Tofiq BAYRAM
İNAM VƏ MƏSLƏK POEZİYASI
Məmməd Araz 50-ci illərin sonunda ədəbiyyata gəlmiş şairlər nəslinin ən istedadlı nümayəndələrindən biridir. Mətbuata çıxan ilk şerləri ilə ürəklərə yol tapan, öz orijinal nəfəsi və dəst-xətti ilə ədəbi ictimaiyyətin nəzərini cəlb edən bu gözəl sənətkar illər keçdikcə poeziyanın çətin və şərəfli yollarında daha inamla addımlayaraq bir sıra yaddaqalan qiymətli şer və poemaların müəllifi kimi tanınmış, geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır.
Məmməd Arazın yaradıcılığında həyat hadisələrinə fəal münasibət, Vətən torpağının gözəlliklərinə həqiqi övlad məhəbbəti, böyük vətəndaşlıq qüruru qızğın ehtirasla tərənnüm olunur:
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək
Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan mövzusu Məmməd Araz poeziyasının əsas leytmotivi, aparıcı qüvvəsidir. Şair doğma Vətənə dar və məhdud çərçivədən baxmır, onu xırda və cılız hisslərlə deyil, geniş və ictimai mənada tərənnüm edir, bütün ölkələrə, xalqlara məhəbbətini Azərbaycanın timsalında ifadə etməyə çalışır:
Mənim yurdum qəhrəmanlar diyarıdır.
Mərd insanlar diyarıdır.
Öz bəxtinin xoş gününü
Öz əliylə yaradanlar diyarıdır, -
deyən sənətkar həmişə Azərbaycan torpağının övladı olmaqla öyünür, ana yurdun gözəlliklərini özünəməxsus coşqun ilham və səmimiyyətlə qələmə alır.
Məmməd Araz poeziyasının qəhrəmanları yurdumuzu gülzara çevirən, ürəyi gecə-gündüz qurub-yaratmaq eşqi ilə çırpınan zəhmət adamları - əli qabarlı fəhlələr, qızmar günəş altında bol məhsul yetişdirən, Vətənin şöhrətini ucaldan, onun sinəsini qızıl bayraqlarla bəzəyən hünərvər tarla əməkçiləridir. Şair bu mövzuda yazdığı şerlərin birində çox gözəl demişdir:
Sən dəniz qoynunda, dəzgah dalında,
Tarlada, zavodda, hər yerdə varsan.
Şöhrət paylananda, ad paylananda
Nə şöhrət umarsan, nə ad umarsan.
Ona ilham verən, öz halal əməyi, xalqa, Vətənə namuslu xidməti ilə fərəhlənən sadə zəhmət adamlarıdır. Məmməd Araz belə insanların qarşısında bir şair kimi həmişə borclu olduğunu etiraf edir. Onların zəngin mənəvi aləmini, yüksək əməllərini şerə gətirmək üçün bütün poetik istedadını və ilhamını səfərbərliyə alır:
Şair, ürəyini bircə anlığa
Bu sadə adamlar yolunda yandır.
Ən böyük qəhrəman, qəhrəmanlığa
Əvəz istəməyən, pay ummayandır.
Dərin həyat müşahidələri, fikri yığcam və sərrast ifadə etmək məharəti Məmməd Araz poeziyasına xas olan qiymətli xüsusiyyətlərdəndir. Qələmə aldığı mövzunu ürəyinin süzgəcindən keçirir, ona poetik don geyindirir, aydın və obrazlı dillə oxucuya çatdırmağı bacarır. Məhz buna görə də Məmməd Araz şerlərini həyəcansız oxumaq mümkün deyil. Bu şerlər oxucu ürəyinə həkk olunur, onu dərindən düşündürür, dünyaya, həyata ayıq gözlə baxmağa çağırır. Məmməd Araz vətəndaş şairdir. Hər bir həqiqi sənətkar üçün vacib olan bu cəhət onun bütün şerlərinin canına-qanına hopmuşdur. Şair cəmiyyətimizdə baş verən bütün hadisələrə öz vətəndaşlıq vicdanı ilə cavabdeh olduğunu söyləyir. Yaxşılığı, xeyirxahlığı ilhamla, sevə-sevə qələmə aldığı kimi, kölgəli və nöqsan cəhətləri də qəzəblə qamçılayır. Bu işdə başqalarının əvəzinə özünü də məzəmmət edir:
Bir bağda barını qurd-quşlar yeyən
Budaq quruyubsa – günahkar mənəm.
Neçə il gözünə əlim dəyməyən
Bulaq quruyubsa – günahkar mənəm.
Məmməd Arazın şerlərini xalqımıza sevdirən ən qiymətli cəhətlərdən biri də onun dövrün ictimai-siyasi hadisələrinə sağlam münasibəti, zamanın ən vacib və aktual məsələlərini vaxtında, poetik şəkildə oxucuya çatdırmaq istedadıdır. Onun sülhə, əmin-amanlığa həsr olunmuş bir sıra orijinal şerləri və poemaları dediklərimizi təsdiq edir. Müharibə əleyhinə yazılan “Üç oğul anası” əsəri bu mövzuda yaranan əsərlər arasında ədəbiyyatımızda özünə layiqli yer qazanmış qiymətli sənət nümunəsidir. Həmin poemada təxminən 20 il əvvəl deyilmiş bu misralar indi də çox aktual və vacib səslənir:
Yel əssə, quş səksə sərhədimizə,
Dağlar da, daşlar da ayılsın bu gün!
Ekvator xəttinə sülh yazsın ellər,
Nidamız Marsa da yayılsın bu gün!
Bu misralar ərzi nüvə silahları ilə hədələyən, dünyaya ölüm təhlükəsi yayan müharibə qızışdırıcılarına poetik ittihamdır. Məmməd Araz kövrək duyğuların, zərif hisslərin, insan ləyaqətinin ən yüksək zirvəsi olan pak məhəbbətin tərənnümçüsü kimi də öz pərəstişkarlarının böyük rəğbətini qazanmışdır. Onun lirik şerləri dillər əzbəri olur, cavanların xatirə dəftərlərinə köçürülür.
“Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri” poemaları Məmməd Arazı həyatımızın geniş panoramlarını, böyük və vacib hadisələrini poetik dillə qələmə alan, yaddaqalan surətlər və xarakterlər yaradan söz ustası kimi məşhurlaşdırmışdır.
Ömrünün 50 baharını yola salmış istedadlı və gözəl sənətkar bu gün də böyük ilham və enerji ilə poeziyanın mürəkkəb və keşməkeşli yollarında qətiyyətlə addımlayır, xalqımıza, dövrümüzə layiq əsərlər yaratmaq eşqi ilə çırpınır.
1983