|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Fikrət  SADIQ

 MƏMMƏD    ARAZDAN  YEDDİ  SÖZ


Bu sözlərdən elə birincisi Sözdür!
Söz yarpaqda, suda, çiçəkdə, Ayda, Günəşdədir. Kimin əli hara çatırsa, ordan götürür sözü. Tapıldığı yerin rəngi, dadı, ətri, işığı, odu gizlənib sözdə. Oxucu da o sözü nə cür qavrayırsa, o həcmdə rəng, dad, ətir, işıq və od payından bəhrələnir.
Ən çətini sözü yerindən götürməkdir. Söz yerinə düşsə, möcüzə olur, sehr olur.
Kiminin əli sözə çatır, amma gücü çatmır. Kiminin əli də çatır, gücü də, amma haqqı çatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır. Kimi boş yapışıb əlindən salır. Kimi sözü yaralayır, kimi sözü qamarlayır. Kimi hamarlayır, kimi də tumarlayır.
Söz mərddir, hər cür yalvarışa baxmaz. Hər söz deyənə inanmaz, bəzək-düzəyə aldanmaz! Təki sözə ürəklə əlin çata! Sən də sözün ürəyinə yatasan gərək, söz də sənin ürəyinə yata. Bu, iki tərəfli sevgidir. Burda söz də, şair də xoşbəxtdir, bu xoşbəxt şair Məmməd Arazdır.
Onun şeri Füzuli dayaqlı, Vaqif –Vidadı qanadlı, Mirzə Cəlil, Sabir qeyrətli, S.Vurğun – R. Rza vüsətli, Əli Kərim həsrətlidir. Onun şeri addım-addım çıxıb söz qəsrinin dolanbac pillələrini.
Məmməd Araz ayağını üzəngiyə qoyub, ata süvar olan gündən düşməyib yerə. Söz cıdırında atını elə çapıb ki, özünəməxsus iz açıb, ayrıca yol salıb.
Çox yayılmış Məmməd adını başqa Məmmədlərdən ayırdı bu söz cıdırı. Sonra cıdıra sığmadı. Söz – cıdırdan kənara çıxdı. Doğma Vətəni gəzdi, kənd-kənd, şəhər-şəhər, el-el, oba-oba.
Söz bir gün sərhədə dirəndi. O tayı da vətən olan sərhədə. Şair Arazı gördü. Dünyanın ən uzun ayrılıq çayı – Arazı.
- “Qadan-balan mənə gəlsin, Araz! Adını adıma qoşuram”.
O gündən Məmməd – Məmməd Araz oldu.
Araz – şairin tapdığı ikinci əlçatmaz söz oldu. Bu, söz deyil, şerdir, dastandır, yaddaşdır, ürək ağrısıdır, umu-küsüdür və bir şairin təxəllüsüdür. Arazın altında Vətən birdir. Məmməd Arazın qəlbində Vətən birdir. Araz – həsrət çayıdır. Araz –şairdir. Sərhədi ovan sudur. Suyu şerə çevirən hikmətdir. Araz - Vətənin belinə dolanmış gümüş kəmərdir. Böyük Araz – böyük ustad şair Şəhriyardır. Məmməd Araz - o şairin kiçik qardaşıdır. Körpə Arazdır.
Araz şair sözüdür. Sözlərin ən ilkinlərindəndir.
Bir söz də var – Günəş!
Məmməd Araz şerlərinin birində pis adamların acığına Günəşi qalaktikanın ən ucqar bir yerində gizlətmək istəyir ki, onun üzünü görməsinlər. Şair yaxşı əməl uğrunda, yaxşılar naminə ulduzların yerini dəyişir, əbədi qayda-qanunu pozur. Öz cəsarətli niyyəti ilə cazibə zəncirini qırır. Sözləri qoruyur, söz sözə qarmaq atır, söz sözü çəkib gətirir. Söz yerdən göyə körpü olur. Sözdən sözə görünməz körpü atmaq - əsl şairlikdir.
Daha bir söz – Vətən!
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
            Mənim könlüm bu torpağı vəsf eləyərək
            Azərbaycan dünyasından baxar dünyaya.

            Azərbaycan – mayası nur,
                qayəsi nur ki,   
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan!” deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər.
Vətən haqqında bu cür gözəl söz deyə bilən qoy ayağa durmasın. Vətən onu bağışlayar.
Burda Vətən sözü – sözün günəş məqamından alınmışdır. Burda Vətənin təbiəti, tarixi, ümidi bir sözdə cəmləşmiş, birləşmiş, vahidə çevrilmişdir. Şair qəlbinin şah damarından axıb bu söz.
Bir Vətən sözü var, bir də vətəndaş! Vətəndaş “Vətən” və daş (eş) sözlərindən yaranıb ki, bu da bir vətəndə yaşayan, bir-birinin ekiz tayı – eşi olan adama deyilir. Bu, sözün qabığıdır. Bir də var sözün içi. Bunun üçün Məmməd Arazın, “Məndən ötdü, qardaşıma dəydi” şerini xatırlayaq. Bu şer atalar sözündən yaranıb. “Mən salim olum, cümlə-cahan batsa da batsın!” deyən bir atanın sözü imiş, bəlkə. Bu sözü deyən vətəndaş deyilmiş. Vətən övladlarına tay deyilmiş o adam. Öz başını saxlayan, özünü güdən nə bilər Vətən torpağının qədrini. Onun dağının-daşının, gül-çiçəyinin doğmalığını. “Mənəmlik” – “mənəmlik” olan yerdə dərəbəylik hökm sürər.
Bu, haçansa olub. Amma atalar sözü hələ qalıb. Şair narahatdır – vətəndaş olmağa çağırır bizi.
Bir söz də var onun şerlərində - sevgi! Sözlərin ən ulusu, ən zərifi, ən gərəklisi. Məmməd Araz başdan-başa sevgidən yoğrulub ki, şair olub. Ilk kitabı “Sevgi nəğməsi” olan bir xəmirdən kündələndi sonrakı kitabları da. Bu kitabın dalınca ürək-təndirində bişən bütün külçələr, xaş-xaşlı çörəklər, qoğallar sevgi dadır.
Illərcə bizim ruzumuz olub, o torpaq ətirli, kəhrəba Vətən çörəyi.
            Ey ilham pərisi, varsansa əgər,
            Bu axşam üstümə qanadını gər!
            Qoyma bir anlığa küsüm dünyadan,
            Sevgi ümidimi üzüm dünyadan...
            ...Dənizə məhəbbət – səpmək öyrənim,
            Sahilə məhəbbət – çəkmək öyrənim.
             Onu meşələrə səpim – göyərsin.
            Onunla qumları öpüm – göyərsin.
            Məhəbbət adlanan din yaradım mən,
            Məhəbbət adlanan dil yaradım mən.
Bir söz də var – torpaq!
Torpaqdan boylanıb həyat ulduzlara! Torpaqda ayaq açdı, yeridi Məmməd Araz.
Torpağın nemətlərini dərdi. Torpağı əyninə geyindi, torpaqdan ev ucaltdı. Torpaq oldu ata-anasının yurd-yuvası. Torpaq – ata ocağı, ana qucağı!
Məmməd Arazın şer xalısının yeri torpaqdır. Bu xalının  naxışları torpağın gül-çiçəkləridir.
            Ana yurdum, hər daşına üz qoyum,
            Hər dərəndə çaldığım saz yaşayır.
            Kimi sənin çiynində,
                    sən kiminin,
            Şöhrətini yaşadan az yaşayır.

            ...Gülüm, bir də görüşünə yubansam,
            Adımı tut harda dağlar dumansa,
             Gözünü sıx, hansı daşda od yansa,
            O daş altda Məmməd Araz yaşayır.
Minlərcə söz içindən bütöv sözlər seçən, Arazı özünə ad götürən, sevgidən yoğrulan, torpaqdan boy atıb ucalan Məmməd Araz şair sözünün ucaldığı mərtəbəyə çatmışdır.
Ən qadir söz ustadımız – babamız Füzuli demişkən, “Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz”.
Məmməd Araz şerindəki cəmi yeddi sözdən söz açdım. Bu yeddi söz şairin bütün ömründən – aylarından, illərindən gəlib keçir. Bu yeddi sözün daşıdığı yük bəsdir ki, şairi tanıyasan.
Şair sözlə ucalır.
Sözdür ki, sözlə iş aşmaz. Amma şair sözlə dağları aşır, ölkələri dolaşır. Ulduz olub göydə yanır.      

Aprel    1982

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws