MƏMMƏD İBRAHİM BİR GEOLOQ KİMİ DAİM NARAHATDIR, GÜNÜNÜ OTAQ KÜNCÜNƏ ÇƏKİLİB ÖZ ALƏMİNƏ QAPILMAQLA DEYİL, HƏYATIN SEYRİNƏ ÇIXIB GƏZMƏKLƏ, DÜŞÜNMƏKLƏ VƏ AXTARMAQLA KEÇİRİR. ŞAİR NƏ AXTARIR?
Məmməd İbrahim bir geoloq kimi daim narahatdır, gününü otaq küncünə çəkilib öz aləminə qapılmaqla deyil, həyatın seyrinə çıxıb gəzməklə, düşünməklə və axtarmaqla keçirir. Şair nə axtarır? Bunu görmək və bilmək üçün onun Azərnəşr tərəfindən buraxılan “Mən səni taparam” adlı kitabını vərəqləmək lazımdır.
Şair, dərədə bir bulağı axtarır, gürşadın qurbanı olan bulağı əvvəlki kimi görə bilmir, kədərlənir, hətta qəzəblənir. Niyə vaxtilə ətrafına fırlanan, kabab çəkən, nəşələnən adamlar indi bulağın qayğısına qalmır, yeri qazıb onu yenidən üzə çıxarmırlar? M. İbrahim əvvəlki təmiz, şəffaf bulağı axtarır və onu tapacağına oxucuda inam hissi yaradır.
Məmməd İbrahim səmimi hisslər tərənnüm edən, həssas və istedadlı şairlərimizdəndir. Bu vaxtadək onun “Sevgi nəğməsi”, “Üç oğul anası”, “Mən səni taparam”, “Araz axır” kitabları çapdan çıxmışdır.
“Araz axır” kitabına şairin “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum” poemaları daxil edilmişdir. Məmmədin şerlərində olduğu kimi, poemalarında da poetik mənalandırma, dəqiq müşahidə nəzəri cəlb edir.
“Üç oğul anası” poemasında şair, Vətən müharibəsində xalqımızın ağır günlərini, analarımızın fəryadını, müqəddəs torpağımız üçün candan keçən şanlı qəhrəmanlarımızı yada salır. Üç oğlunu cəbhəyə göndərmiş bir ananın iztirablarını, arzu və istəklərini təbii səhnələr fonunda təsvir edən şair, fərdi cizgilərə, kövrək qəlbə və incə xarakterə malik ana surətini yaradır.Vətən məhəbbətini, müharibəyə nifrəti, insanların sülh, əmin-amanlıq arzularını bu surət vasitəsilə ifadə edir. Müəllif haqlı olaraq əsərini müharibəyə, hərbin törətdiyi cinayətlərə qarşı bir nifrət ifadəsi sayır