Bəxtiyar VAHABZADƏ
BİR QƏLBİN YÜKÜNÜ QATARA YIĞSAN
Məmməd Arazın yenicə çapdan çıxan kitabının cildi üstdə yalnız müəllifin adı var, kitabın adı yoxdur. Əvvəl təəccübləndim, sonra xoşuma gəldi. Birinci ona görə xoşuma gəldi ki, bizim klassik şairlərimizin də kitabları hamısı eyni adla adlanmış: Divan. Həm də şerlərə ad verilməmiş, hamısı qəzəl, qəsidə, yaxud da qoşma adlanmışdır. Lakin xoşuma gələn cəhət ayrıdır. M. Araz öz sifəti, öz görüşü, öz mövzuları, öz yazı manerası olan şairdir. Onun imzası elə kitablarının adı olmağa layiqdir.
Şairin imzası özü haqqında danışır. “M. Arazın filan qəzetdə yeni şeri çap olunub”- deyilən zaman bilirik ki, o nə deyə bilər, özü də necə deyə bilər. Çünki şairin özü də “Məni şerimdə gəz” – deyə öz könül dünyasına daxil olmaq üçün oxucusunun əlinə açar verir.
Onda Vətən sanar məni
bir balaca vətən daşı.
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı!
Bu beyt şairin ötdüyü bütün nəğmələrin nəqaratıdır.
M. Araz nədən yazır yazsın – istər təbiət, istər insan gözəlliyindən, istər xalqımızın qazandığı uğurlardan və istərsə də xarici ölkə səyahətindən, onun gəldiyi nəticə budur: Vətənə xidmət eşqi ilə yaşamayandan vətən üçün vətəndaş ola bilməz.
Şair xalqımızın ən qədim dövrlərindən tutmuş bu günə qədərki həyatını yalnız bu baxımdan süzgəcdən keçirir, Vətənə xidmət eşqini təqdir edir, bu eşqdən kənar hadisə və əməlləri qəzəblə qamçılayır. Buna görə də, şairin sevgisi qədər nifrəti də dərin və barışmazdır. O, nifrət obyektinə çox qəzəblidir. Ona görə də şair bu hədəfi ən kəsərli və tutarlı obrazlarla döyməyi, lənətləməyi bacarır! Bu cəhətdən “Məndən ötdü, qardaşıma dəydi” şeri vahid Azərbaycanı xanlıqlara bölən, bizi parçalayan xanlara nifrət və qəzəb nəğməsidir. Burada şairin üstündə dayanıb xırda duyğuları ittiham etdiyi xitabət kürsüsü çox mohkəmdir. Bu kürsü vətəndaşlıq kürsüsüdür. Yalnız bu kürsüdən öz sevgi və nifrət nəğmələrini ötməyən şairin nə məramı bilinər, nə idealı, nə də sifəti.
“Nobel mükafatı” şerində vaxtilə Bakı neftini sorub aparan xarici kapitalizmin soyğunçuluq siyasətindən söhbət açır. Ilk baxışda adama elə gəlir ki, kapitalizmin soyğunçuluq siyasəti hara, Nobel mükafatı hara? Lakin mahiyyətə gedəndə, dünya hadisələrinin dərinliyinə varanda, Nobellərin, Rotşellərin vaxtilə Bakı neftinə sahib çıxdıqlarını tarixdən öyrənir və bizə aydın olur ki, məşhur inhisarçı Nobelin xarici banklarda yatan milyonları Bakı neftinin pulu, Azərbaycan fəhləsinin qanı imiş.
Sorulub Bakının qan damarları
Nobel banklarında kapital oldu. –
deyən şair, həmin kapital hesabına öz siyasətlərinə uyğun gələn kitabları mükafatlandıran Nobel mükafatı komitəsini ittiham edir.
Kimin alın təri, ürək qanını
Mükafat verirsən kimin adından?
Bu məntiqi sual oxucunu düşündürməyə bilməz. Hadisələrin mahiyyətinə varan, hər şeyin içini, daxili məntiqini görə bilən və onu bu qədər yığcam və ustalıqla deyə bilən şairin nəfəsində Mirzə Cəlil kəsərini, Sabir istehzasını görürük. Bax, burada şair qəzəblidir, üsyankardır, mübarizdir, nifrət hədəfi ilə barışmazdır. Burda şer də, söz də son gücünü göstərir. Burda şer şairin etiraz etdiyi haqsızlığın, ədalətsizliyin kar qulaqlarında qəhqəhə kimi səslənir. Burda şer şerliyindən başqa, həm də öz gücünü və bütün imkanlarını göstərə bilən siyasi pamfletdir, ədalətli ittihamnamədir. Burda poeziyanın bütün imkanlarını və qüdrətini göstərə bilən şairin şerinə “əhsən” deməmək mümkün deyil! Bu qüdrət, bu güc şairə hardandır? Daha doğrusu, bu qüdrətin qaynağı nədir? Eşq və ağıl! Bu ikisi birləşmədən sənət zirvəyə çata bilməz, onu yaradan sənətkar isə tövşüyüb yarı yolda qalar. Vətənini dəlicəsinə sevməyən, xalqına vurulmayan adamın nə dərdinə qalıb ki, vaxtilə Nobel adlı bir inhisarçı bu vətənin sərvətini sorub aparıb... Lakin ürəkdə vətənə böyük eşq olanda o eşq sənə bu Vətənin dostunu və düşmənini yaxşı tanıtdırır. Onda sən Nobel milyonlarının hardan toplandığını da, o pulların kimlərə paylandığını da yaxşı görəcəksən. Bu görmədə isə ağıl şairin bəsirət gözünü açır, ona həqiqəti göstərir. Eşq gözü ilə axtaran, ağıl gözü ilə görən sənətkarların atı çox yüyrək, sözü çox kəsərli olur... Budur M. Araz sənətinin qüdrət qaynağı! Ona görə də şair özü çox haqlı olaraq deyir ki:
Dünyada bir damla olmaq istəsən,
Dünyaya bir ümman həvəsilə gəl.
Tamamilə doğrudur!
Dünyaya ağıl gözü ilə baxmaq, ağı qaradan seçə bilmək, ürəyi dünya dərdləri ilə yükləyir. Bu gün dünyanın ədalət və ədalətsizliklərə, həqiqət və yalanlara bölündüyünü bilən, istismar dünyasında ağın qara, qaranın ağ adlandırıldığını görən, planetimizin taleyini düşünən Azərbaycan şairi bu ağrı-acıları şəxsi dərdi kimi yaşayır. Ona görə də:
Eh ürək... yox onun nə təqsiri var
Əsəblər üstündə yer salır insan.
Yollar silkələnər, relslər dağılar
Bir qəlbin yükünü qatara yığsan –
deyir və bədii həqiqətə bizi inandırır.
Bədii həqiqət sənətin ən əsas şərtlərindəndir. Bunu yalnız şair olan, daha doğrusu, anadan şair doğulan bacara bilir. Bədii düşüncənin meyvəsi olan bədii həqiqət əslində yalandır. Lakin gözəl yalandır, inanmaq istədiyimiz yalandır! “Bacım Gülsümə məktub” şerinə diqqət yetirək. Anası öləndən sonra doğma kəndinə qonaq gələn şair evlərində əvvəlki istiliyi və gözəlliyi görə bilmir. Oğul üçün ananın yoxluğu onun adı ilə bağlı olan hər şeyin yoxluğudur:
Elə bil yarpızın dəyişib tamı,
Nanənin ətri də azalıb bir az.
Çağırın, çağırın əziz anamı,
Belə bağça olmaz, belə bağ olmaz.
Çətindir, ay bacım, bunları görmək,
Göz də bir baxışla oda düşərmiş.
Uşaqlıq itirmək, gənclik itirmək,
Ana itirəndə yada düşərmiş.
Ana itirən oğul bundan artıq nə deyə bilər? Burada Məmməd Araz əvvəl oğul, sonra şairdir. O, bu dərdi oğul kimi yaşamasaydı, şair kimi yaza bilməzdi. Beləliklə, buradan sənətin ikinci şərti – yəni əvvəlcə insan kimi duymaq, yaşamaq şərti meydana çıxır.
Şəxsi duyğuları bir oğul, bir ər, bir ata kimi yaşayan şair, anasına yaxşı oğul olmaqla Vətəninə də yaxşı vətəndaş ola bilər. Mən M. Arazı birinci növbədə vətəndaş şair ola bildiyinə görə sevir və onun bu cəhətini daha üstün hesab edirəm.
Başqa ölkələrin hesabına varlanan Amerika imperializminin törətdiklərini ürək ağrısı ilə sadalayan şair “Gecə düşüncəsi” şerində yazır:
Arabir dünyanın
Tərsinə fırlanmağını
istəyirəm:
Bəlkə onda görərik
Ayın qaranlıq üzünü.
...Bəlkə onda iqlimlər
Tamam dəyişə bilər,
Yerini Amerikayla
Vyetnam
dəyişə bilər.
“Ayın qaranlıq üzünü” görmək istəyən şair burada elə gözəl və incə bir nöqtəyə toxunur ki, oxucu sənətin deyə bilmədiklərindən daha çox, daha dərin mətləbləri görür. Şair ayın qaranlıq üzünü deyil, özünü “azadlıq və insan hüquqlarını qoruyan ölkə” kimi qələmə verən imperializm dünyasının iç üzünü açıb görmək və dünyaya göstərmək istədiyini deyir.
Axı imperializm dünyası özünü hər yerdə, hər məqamda haqlı bilir, haqqı tapdanan xalqların qışqırığını isə haqsız fəryad hesab edir. Bu zaman şair “Amerika ilə Vyetnamın yerlərinin dəyişməsini” istəyir. Yəqin ki, yalnız o zaman əzən əzilənin nə çəkdiyini hiss edər və onun qışqırığını haqlı sayar.
M. Arazın yeni kitabı oxucularımıza yaxşı bir hədiyyədir. Kitabdan kitaba artan, böyüyən, qanadlanan şairimizə daha geniş yaradıcılıq üfüqləri diləyirəm.
1982