|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Əkrəm  ƏYLİSLİ

BALA  VƏTƏN, BÖYÜK VƏTƏN

Məmmədin bala vətəni Nurs kəndinin dəniz səviyyəsindən nə qədər hündürdə olduğunu dəqiq bilmirəm: hər halda min kilometrdən ya bir az az olar, ya bir az çox.
Mən Nursa Məmmədlə də getmişəm, Məmmədsiz də. Onların dağın döşündəki evi, o evin dalındakı xırdaca bağ, o bağın kolu, ağacı, otu-yarpağı indi də gözümün qabağındadır.
Məmmədi birinci harda görməyim yadımda deyil. Ancaq onun Bakıdakı birinci evi yadımdan çıxmayıb: mazutlu, asfaltlı, dünyanın fərşindən də xeyli altda – qaranlıq, havasından havasızlıq iyi gələn darısqal zirzəmi. Göydən, göyün günəşindən, ayından, ulduzundan xəbərsiz bir yurd. Allahın sərəncamından çoxdan çıxıb, indi ünvanı “Upravdoma”, bir də Əzrailə məlum olan qəribə insan sığınacağı. Özü də, az qalıram deyəm ki, dəniz səviyyəsindən aşağıda!
Ancaq elə bilməyin ki, mən sizi dəniz səviyyəsindən min kilometrlərlə yuxarıda yaşayanların “dəniz səviyyəsindən aşağıdakı” həyatı ilə qorxutmaq istəyirəm. Yox. O həyat qorxulu deyildi, çünki ürəkdə Nursun günəşinin hələ bir dünya işığı vardı, hələ ürəkdə bir dünya arzu vardı, ümid vardı... Bir də axı zirzəmidə xoşbəxt olmamaqda təəccüblü nə var ki, qardaş! Ancaq böyük binada,  abad mənzildə, beşinci, onuncu, on beşinci mərtəbədə o xoşbəxtlik yenə çatışmayanda adama yaman təəccüblü gəlir!..
Mən özüm vağzalda da yatmışam, bulvarda da... Ancaq heç vaxt uzun müddət zirzəmidə yaşamamışam. Amma bilirəm ki, uşaqlıq və ilk gənclik çağlarında dəniz səviyyəsindən çox-çox yuxarıda yaşayanların əksəriyyəti haçansa o zirzəmidən mütləq keçiblər. Və o zirzəmilərdə yaşamaq mənim özümə də bir vaxt tamam təbii görünürdü. Indi, nədənsə, qəribə gəlir: axı o ucalıqdan, işıqdan, genişlikdən sonra insan o dar zirzəmilərdə necə yaşaya bilərdi?  Buna insan nəyin xatirinə dözürdü? Təkcə ona görəmi ki, bir vaxt bu şəhərdə üçotaqlı, dördotaqlı, beşotaqlı mənzili olacağına inanırdı?..
Bu inam, əlbəttə, nəyisə həll eləyirdi, ancaq hər şeyi yox. Bu dözümün əsas səbəbi – insanın üçotaqlı, dördotaqlı, beşotaqlı mənzillərdə mütləq xoşbəxt olacağına ümidi, inamı idi... Və bir vaxt dəniz səviyyəsindən çox-çox yuxarıda yaşamışların ən istedadlarının əsl həyat dramı da elə bu mənzillərdə başlandı. Haradasa – uzaqlarda qalmış o bala Vətənin ən böyük Vətən olduğunu insan, ürəyinin gözü ilə görməyə başladı. Bundan yeni bir dram meydana çıxdı. Ancaq bu, həyat dramı deyildi, ruhun, mənəviyyatın çətin imtahanı, ağır sınağı idi.
            Özündən qaçmağa nə varmış ?
            Özünə qayıtmaq çətinmiş, çox çətin.
Bu misraları Məmməd Araz 1975-ci ildə yazıb. Onun bu il öz əlli yaşına yazdığı misralara fikir verin:
            Əsrin ortaları – qaynar çağlarım...
            Axıra əsrin də axırı düşdü.
            Ağır bir sənətə könül bağladım,
            Bəxtimə dərdin də ağırı düşdü.
Məmmədin ən ağır dərdi bala Vətənin həsrətidir. Və Məmməd, şübhəsiz ki, bu həsrətin şairidir.
Bu həsrət gücləndikcə şair Məmməd Araz dərinləşir. Bala Vətən Məmmədin misralarında  Böyük Vətənin süd anasına çevrilir, çünki hər şey ordadır, hər şey ordan başlanır:    
            Orda dastan düzləri,
            Orda şer mərzləri,
            Orda muğam dərələri,
            Bayatı bərələri,
            Saz aşırımları,
            Tar-kaman şırımları,
            Simfoniya zirvələri
            Illərdən bəri
            əkilir, bicilir,
            gəzilir, keçilir...
Bala Vətəni olmayanın, söz yox ki, Böyük Vətəni də yoxdur. Ancaq Məmməd Araz yaradıcılığının son illər xüsusilə nəzərə çarpan bu, aparıcı qüvvəsini hətta bir anlıq yaddan çıxarsaq belə, onun öz ən yaxşı şerlərini son ilin içində yazdığına heç bir şübhə ola bilməz. Özünün əsil şair “repertuarını”  Məmməd Araz məhz bu on ilin içində daha dəqiq tərtib edə bilmişdir. Onun son illərdəki yaradıcılığında, məsələn, X1X əsrin böyük alimi və ixtiraçısı Alferd Nobeli məşhur Bakı milyonçusu Lyudviq Nobellə eyniləşdirən, “Nobel mükafatı” kimi real həqiqəti zahiri effektin ayağına verən təsadüfi şerə az-az rast gəlmək olar. Bu illərdə Məmməd Araz poeziyasının kədəri dərinləşib, ahəngi təzələnib, mətləbi daha da saflaşıb.
Əgər Məmməd Arazı nasirlərimizlə müqayisə edəsi olsaydıq, məncə, o, hamıdan çox Sabir Əhmədova bənzərdi: bala Vətənin dərd-sərinə, ruhuna-əxlaqına hədsiz sadiqliyi, qaynar vətəndaşlıq heysiyyəti, publisistik pafosu, bir də yaradıcılıq nailiyyətlərinin, ən yaxşı mənada, rasionallığı ilə...
            Vətən mənə oğul desə, nə dərdim,
            Mamır olub qayasında bitərdim.
Məmmədin bu məşhur misralarındakı acı nisgili duymaq, dərk eləmək çətin deyil. Lakin (oxucuya qəribə gəlməsin) Məmməd Araz, məndən ötrü, bu misralardan qat-qat ucada dayanan şairdir. Çünki burada şikayət var, umu-küsü var; çünki vətəndən oğulluq haqqı istəməyə şairin mənəvi ixtiyarı yoxdur.
Bir də axı öz oğullarını tanıtmaq Vətənin borcu deyil. Oğulların borcu – Vətəni tanıtmaqdır.
... Məhz Məmməd Araz kimi oğulların...

1983



 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws