|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Yaşar    ƏLİYEV ,    Qardaşxan ƏZİZOV

VƏTƏN    NƏĞMƏSİ

 M Araz şerlərindən birini belə adlandırıb: “Vətən nəğməsi”. Biz oxucular da onun yaradıcılığını bu cür adlandırırq.
“Zili, vəsəti, bəmi” olan bu “Vətən nəğməsi” “Azərbaycan – dünyam mənim”, “Nobel mükafatı”, “Məndən ötdü, qardaşıma dəydi”, “Duman ömrü”, “Babək qılıncı”, “Vilayi”, “Professor Ğülə məktub” şerlərində, “Araz axır” poemasında zilə çəkilir... heç şübhəsiz şairin ən çox bu “zilinə” görə, vətəndaş, xəlqi, bəşəri şair olduğuna görə, sevir, qiymətləndiririk.
            Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan” – deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər.
Bəzən şairlərimiz bu mövzuda qələm işlədərkən müasir poeziyamız üçün əhəmiyyətini, müasir oxucular üçün də poetikliyini itirmiş ifadələrlə vətəni tərənnüm etməyə səy edir, ibarələrdən ibarət şerlərlə adamlarda vətən məhəbbətini dərinləşdirəcəklərini düşünürlər ki, bu da istənilən nəticəni vermir. M. Arazın isə bir şair kimi şer dili poetik və orijinaldır. O, inandırmağa cəhd etmir, inamla danışır, çünki qəlbindəki vətənsevərlik hisslərini səmimiyyətlə qələmə alır. Şair Nizamili, Füzulili, Sabirli keçmişiylə yerli-yersiz öyünmür, bu keçmişə söykənərək poetik cəhətdən təzə-tər şerlər yazır, böyük təsir gücünə malik sənət əsərləri yaradır; “Nobel mükafatı”, “Duman ömrü”, “Məndən ötdü, qardaşıma dəydi...”, “Professor Gülə məktub” və b. əsərlər kimi.
            Gör kimin evinin daşı, divarı,
            Soyulub kim üçün cah-cəlal oldu.
            Sorulub Bakının qan damarları
            Nobel banklarında kapital oldu.

            ...Demirəm dayandır mükafatını,
            Deyirəm çıxarma bunu yadından;
            Kimin alın təri, ürək qanını
            Mükafat verirsən kimin adından.
M. Araz əsl həqiqəti tamamilə dərk edəndən sonra “Nobel mükafatı” şerini yazmağa özünü mənən borclu bilmişdir. Bu borc onun şairlik məsuliyyətindən, yüksək vətəndaşlıq hisslərindən irəli gəlir.
Əsərin bəşəriliyi onun xəlqiliyindən doğur. Xəlqi olmayan əsər bəşəri ola bilməz. “Duman ömrü” şerində bu öz parlaq əksini tapmışdır. Xalqının kimsəyə ağa, kimsəyə qul olmasını istəməyən şair deyir:
            Birinin düzündə çiçək bitirən,
            Birinin gözündə bitən olmayım.
            Seyrək dumanları qovan, itirən,
            Qalın dumanlarda itən olmayım.
Vətəndaş şair xalqları birliyə çağırır, şerlərinin birində (“Məndən ötdü, qardaşıma dəydi”) bu birliyin zərərinə olan bir məsəlin pozucu mahiyyətini tarixi faktlarla poetikcəsinə, həm də cəsarətlə açır. “Bu məsəli kimdi yazan” deyə babaları məşhər ayağına çəkir. “Məndən ötdü” deyənlərin Səttarxanı qəbrə gömən sevincinə, Xətaini süquta uğradan qeyrətinə acı-acı gülür, “Azərbaycan torpağında  Araz boyda şırım” açan da “Məndən ötdü!” namussuzluğudur deyir. Şair bu şerdə “sənin”, “mənim”, “haralısan?” qayğısıyla vətənin doğranmasına, xalqın hissə-hissə bölünməsinə nifrətini bildirir. Öz kiçik “mən”i ilə bir xalqı kiçildən “uluları” təftiş edir. Şair göstərir ki, hamıdan ötrü bir böyük “Mən” olmalıdır. Bu da vətəndir. Şair “Məndən ötdü, qardaşıma dəydi...”məsəlinə öz qəti etirazını belə yekunlaşdırır:
            Səndən ötən mənə dəydi,
            Məndən ötən sənə dəydi.
            Səndən, məndən ötən zərbə
            Vətən, vətən sənə dəydi...
“Professor Gülə məktub” şerində isə şair “Xəzərin taleyini biganəliyə yem”, “kağızlar üstündə problem” edənləri mühakimə edir. Şerin sonluğu xüsusilə güclü təsir bağışlayır.
            Mən qəsdən belə yazdım, professor,
            Mən şeri qırmazdım, professor,
            Qırılan sətirləri
            Qırılan balıqların
                sürüsünə bənzədirəm.
            Seyrələn nöqtələri
            Xəzərin seyrələn
            Kürüsünə bənzədirəm.
            Xəzərin taleyinə baxımda
            Bax belə sərbəstlik var, professor.
            Sərbəstlikdən betər
            Sərməstlik var, professor.
Şerin həcmcə iri olmasına baxmayaraq, şair qələminin qüdrəti sayəsində onun poetik vüsəti bir an belə zəifləmir, misralara çevrilmiş fikirlər arasındakı məntiqi ardıcıllıq bir an belə pozulmur, şeriyyət misradan-misraya güclənir.
Diqqət etsək, görərik ki, haqqında danışdığımız şerlər arasında bəlkə də ilk baxışdan görünməyən sıx daxili əlaqə, güclü bağlılıq var: bütün bu şerlərdə hədsiz vətən sevgisi mövcuddur. Bütün bu şerləri bir ümumi başlıq altında birləşdirmək olar:  “Vətən nəğməsi”.
Şairin “Vətən mənə oğul desə”, “Etiraf”, “Yerlər”, “İnsan qayalar”, “Nağıl”, “İnsan monoloqu”, “Ağ şəhərli qaralar”, “Sabahın imtahanı” və b. bir çox əsərlərini də eyni mövqedən təhlil etmək, qiymətləndirmək olar. Bu əsərlərin hər birində M. Araz vətəndaşlığı , M. Araz xəlqiliyi eyni dərəcədə yüksəkdir, eyni dərəcədə dəyərlidir. Bir neçə nümunəyə diqqət yetirək:
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim.
                                                   “Vətən mənə oğul desə”.
            Yazmışam hər şeyi könül naməmə,
            Bircə bu günahım bağışlanacaq.
            Neylədim vətəni sevmək naminə,
            Ucaltmaq naminə elədim ancaq.
                                                                “Etiraf”                     
                                                               
                     Vətən sevgisində birinci ada,
            Birinci çatmağa pay yetər mənə.
            Burda birincilik: Vətən yolunda ,
            Birinci ölməyi öyrədər mənə.
                                                                 “Yerlər”.
       
                       Bir qayaya söykənmişəm, deyirəm kaş
            Bax beləcə daşa dönəm yavaş-yavaş.
            ...Qayaların keçmişini qayalara yazdım, deyə,
            Onda Vətən sanar məni bir balaca vətən daşı,
            Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...
                                                                   “İnsan qayalar”.
M. Araz poeziyası ilə yaxınlıq insanı mənən ucaldır, onu ətalətdən, hər cür ruhi düşkünlükdən xilas edir, həyata, mübarizəyə səsləyir. Şair bütün hadisə və predmetlərə münasibətində özünəməxsusdur. Vətənin qayası, daşı, mamırı da onun şerində insaniləşir, dil açıb danışır.
            Dünənimi döşdən asan deyiləm,
            Dünənimə qəbir qazan deyiləm.
            Ürəyimsiz kəlmə yazan deyiləm,
            Nə qədər ki, öz əlimdir yazanım, -
deyən şairin sənəti əqidəli, sevilən və yaşayan sənətdir.                

1981.



 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws