|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Əhməd  MƏMMƏDOV

BİR  ÜMMANDAN  DOQQUZ  DAMLA

Artıq Azərbaycan poeziyasında yeni bir zirvə fəth olunur. Məmməd Araz zirvəsi. Bu zirvənin yolları enişli-yoxuşlu, üfüqləri genişdir. Bu zirvənin öz şahini, öz qartalı var – Məmməd Araz.
M. Araz poeziyamızda müstəsnalıq təşkil etmir. Azərbaycan şeri nə onunla başlayır, nə də onunla qurtarır. Ancaq özünəməxsus fərdi üstünlükləri var bu şairin. Bu üstünlüklərdən biri doğma şerimizdə Məmməd Araz heyrətidir. Onun hər misrasında, hər bəndində duyulur bu heyrət, bu özünəməxsusluq.
Elə bil hardasa bir şirinlik, bir doğmalıq, bir sığal, bir nəvaziş hopub bu poeziyaya. Oxuduqca sevir, sevdikcə oxumaq istəyirsən onu. Öz hökmü altına alır səni. Öz təbiiliyi, lirikliyi, həyatiliyi, fəlsəfi gücü ilə.
M. Arazla oxucular “Azərbaycan” jurnalının bu ilin ikinci nömrəsində yenidən görüşür. Jurnal onun şerləri ilə başlayır. Burada şairin doqquz şeri verilib. Əlbəttə, bu doqquz şer bir ümmandan doqquz damladır. Lakin bu ümmanın hər damlasının öz zəngin çalarları var. M. Araz bütöv şairdir, bütövlüyü də sevir:
            ...Yaman dərddi: göz önündə bir dağ sovrula,
            Görəsən ki, dolanmadı, dönmədi hava...
O, bu bütövlüyə bütün yaradıcılığı boyu sadiqdir.
Cəmiyyətdə yaşaya-yaşaya özünü cəmiyyətdən kənarda görmür. Həyat həqiqətlərinə realdır. O, bəşərin taleyi üçün həyəcan keçirir. “Okeanın o tayına məktub” şerində “quduz canavar”, “ikibaşlı əjdaha” adlandırdığı vəhşilərin tipik obrazlarını yaradır və onların ölüm yayan məqsədlərinə qarşı öz şair-insan səsini ucaldır.
            Bu “bəhrəli” ölümü əvvəl
            Öz bağınızda əkin,
            Doğma torpağınızda əkin,
            Atanızın, babanızın qəbrinə yaxın yerdə;
            Çayınız, bulağınız,
            Gülüşünüz axan yerdə -
deyən  şair tamamilə haqlıdır. Çünki  haliyədə imperialist dövlətlərinin oynamaq istədikləri “neytron oyunu” uşaqların qorxduğu cin, şeytan nağıllarından daha çox qorxuludur. Bunun ardınca şair cəsarətlə və uzaqgörənliklə deyir:
            Ölüm havaya hopanda,
            Yağışa, buza dönəndə,
            Daha qorxu, təşviş olmur;
            Onda hamı siyirməqılınc olur.
            Donmaz suya dönür,
            əriməz tunc olur.
Şairin bu şerlərində bir həssaslıq, bir kövrəklik də duyulur. “Yazı masama” şerində deyir:
            Dərd eləmə, desəm ki:
            Yazı masam, ölürəm!
            Ölə-ölə yazmıram,
            Yaza-yaza ölürəm.
Bu fikir “Əlli yaşıma ön söz” şerində daha qabarıq verilib. Sanki həyatını misralara köçürüb acısı ilə, şirini ilə oxuculara çatdırmaq, onlara tərcümeyi-halını müfəssəl danışmaq fikrindədir.
            Əsrin ortaları qaynar çağlarım...
            Axıra əsrin də axırı düşdü.
            Ağır bir sənətə könül bağladım,
            Bəxtimə dərdin də ağırı düşdü.
Lakin bununla belə böyük arzular, ümidlər şairidir Məmməd Araz. Bir “günəş günü” arzulayır o. Bu elə bir gündür ki, xəyanətlərə, cinayətlərə işıq xərclənmir, raketlərin qanadı qırılır, ürəklərdən kədər, gözlərdən yaş silinir, dodaqlara gülüş qonur, ürəklərə sevinc...
Mən bu gün xalqımızın sevimli şairi Məmməd Arazın söz gülşənindən doqquz qönçə, doqquz təzə-tər çiçək haqqında oxucu sözü deməyə cəsarət etdim. Deməyə də bilməzdim. Çünki heyrəti ilə heyrətləndirmək qüdrəti var Məmməd Arazın.

1983

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws