|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Məmməd   ASLAN

“GÜNDOĞANDAN – GÜNBATANA  MƏNZİLİM”    

“Gündoğandan – günbatana mənzilim...”  Bir şerində belə deyir Məmməd Araz. Bu, bir günəş ömrü! Ölçülü, biçili bir şair ömrü!
Ilham, istedad özlüyündə şair üçün ilkin maya, ümdə cövhərdir! Lakin bu, “yoğrulub-yapılası” poetik məhsulun hələ hamısı demək deyil. Həqiqi istedad hələ əl dəyməmiş qızıl külçəsidir. Onu ağılla xərcləməyi gərək biləsən. Nizami demiş, “Çox iti zehinlər yatan oldular; axırda saxsı qab satan oldular”. M. Araz sənətkar kimi həmişəoyaq iti zehin sahibi, nəfəsinin odu-alovu ilə seçilən söz sərrafıdır. Yaradıcılığı boyu bu şairin gözü zirvə axtarıb, alçaq təpələrə tökülüşənlər onsuz da çoxdur.
            Ocaq oldum, ocaq daşı olmadım!
Bu, ömrün qiymətini, sənətin dəyərini yaxşı bilən, fəaliyyətini öz idealı uğrunda məqsədəuyğun quran həqiqi bir şairin fəxri, hər şeydən əvvəl, əməlinə görə bir növ bəxtdən, taledən razılıq nidasıdır.
Məmməd Araz müasir poeziyamızın uzaqdan belə görünən sənət bürcüdür. Onun poetik sözü xalqın ürəyindən su içdiyindəndir ki, yenidən xalqın ürəyinə asan yol tapa bilir. Səsi indiki şer axını içərisindən özünəməxsus bir ləngərlə çırpınıb kənara çıxır; vətəndaşlıq qayəsi, xəlqi nəfəsi, yüksək sənətkarlıq cilası ilə yaddaşlara həkk olunur. Geniş oxucu qəlbindəki əks-sədası onun şairlik zəhmətinə qarşı xalqın qədirbilənlik hissinin ifadəsidir. Özü demiş:
            Bizim dağlar hər sözü də  almaz vecinə,
            Söz daşına yazılmasa, sözsüz keçinər.
            ...Bu dağların, bu daşların yaddaşı möhkəm,
            Səbri ağır, cəbri ağır, qəzəbi ötkəm...
            Kimi səslər bu el-oba, kimi oxuyar? –
            Yaxına get, sual verib, özündən soruş.
            Onu sevib, onu deyib, onu duyanlar
            Onun qaya yaddaşına həkk olunurmuş!..
Bu misralar şairin son dövr yaradıcılıq uğurlarından olan və Azərbaycan SSR Dövlət mükafatına təqdim edilmiş “Qayalara yazılan səs” poemasındandır. Miniatür həcmli bu poemada şair söz sənətkarına əbədi yaşamaq hüququ verən ideal məziyyətləri öz rübabında ötkəmliklə ötür, sənət əsərinin ömrünü şərtləndirən həyata və xalqa bağlılığın yüksək xəlqi ifadəsindən söhbət açır; insanı ilkinliyə tapınmağa, təbiətin əzəli və əbədi müvazinətini qoruyub saxlamağa səsləyir. Bu çağırış təbiətə, təbii sərvətlərə qarşı müasir narahatlıqdan doğduğundan və obrazlı deyildiyindən qulağımıza tez çatır, yaddaşımıza tez yazılır. Ulu sözü tez eşidilər! Bu hikmətə inamından Məmməd Araz poemada fikirlərini xalqımızın ölümsüz şairi Səməd Vurğunun dili ilə deyir. Bu yığcam poemanın baş qəhrəmanı olan unudulmaz xalq şairi dağda kəkliyin üstə şığıyan qaraquşu nişan alır... sonra da əməlindən peşmançılığını çobana etiraf edir:
            ...Sevir təbiət də cəsur quşları,
            Halına az yanır ölüvayların.
            Beləcə qırırıq nadir quşları,
                         Beləcə kəsilir qartal qıyları.
            Qaraquş haqlıydı,
            Ov onun idi...
Bu etirafdan sonra şair insan xislətində dağ cövhəri arayır, insan – təbiət vəhdətində həyatın özünü görür. Dünən də, bu gün də, əbədiyyət də, həyata xidmət eləyən sənətin özü də bu vəhdətin, bu əlaqənin məntiqi nəticəsidir.
Məmməd Araz bədii sözün qüdrətli ustasıdır. Bildiyimiz sözlərə sehirli bir nəfəslə əfsun oxuyur, söz adilikdən çıxır, bizim ifadə edə bilməyəcəyimiz ünyetməzliyə baş alıb gedir. Bu, bir poetik həqiqətdir ki, böyük söz sərraflarının timsalında bir dildən yeni “dillər” puçurlayıb pöhrələyir. Dilimizin Füzuli dili var, Vaqif dili, Hüseyn Cavid dili, Sabir dili, Səməd Vurğun dili...nəhayət, Məmməd Araz dili var. O dil ki, onda ancaq Məmməd Araz özü “danışır”.
            Buyruqlara sığışmayan inaddım,
            Çox qanadlar yorub salan qanaddım.
            Ulduzlara barmaq silkib daş atdım,
            Nizamlara baş əyməzdi nizamım!
            
            Vətən mənə oğul desə, nə dərdim?!
            Mamır olub qayasında bitərdim.
Bu, öz təbiəti etibarilə olduqca təvazökar olan, “şairəm” sözünün məsuliyyətindən bu gün belə çəkinən Məmməd Arazın bir növ haqlı fəxriyyəsidir. Mənsub olduğu xalqın keçmişi və bu günü ilə qırılmaz tellərlə bağlı şair ancaq ürəyinin hökmünə “mirzəlik” eləyir: 
            Dünənimi döşdən asan deyiləm,
            Dünənimə qəbir qazan deyiləm!
                         Ürəyimsiz kəlmə yazan deyiləm,
            Nə qədər ki, öz əlimdi yazanım!
Bax, bu məramdan həqiqi sənətə yol başlayır. Məmməd Araz bu sənət yolunun yorulmaz fədaisidir. Onun təkbaşına zirvələrdən keçid axtarması var, od tökən səhraları bələdçisiz keçmək inadı var! Poetik nəfəsi tıncıxanda da salınmış məlum yollarla astaca addımlamaq istəməyib. Şair büdrəyəndə belə öz cığırında, öz yolunda büdrəyib. Onun ilhamından cücərən nə varsa, özününküdür. Bu şairin şərikli “malı” yoxdur. Ona görə də Məmməd Araz doyumlu şairdir. Bu doyumluluqda bir daxili doymazlıq da gizlənir. Şairin bir nəfəs  közərtisi olan hər hansı lirik və ya epik əsəri ruhumuzu baş-başa doydurursa, qəlbimizdə bu şairə, ümumiyyətlə, acgöz bir istək baş qaldırır:
            Bir taleyin oyununda cütlənmiş zərik,
            Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
            Bir zərrənin işığına milyonlar şərik,
            Dünya sənin, dünya mənim, dünya heç kimin!
Hər bir peşə sahibi, hər bir sənətkar müəyyən dərəcədə sənətindən özünü gizlədə bilir. Şair isə bütünlüklə yaratdıqlarına hopur. Onu bir misrasından belə tanımaq mümkündür. Bu mənada Məmməd Arazın bir çox şeri onun aydın tərcümeyi-halıdır, onun bütövlüyünün ayrı-ayrı kərpicləridir, daxili məninin güzgüsüdür.
            Vüqarla yaşamış söz babaları,
            Onu yaşatmasın şerimiz niyə?!
            Əyilməz doğulan şair vüqarı
            Yalnız baş əyibdir əyilməzliyə.

            Çox şair yaşamış ağ gün möhtacı,
            Düşməni - əyilməz bir vüqar olmuş.
            Fatehlər qılıncı, padşahlar tacı
            Bir lüt şairə də qibtəkar olmuş!
Məmməd Araz əyilməzlik timsalını ulu şair babalarımızın ibrətli həyatlarından öyrənməyə, onların dağ vüqarını yaşatmağa çağırır. O şairlər ki, gözləri oyulanda da “kirpiyi öz qürurunu qısmayıb”, təpədən- dırnağa soyulanda da vüqarı onu “of” deməyə qoymayıb! “Boğazdan asılan hər quru əda” sənətkar vüqarı deyil:
            Çox adlar itirib söz meydanları,
            Izini-tozunu xəyal da bilmir.
            Şöhrət azarına tutulanları
            Şöhrətin özü də sağalda bilmir.
Şair bu saxta şöhrətin əl-qol atmasına imkan verənlərdən biri kimi özünü də ittiham edir. Biri “yaxşıdır” deyə unudulur... biri arxivlər üçün təriflənir. Alqış sənətkarı el gözündə ucaldan, ona mənəvi yaşamaq haqqı verən sərvət kimi bir şeydir; oxucu imzası olmayan bu saxta şöhrətlər “oğurluq alınmış sənəd kimidir”.
            Istəsən şairi əyəsən, onun
            Ömrünün nə yazı, nə qışını al.
            Istəsən şairi əyəsən, onun
            Əlindən xalqının alqışını al!..
Məmməd Arazın şerlərində şair yüksək məramlı vətəndaşdır. Şairlik zahiri bər-bəzəyi, qafiyəsi, ölçüsü-biçisi olan yazılar yazan katib deyil, ilahi gücə malik aparıcı qüvvədir, qurub-yaradan kütlənin öncülüdür. Şair əli gərək bağbanlar kimi dodaqlara gülüş əkməyi bacarsın. Şair nəfəsi buludlara nur daşıtmaq qüdrətində olsun. “Ağılların uçrumuna ütü çəkməli; ürəklərin zülmətinə enmək gərəkdir”. Şair həssaslığı gərək duysun ki:
            Neçə ümid gəmisini sürər qanında –
            Bələdçiyə möhtac olan duyğu var.
            Bir qarışqa yuvasını dağıdanın da
            Nə vaxtdansa Qacarınan qohumluğu var.
Söz sənətinin çətin yoxuşlarını birnəfəsə çıxan, dönümlərdən-döngələrdən pəhsinmədən ilham atını səyirdən bu şair müxtəlif nəslə məxsus oxucuların yaddaşına sözlərini yaza-yaza irəliləyir. “Od kimi, su kimi köhnəyəm, bala!” – deyən Məmməd Araz nəfəsi müasir olduğu qədər də qədim çalarlara malikdir. Özünə, ancaq özünə məxsus obrazlı təfəkkürü ilə az qala hər misrasında bizi əfsunlayır.
            Bir gün həyatımda tufan qopacaq,
            Həyat öz tağından salacaq məni.
            Üstündə gəzdiyim bu ana torpaq
            Bir gün də qoynuna alacaq məni.
Məmməd Arazın siyasi lirikası ovxarının kəskinliyi ilə, oxucu ağlına, oxucu dünyasına sirayətedici təsir gücü ilə seçilən lirikadır. Müasir keşməkeşli dünyanın rəngdən- rəngə düşən siyasi hadisələrini şair, necə deyərlər, yaxşı “həzm edir”. Bunlar müasir görünmək xatirinə, aktuallıq naminə qələmə alınmır. Bu şair ancaq uzun-uzadı özündə yaşadıb, qəlbində doğmalaşdırdığı mətləbləri şerə-sənətə gətirir:
            Günəş öz işində, öz xəyalında,
            Günəş işıqladan səma zalında.
            Günəş müttəhimdir.
            Deyir yana-yana adsız bir cisim:
            - Günəş haqqımızı talayır bizim!
            ...Hərəkət əbədi, sürət əbədi.
            Bir misqal çəkilər, ölçülər nədi?!
            Istilik, soyuqluq, qaranlıq, işıq
                         Azalmır bir qaşıq, artmır bir qaşıq...
                         ...Tutulsun Günəşin işıq yolları,
                         Kəsilsin Günəşin işıq qolları...
Müasir dünyamız...Onun işığını hədələyənlər... çörəyini-suyunu əlindən almaq istəyənlər – bütün bunlar necə ustalıqla sənət dilinə gətirilib görün!
Məmməd Araz qələm yoldaşları barədə ürək sözlərini hamıdan çox deyir.        O, bəzən də zəif şairlərə yüksək idealları “avans” verir. Amma mənim dediklərim onun şair böyüklüyünün əl-ətəyinə belə çata bilməz!
Məmməd Arazın “Qayalara yazılan səs” poeması və son vaxtlarda yazılmış silsilə şerləri Azərbaycan SSR Dövlət mükafatına təqdim edilmişdir. Şair təzə əsərləri ilə də buna layiqdir, ümumiyyətlə, bütün yaradıcılıq uğurları ilə də!

1982

  
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws