Tofiq MÜTƏLLİBOV
XALQ ŞAİRİ OLMAMIŞDAN DA
İndi oxuculardan tez-tez bu sözləri eşitmək olur:
- Məmməd Araz xalq şairi olmamışdan da xalqın şairi idi. Bu adı xalq ona rəsmi fərman çıxmamışdan vermişdi. Yaxşı deyiblər ki, xalqın gözü əsl tərəzidir, yaxşını pisdən ayıran, düzgün çəkən tərəzi. Bəzi fərmanlarda səhv ola bilir, lakin xalqın qiymətində yox. Bu sözləri yazarkən xəyalım 37 il bundan əvvələ - 1954-cü ilə qanadlanır. O vaxt Məmməd Araz V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda oxuyurdu. Böyük akt salonunda poeziya gecəsi keçirilirdi. Görkəmli şairlərlə yanaşı, Məmməd İbrahimov da (o zaman “Araz” təxəllüsünü götürməmişdi) şerini oxudu. Birdən bir bənd yadından çıxdı, duruxdu. Elə bu zaman bir tələbə yerindən qalxıb şerin həmin bəndini əzbər söylədi. Sonra başqa bir tələbə şerin ardını əzbərdən dedi. Həm fərəhlənən, həm də çaşıb qalan Məmməd gah şerini oxuyan tələbələrə, gah da rəyasət heyətində oturan üstad şairlərə, yazıçılara baxırdı. Gecədə iştirak edən xalq yazıçısı Mehdi Hüseyn dedi:
- Bax, əsl oxucu məhəbbəti budur. Bu gəncin gözəl gələcəyinə inanıram.
Yaxşı deyirlər ki, hörməti, rəğbəti qazanmaqla yanaşı, onu qorumaq da istedad tələb edir. Uzun illər keçməsinə baxmayaraq, bu gün də Məmməd Araz poeziyası elə hərarətlə, elə məhəbbətlə qarşılanır. Onu da qeyd edək ki, 1933-cü ildə Naxçıvanın Şahbuz rayonunun Nurs kəndində həyata göz açmış Məmməd İbrahimov sevimli xalq şairi, respublikanın əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Məmməd Araz olunca uzun, çətin, təzadlı həyat və yaradıcılıq yolu keçib. Təvazökarlıq onu ucaltdığı kimi, həm də bir çox maneələrə səbəb olmuşdur. Kitabları aylarla, illərlə mətbəələrdə yatıb qalıb, haqqı dəfələrlə tapdalanıb. Istirahətdə olarkən günahı olmadan onu “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru müavini vəzifəsindən azad ediblər. Yenə də dözüb. Aylarla işsiz qalıb, şikayətə getməyib, dözüb. Hətta çap olunan kitabının halal pulunu almağa da çətinlik çəkib. Təbiət ona yüksək istedad bəxş edib. Fəqət, sağlamlığını əlindən alıb. Kitablarından aldığı pulu restoranlarda, kef məclislərində deyil, xəstəxanalarda xərcləyib. Yenə də dözüb. Bu dözüm ona baha başa gəlib. Saçları vaxtsız ağarıb. Ürəyini xəstəliyə salıb, əsəbləri pozulub. Elə bil bu görkəmli sənətkarın simasında təvazökarlığın faciəsi əks olunub.
Öz ömrümü şum elədi öz əlim,
Yazında gül, payızında xəzəlim.
Gündoğandan günbatana mənzilim,
Bu da belə bir ömürdü yaşadım.
Ocaq oldum, ocaq daşı olmadım,
Hər çalaya axan naşı olmadım,
Arazımla yol yoldaşı olmadım,
Bu da belə bir ömürdü yaşadım. -
deyən Məmməd Arazın ömrü həmişə təzadlarla, çətinliklərlə dolu olub. Fəqət bu çətinliklər, qarşıya çıxan maneələr onu düz yoldan döndərə bilməyib. “Düz sözdür dünyada hər şeydən baha” fikrindən uzaqlaşdırmağa gücü çatmayıb. O, hələ 1973-cü ildə:
Bir ümmandım, dəniz-dəniz
Satdı ürək, əlim səni.
Həkimlərdən, dərmanlardan
Indi gərək,
Damla-damla alım səni. -
desə də illər ötdükcə ürəyini həkimlərin, dərmanların əlindən ala bilməyib. Yaxşı deyiblər ki, xəstəlik həssas ürəkdə daha tez məskən salır. O, bəzən həkimlərin də məsləhətinə qulaq asmayıb, ürəyini sağlamlaşdırmaqdansa, yaradıcılığını zənginləşdirməyi daha üstün tutub.
Məmməd Arazın ədəbiyyata gəlişi də maraqlı olub. 1950-ci ildə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji institutunun coğrafiya fakültəsinə daxil olan Məmmədin qəlbində poeziya qığılcımları şölələnib. Bu qığılcımların alova çevrilməsində institutun ədəbiyyat dərnəyinin və dərnəyin rəhbəri yazıçı İsmayıl Şıxlının rolu böyükdür. Məmməd Arazın dediklərindən:
-- Xəbər tutdum ki, institutda ədəbiyyat dərnəyi fəaliyyət göstərir. Dərnəyin rəhbəri də İsmayıl Şıxlı adlı cavan bir yazıçıdır. Onu mənə nişan verdilər. Bir gün girəvə tapıb ona yanaşdım. Qeyri ədəbiyyatçıların dərnəyə qəbul olunmasının şərtlərini soruşdum. Şərtləri yaxşı yazıçılıqdır, - dedi. Şairsən, ya nasir? Şer yazıram, – dedim. Şerin fakültəsi yoxdur. Gələn həftədən buyur gəl.
Bəli, dərnəkdə atılan addımlar möhkəmləndi. Bu addımların sorağı respublikamızdan, sonra onun hüdudlarından eşidildi. Indi 58 yaşı tamam olan şairin həyatını öyrənmək istəsək, onun bir-birinin ardınca çap olunan “Sevgi nəğməsi”, “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Mən səni taparam”, “İllərdən biri”, “Qanadlı qayalar”, “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Aylarım, illərim” və s. kitablarına nəzər salmaq kifayətdir. Bu kitabların hər birində şairin odlu ürəyi döyünür. Öz təbirincə desək, “Məmməd Araz yaşayır”.
Kicik müsahibə:
-- Yeni kitabınız nə vaxt çap olunacaq?
-- Mənə elə çətin sual verirsiniz ki, cavab tapmağa çətinlik çəkirəm.
-- Niyə?
- Çünki “Daş harayı” kitabım “Yazıçı” nəşriyyatının 1990-cı il planında idi. Artıq 1991-ci il başa çatıb. Qismət olsa, yəqin ki, 1992-ci ildə işıq üzü görəcək.
O, danışdıqca öz-özümə düşünürəm: əgər belə görkəmli şairin kitabı da vaxtında çıxmırsa, iki ilə yaxın mətbəələrdə yatıb qalırsa, onda vay o birilərin halına.
Yenidən Məmməd Araza müraciət edirəm:
-- Xalq şairi adı almağınız Sizə necə təsir edib?
-- Əvvala onu deyim ki, məni tanıyanlar yaxşı bilirlər ki, ömrümdə heç vaxt fəxri adlar ardınca qaçmamışam. Daha doğrusu, şöhrət aludəçisi olmamışam. Lakin belə keşməkeşli, təzadlı dövrdə məni yad etdikləri üçün əlaqədar təşkilatların qayğısına minnətdaram. Onu da deyim ki, mən həmişə xalq şairi olmaqdansa, xalqın şairi olmağıma çalışmışam.
Azərbaycan – qayalarda bitən bir çiçək,
Azərbaycan – çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eləyərək,
Azərbaycan dünyasından baxır dünyaya.
Azərbaycan dünyasından dünyaya baxan şairin fəlsəfi qənaəti belədir: “Dünya sənin, dünya mənim, dünya heç kimin”.
Onu da qeyd edək ki, M. Araz Azərbaycanı sevdiyi kimi, Azərbaycan da onu sevir. Bu qarşılıqlı məhəbbət, sədaqət öz gözəl bəhrələrini verib. Nə qədər şöhrət qazansa da, Məmməd Araz öz təvazökarlığını itirmir, “hələ mən nə etmişəm ki,”deyir.
Biz qəribə bir zamanda yaşayırıq. Bəziləri özündən əvvəlki ədəbi nəsilləri, hətta ustadlarını belə inkar edirlər. Bəs Məmməd Araz necə?
MƏMMƏD ARAZIN SÖZLƏRİNDƏN:
--Bizim nəslin bir xoşbəxtliyi də var ki, onlar Səməd Vurğunu gördülər, Mehdi Hüseyni, Rəsul Rzanı yaxından tanıdılar. Əli Kərimlə dostluq, yoldaşlıq etdilər.
Bəziləri sənətə qeyri-ciddi münasibət bəsləyir. Onlar Rəsul Rzanın “Həsrət qalıb bir qafiyə vüsalına, ürəyimin ağrısından pələng kimi bağırmışam” misrası təəccüblü görünür. Bəzilərinə əsər yazmaq yaradıcılıqdan çox vərdişə çevrilib. Bəs Məmməd Araz necə?
MƏMMƏD ARAZIN SÖZLƏRİNDƏN:
-- Ya qələmdən ciddi yapış, ya da ciddiyyətlə vidalaş. Ayrı yolla sənət yoluna çıxış yolu yoxdur.
Bütün bunlar, bu fikirlər, bu kəlamlar Məmməd Arazın portret cizgiləridir. Indi şairin dostları da, hətta düşmənləri də etiraf etməyə məcburdurlar ki, hər xalqın yaxşı şairləri olsa da, Məmməd Arazı yoxdur. Çünki şair özü demişkən:
Adi ömür, adi iş
Məndən ötrü deyildir.
Hələ bir insan ömrü,
Şair ömrü deyildir.
Bəli, həmin şair ömrünü qazanmaq, bu ömrü yaşatmaq fədakarlıq tələb edir. Şöhrəti qorumaq şöhrəti qazanmaqdan çətindir. Bu hikməti öz ömür salnaməsinə çevirən Məmməd Arazın öz təbirincə desək, o, qələmi hərbi nazir, paytaxtı yazı masası olan bir dövlətdir.
Bir balaca dövlətəm mən,
Qələmimdir hərbi nazir.
Paytaxtımdır yazı masam.
Nizaminin, Füzulinin qoşunları
Keçə bilməz gələcəyə,
Yol üstündə bu balaca
Şer, sənət dövlətimlə,
Mən olmasam.
1991