|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
H. RAZİ

MƏSLƏK VƏ SEVQİ POEZİYASI

Bir neçə il bundan əvvəl Tatarıstan MSSR-də keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərinin iştirakçıları kimi Kazandan çıxıb görkəmli şair Abdulla Tuğayın doğulduğu Krılay kəndinə gedirdik. Bizi müşayət edən tatar şairləri bir yol ayrıcında dedilər:
- Qandallı dekabristləri bu yolla Sibirə aparıblar.
Bir anlığa hamımız bu sözün təsirinə düşdük. Maşındakı şairlərdən biri tez bloknotunu çıxarıb qələmə sarılanda soruşduq:
- Nən yazırsan?
- Şer, dekabristlərin getməyini yazıram...
- Elə bir nəfəsə?
- Mən belə yazıram, - deyə şair pafosla dilləndi. Ilham gələndə saxlamaq olmur.
Məmməd Araz şairin qaraladığı şerlərə ötəri nəzər salandan sonra dedi:
 - Necə yazacağını bilmirəm. Ancaq mən öz təcrübəmə belə yazı tərzini əsla sığışdıra bilmərəm. Mən təsirləndiyim mövzunu ürəyimin oduna bükməsəm,  saatlarla həyəcan keçirib düşünməsəm, masama ehtiramla baş əyib oturmasam sözlərim cana gəlməz.
Məmmədin bu sözləri İtaliya intibahının qüdrətli şairi Petrarkanın bir kəlamını yadıma saldı. O, deyib ki, mən şeri yox, şer məni haraylayır. Misralar ərinti kimi sinirlərimdən keçir, mənəvi ağrılar gözlərimi yaşardır, nidalarım dünyanı çağırır, suallarım önündə bütün varlıq xəyala dalır, yana-yana düşünürəm...
Məmmədin 1959-cu ildə çapdan çıxan ilk kitabı – “Sevgi nəğməsi”ndən başlanan sənət yolu istedadın qanadlarında, bakir düşüncələrin şəfəqində, can yanğısının siqlətində qərar tutmuşdur. Onun misralarında təqlid və bənzəyiş cizgiləri yoxdur. Böyük istedadlar həmişə xırdaçılığı rədd etmişlər. Buna görə də Məmmədin şeri ayaq tutub yeriyəndən heyrət və heyranlıq doğurmaqla ürəklərə hakim kəsilmişdir:
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
            Mənim  könlüm bu torpağı  vəsf eləyərək,
            Azərbaycan dünyasından baxar dünyaya.
Azərbaycan dünyası! Bu dünya Məmmədin şer-sənət aləmi, poeziya səltənətidir. Bu şer-sənət beşiyindən dünyaya boylanan şairin duyğu və düşüncələrində bir məslək eşqinin alovu, sözündə xalqın müdriklik səlahiyyəti var. Məmməd gurultulu sözçülükdən, qafiyə tarazlığına mütləq aludəlikdən, zahiri bər-bəzəklərdən əfsuna düşməyən şairdir. Onun misralarında sevib-sevilmək bəsirəti, alışan qəlbin riqqəti, nifrət etdiyinə qəzəbli üsyan səsi, ikrah və etiraz tənəsi duyulmaqdadır. Onun sevinc və kədər dünyası şerləridir. Şair vaxtı ilə bir oxucuya məktubda bu fikri belə mənalandırmışdır:
            Məni şerimdə gəz bir insan kimi,
            Qəlbimdə nə varsa, ona demişəm.
            Anamdan, bacımdan gizlətdiyimi
            Kağızdan, qələmdən gizlətməmişəm...
Əsil poeziyanın qızıl tərəzisi duyan ürəklərdir. Poeziya heç bir təltif və təqdirlərin işığında bütün aydınlığı ilə görünə bilmir. Onu oxucu qəlbi təsdiq edib möhürləməli, alqışlayıb yaşatmalıdır. Şer yazmaq hələ şair olmaq deyildir. Rəflər üzərində qalaq-qalaq yığışıb müştəri və oxucu gözləyən kitablar bu fikri təsdiq edir. Sənətin çox qısqanc təbiəti var. Bütün varlığınla məftun kəsilməsən, vurulmasan, əhdinə sədaqət göstərməsən, yalanlara azacıq belə meyl edə bilsən poeziya səndən ayrılacaqdır.
Məmməd Araz müqəddəs şer məbədimizin ixtiyarlı sahiblərindən biridir.
            - Mən də şerin xidmətçisi,
            Mən də şerin yiyəsiyəm,-
deyən şairin sətirləri mənəvi saflıq, yüksək məna dəyəri, bədii mükalimə əlvanlığı ilə seçilir. Onun şer nəhrində həyata və insana pak sevgi yelkənləri qərar tutmuşdur. Məmmədin şeri parlaq ulduzların çevrəsində bir poeziya kometasıdır.
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim.
            Bu torpaqsız harda, nə vaxt, nə dərdim –
            Xəzanımdır, xəzanımdır, xəzanım.
            Dünənimi döşdən asan deyiləm,
            Dünənimə qəbir qazan deyiləm.
            Ürəyimsiz kəlmə yazan deyiləm,
            Nə qədər ki, öz əlimdir yazanım.
Şairin sənət yanğısı ehkamlara uyuşmadan, həqiqətə inam və pərəstiş qaynaqlarına güvənir, böyük sevgi və qayğılardan qidalanır. Onun poeziyası bəzən silah götürüb təzadların axınında döyüşçüyə çevrilir, xalq adından hökmlər verir, pəhriz və qorxu bilmədən ali duyğulardan cəsarətlə söz açır, haray çəkir.
            Döy qapımı, döy qapımı Müşfiq küləyi,
            Əli Kərim qasırğası, qır pəncərəmi.
            Bir uçurumdan asılıdır şair ürəyi,
            Bir sal daşa söykəmişəm pəncələrimi.
                      Torpağımız alov quşlu, şimşək cüyürlü,
            Bu torpağı qucmaq üçün dumanlaşaydım.
            Əyiləydim bir div kimi: Arazlı, Kürlü
            Dərələri sümürəydim, tufanlaşaydım...
Məmməd vətənpərvər şairdir. Onun məhəbbəti kiçik Nurs kəndindən qartal kimi üfüqlər keçib Azərbaycanı, bütün Sovet İttifaqını qucaqlamışdır. Dünyamızın axar-baxarına boylanan şairin mövzuları tükənəndə bütün günahları və günahkarları aramaqla məhəbbət zəlzələsi ilə ayağa qalxır, vətənin gözəlliklərindən vəcdə gəlir. O, Arazın dərdlərini haçalı misralara düzür, gərəksiz sətirlərdən üz çevirir, vətən eşqinin alovunda Xətainin son nəğməsini, Qalileyin məhkəməsini xatırlayır, pak ürəkli vətəndaşların ölməzliyinə inam bəsləyir. Məmmədin “Professor Gülə məktub”, “Səməd Vurğunla söhbət”, “Dağlara çağırış”, “Babək qılıncı” kimi şerlərində anamız Odlar diyarına sahilsiz bir eşqin yanğısı şölə çəkir.
            - Biz bağların barını ömürlük dərsək,
            Gələcək nəslə quru agac versək,
            Adımızı, ruhumuzu çəkərlər dara,
            Sümüyümüzü yığıb qoyarlar toplara –
deyən şairdə vətən təəssübkeşliyi, xalqa sevgi motivləri tükənməzdir. Onun şerində dünyanın taleyindən narahatlıq, sülhə çağırış sədaları da güclüdür. Məmməd eyni zamanda incə bir lirika ilə riyasız məhəbbəti bütün dolğunluğu, aşiq kövrəkliyi ilə göstərən və cilalayan şairdir.
Istedadlı şair, gözəl insan olan Məmməd Arazın anadan olmasının 50 illiyini təbrik etməklə onun daha böyük poeziya zirvələrinə yüksəlmək bəsirətinə ürəkdən inanır, bir-birinin ardınca gözəl əsərlər yazan şairin sabahkı dolğun nəğmələrini eşitmək arzusu ilə uğur olsun deyirik.
           Hardasa qayğılar yol gəlir hələ,
            Sabahkı qayğıma qarışmaq üçün.
            Hələ məndən qaçan çox dərdlərimlə
            Məqam axtarıram vuruşmaq üçün.
Əsl mükafatı xalq sevgisi olan şairə bütün qayğılarında nikbinlik, inam və səbatlı olmağı arzu etməklə, onun müvəffəqiyyətlərinə və uğurlarına ürəkdən sevinirik.

1983


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws