığı arasında fərq, – bunu siz görüb deyə bilərsiniz.

- İllər ötüb keçsə də, ötənləri, keçənləri  necə  xatırlayırsınız? Uşaq Məmmədlə üz-üzə gələ bilirsinizmi?

- Mən də başqaları kimi, onun əlçatmaz, ünyetməz dünyasından heç cürə ayrıla bilmirəm. O uşaqlıq, ötən dünyamızda çılğın uşaq, gənclik aləmi var. Bir qədər romantikadan ayrılandan sonra görürsən ki, o aləm  getməliymiş, necə deyərlər, gəldi-gedər imiş. Belə də oldu. Ancaq onun mənə bəxş elədiyi misralar, sətirlər qaldı. Bu qalan varsa – o da qalacaq. Əgər əsər yoxdursa, daha yoxluqdan nə umasang Uşaqlıq ilə üz-üzə gəlmək isə, məncə, zarafatdır.

- Nəvələr arasında özünüzü necə hiss eləyirsiz. Gənclik illərini qaynar keçirən Məmməd əmi baba kimi necədir?

- Nəvələrin arasında özümü çox xoşbəxt sanıram. Onlardan şuxluq, çeviklik «öyrənirəm». Çox şeyə oyun, oyuncaq kimi baxmaq istəyirəm. Ancaq uşaq aləminə nə qədər qoşulursan-qoşul, yenə də uşaq öz yerində, sən də öz yerində olursan. Bunu «hər zamanın öz hökmü» kimi qəbul etmək düzgün olardı.

- Ədəbiyyatımız haqqında fikrinizg Onun gələcəyini necə görmək olar?

- Bir vaxtlar «sovet ədəbiyyatı», «qardaş xalqlar ədəbiyyatı» var idi. Bizim ədəbiyyat da sovet ədəbiyyatı ilə ünsiyyətdə aydın görünürdü. İndi əlaqələrin birliyi, qarşılıqlığı pozulub, dağılıb. O vaxtlar zəif yazıları «sovet ədəbiyyatı» arenasında müəyyən etmək olurdu. Məncə, yaxşı ədəbiyyatın qarşısını kəsmək mümkün deyil. O vaxtlar yaxşı ədəbiyyat adı ilə orta səviyyəli ədəbiyyat da sərhəd xəttini keçə bilirdi.
İndi yaxşı ədəbiyyatın işıq üzü görməsi üçün özünü qabağa verən xeyriyyəçilərin sayı azdır. İndi elə bir dövr yaranıb ki,  
kim nə istəyir, onu da yazır və nəşr etdirir. Bir növ ağına-bozuna baxan yoxdu. Belə çıxır ki, imkanın varsa, nə istədiyini  edə bilirsən. Bu gün şerə gələn varmı? – Var. Bu gələnlər ədəbiyyat aləmində seçilirmi? – Yox. Bəs sonrası necə olsun? Belə çıxır ki, «nə olur-olsun» vəziyyətinə düşmüşük. Görəsən Sabir, Mirzə Cəlil ədəbiyyata gələndə əllərindən tutan olubmu? – Xeyr! Ədəbiyyatın bircə mənası var! Təzə söz, təzə fikir. Bunlar varsa, dinləyənləri də tapılacaq, oxuyanları dag
Ağarmış qaşların arasından boylanan kövrək, həlim nəzərdən, baxışdan çox şey oxumaq, duymaq olar: Dərin köklərlə torpağa bağlanan bir şair qəlbinin döyüntüsünü, çırpıntısını. Bu adi bir insanın yaşaması üçün lazım olan çırpıntı deyil, torpağın  şah damarından  qidalanan bir ürəyin sədasıdır. Niyaməddin Musayevin həzin ifasında musiqi ifadəsini tapan «Dünya sənin, dünya mənim, dünya heç kimin» deyimi insan övladı qəlbində bir əbədilik və heçliyin rəmzidir. Budur – dünyanın bu üzü, bir də o biri üzü. Şairin özünə təxəllüs götürməyi adi bir şeydir. Lakin bu ünvan dediyi ilə birləşəndə əbədiləşir. Araz - deyənlər çoxdur. Arazlaşan isə təkcə Məmməd əmi oldu, desəm, məndən inciməsinlər. Çünki onun misraları sərhəd boyu bulana-bulana buruldu, Muğanda duruldu, Xəzərin qoynunda rahatlığını tapdı.
Görürsünüzmü, onun yaradıcılığının elə bir sirri yoxdur, sorağı var. Bu soraq Dərbənddən tutmuş Təbrizə kimi eşidilir, mənəm deyir, mən, el-obanın kədərinə kədərlənən, sevincinə-sevinən Məmməd Araz.
İnsanı, xüsusən də azərbaycanlıları, poeziya ilə heyrətləndirmək çox çətin bir məsələdir. Ona görə ki, bu xalq anadan şerlə doğulub, saz-söz üstə köklənib. Əlbəttə, əlinə hər bir qələm alan əvvəlcədən bunun məsuliyyətini dərk etməlidir. Öz poetik ifadəsini tapmış həqiqi poeziya dünyanın ən gözlənilməz möcüzəsidir, - desəm, mənə elə gəlir ki, yanılmaram. Azərbaycan poeziyasının möcüzəli şairi çoxdur. Onlardan biri də ömrünün altmış beşinci baharına çatmış əmidir.

oktyabr, 1998

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws