Bünyamin QƏNBƏROV
“VƏTƏN UNUDULMUR, VƏTƏN UNUTMUR”
Oxucu sözü
Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim.
Kürək söykəyənin ana torpağa,
Haqqı yox, ayrı bir təltif istəsin...
Budur, həqiqi vətənpərvərlik. Budur, xalqa, xalqın tarixini yaşadan torpağa əsil bağlılıq. Budur, mayası torpaqdan yoğrulub, günəşdən ucalıq alan poeziya. Budur, Məmməd Araz poeziyası, öz cığırı, öz axarı, öz qaynaqları olan poeziya.
M. Araz üçün vətəndaş olmaq Vətənin ən böyük mükafatını almaq deməkdir. Bu, şairin “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” misrasından da aydın görünür. Sevimli şairimiz Məmməd Arazın indiyə qədər oxuculara xeyli sayda ədəbi töhfəsi olmuşdur. Onun kitabları bu gün oxucuların stolüstü kitabıdır.
“Dünya sənin, dünya mənim” kitabı oxucuya yeni poetik töhfədir. “Yazıçı” nəşriyyatı tərəfindən buraxılan bu kitab M. Araz yaradıcılığının yeni bəhrələrindəndir. Əvvəlki kitabları kimi müəllifin bu kitabı da oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Kitabda gedən şerlər oxucunun ruhunu oxşayır, saflığa, xeyirxahlığa, vətəndaşlığa çağırır.
Oxucu müasir ədəbi prosesi maraqla izləyir. Bu günkü poeziyadan yenilik, qeyri-adilik gözləyir. Sözçülük, ritorika oxucunu qane etmir. Coşqun şeriyyət, obrazlı deyimlər oxucuya mənəvi qida verir. Məmməd Araz poeziyasında yüksək qaye, fikrin emosionallığı hər sətirdə özünü göstərir:
Yazım bu qürbətdə hara dərdimi,
Keçdi yollarımız Arldan, Nimdən.
Bu ağ şəhərlərin qara dərdini
Çıxara bilmədim öz ürəyimdən.
Dünyanın bütün xalqlarını xoşbəxt və azad görmək arzusu M. Araz poeziyasının humanist qaynaqlarıdır.
Məmməd Araz şeri oxucunu cazibə qüvvəsilə özünə cəlb edir. Bu poeziyanın əlvanlığı, fikir qatları, estetikası ürəklərə asanlıqla yol tapır. Demək olar ki, onun şerlərinin əksəriyyəti bu gün dillər əzbəridir. Ilhamını, mayasını xalq yaradıcılığı qaynaqlarından alan, müşahidə etdiyi insanları və həyatı poetik süzgəcdən sənətkarlıqla keçirən Məmməd Araz xalqının sevimli şairidir.
Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi...
“Dünya sənin, dünya mənim” kitabında coşqun ehtiraslı, həyata, mübarizəyə səsləyən şerlər çoxdur. Bu misralar müasirlərimizi əsil vətəndaş olmağa çağırır:
Xalqın ürəyində bir səs uyuyur;
Vətən unudulmur, Vətən unutmur...
1984