ANAR
HAMIMIZIN DÜNYASI
“Dünya sənin, dünya mənim...” müasir şerimizin istedadlı yaradıcılarından biri Məmməd Arazın “Yazıçı” nəşriyyatı tərəfindən “Şairin kitabxanası” seriyasında çıxan yeni kitabı belə adlanır. Müəllifin təqriban otuz illik ədəbi çalışmalarının müxtəlif dövrlərini əhatə edən bu kitab həm şairin fərdi dünyası haqqında, həm də hamımızın ümumi böyük dünyamız haqqında poetik düşüncələr toplusudur.
Müəllif kitaba yazdığı “Söz haqqında söz” adlı müqəddimədə oxucuları bioqrafiyasının, sənət yolunun bəzi faktlarıyla tanış edir:
“1950-ci ildə orta məktəbi bitirib, Bakıya gəldim. Sənədlərimi V.İ. Lenin adına APİ-nin coğrafiya fakültəsinə verdim...”
Məmməd Arazın yüksək poetik ilhamla yazılmış şerlərini oxuduqca, bu şerlərdə əks olunmuş Azərbaycan təbiətini gözlərin önündə canlandırdıqca, düşünürsən ki, o, coğrafiya fənnini mənimsəməyə başladığı vaxtdan çox-çox qabaqlar bu fənnin mövzusunu, əyani varlığını mənimsəyib. “Dağlara qar düşəndə -oda-ocağa məhzunluq ələndiyi” – heç bir coğrafiya dərsliyində yazılmayıb. “Dağların həm qocalmasını, həm ucalmasını”, “quzu bulaqların daşların dibində yetim qalmasını” yalnız canlı müşahidələrin təsiriylə qavramaq, yalnız qəlbin yaddaşında yaşatmaq olar. “Əyilə, əyilə dərə boyunca keçən duman” da, “qanadlı qayalar” da, “təbiətdə nəyinsə nəyə təbiət dilində etirazı olan uçqunlar” da xəritələrdə qeydə alınmayıb, təbiətin ulu kitabında nəqş edilib. Gərək bax, bu kitabı oxumağı bacarasan. Təhsilinə coğrafiyaşünas olmaq niyyətilə başlayan, amma anadan şair doğulmuş gənc bunu bacarıbdır.
Məmməd Araz şerinin iki təməl daşı – doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə bələdlikdir, bəlkə də “vaqiflik”və “bələdlik” kəlmələri şairin bu iki əsas özülünü tam dürüstlüklə ifadə etmir. Məmməd təbiətin ən müxtəlif çalarlarına, sirlərinə vaqif olmaqla bərabər – bütün bunları heç kəsin görmədiyi şəkildə görməyə, heç kəsin duymadığı tərzdə duymağa, yalnız özünəməxsus şəkildə göstərməyə qadirdir.
Bu bacarıq, bayaq dediyim kimi, ikinci cəhətlə - dilimizin bütün incəliklərinə və imkanlarına bələd olmaqla bağlıdır. Məmməd Araz üslubunun xüsusiyyəti ondadır ki, söz bolluğunu cilovlaya bilir, fikirlər axınını sabit vəzn məcrasında yerləşdirməyi bacarır. Məmməd Araz şerində sanki fikirlər sözlərin boyuna biçilib, burada nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var, nə də darısqal misralar köynəyində nəfəsi darıxan düşüncələr. Burada söz köpüyündə görünməz olmuş, itib-batmış obrazlar da yoxdur, qəlibləşmiş təşbehlər də... Şair yazanda ki:
Seyrək dumanları qovan, itirən
Qalın dumanlarda itən olmayım.
və yaxud:
Bir dilin bir dilə qənimliyindən
Dad qılır çalağan, dad qılır əfi –
adama elə gəlir ki, bu fikirlər heç bir başqa sözlərlə ifadə oluna bilməzdi.
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Necə deyərlər, məzmun formaya kip geydirilib, forma məzmunun əynində tarım durur.
Məmməd Araz poeziyasının məhvəri də, cövhəri də - vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında, kürrəyi-ərzimiz haqqında həm nikbin, həm də nigaran qənaətlərdir.
Hər bir fərdi vətənin kiçik bir daşı sayan şair aforistik yığcamlıqla bəyan edir: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”.
Məhz belə bir vətəndaşlıq mövqeyindən şair tarixə saxtakar münasibəti damğalayır:
Dilimin ətrindən dili kallaşan,
Təzə dil axtaran dillərdən qorun.
Dünənki tarixi bugünkü daşa
Yamayıb, basdıran əllərdən qorun!
Xalq taleyinin dolanbac yolları haqqında düşünən şairin ağrılı sualları xüsusi bir təlaşla səslənir: “O zamanmı bitdi bizim dilimizin “sənin”, “mənim” qabarı da? O zamanmı bitdi bizim “haralısan” damarı da?”.
Şair qəlbinin daimi nigarançılığı çağdaş dünyamızın başı üstünü almış ölüm təhlükəsidir. “Döş kimi dolu raketlər”, “Yer kürəsini aşırmağa uçurum gəzənlər” şairi düşündürən, danışdıran mətləblərdir. “Dünya sənin, dünya mənim...” deyən müəllif özündə bu kiçik planetimizin taleyi haqqında cavabdehlik hissi duyur və bu hissi hamımıza aşılamağa, təlqin etməyə çalışır.
Dünyaya cavabdehlik hissi, dünyamızı qorumaq əzmi – yalnız o vaxt həqiqi, böyük ehtirasa çevrilir ki, dünyanı birrəng deyil, əlvan, çoxsəsli, çoxmənalı görür, eşidir, duyursan. “Bir gündə bir ömür yol gedərək”, “dünyada nə gözəl bir gün yaşadıq” – deyə bilirsən. Onu da dərk edirsən ki, “Bu dünya mənimlə başlamamışdı. Bu dünya mənimlə qurtarmayacaq”.
Gözəl şairimizin yeni kitabıyla “dünyada gözəl bir gün yaşadım” və bu günün təəssüratı hələ çox-çox günlərə, aylara, illərə paylanacaq. Mənim dünyamda, sənin dünyanda, hamımızın dünyasında Məmməd Arazın öz yeri, öz səsi var.
1984