“YURDDAŞ”
Xalq şairi, Azərbaycanın sevimli oğlu Məmməd Arazın
60 yaşı tamam olmuşdur.
MƏMMƏD ARAZ ZİRVƏSİ
Azərbaycan – qayalarda bitən bir çiçək
Azərbaycan – çiçəklərin içində qaya.
Bu gün 60 illiyini qeyd etdiyimiz dövrümüzün halal şairi, düzlük, həqiqət timsalı Məmməd Araz bütün ömrünü Azərbaycan poeziyasının qüdrətlənməsinə, qüvvətlənməsinə həsr etmişdir. Yazdığı əsərlərilə hər kəsin fəth edə bilmədiyi uca bir zirvəyə qanadlanmış, Azərbaycan poeziyasında özünəməxsus bir yer tutmuşdur.
Bu günə qədər həyat bu böyük şairi ağır sınaqlardan çıxarıb, açılması müşkül maneələrə tuş gətirmişdir. Lakin dünyanın hər əzab-əziyyətinə mərdliklə dözən M. Araz heç vaxt məsləkindən, əqidəsindən dönməmiş, öz təmiz, pak hissləri ilə, bu hisslərin sözlərə dönən misraları ilə hər çətinliyə sinə gərmişdir. Ürəkdən süzülüb axan kövrək, bəzən kədər, qəm dolu, bəzən də şaqraq gur şəlalələr kimi axıb tökülən şerləri Məmməd Araz ruhunu duyanlara, onu sevənlərə yol yoldaşı olub. İnsanlara təmiz hisslər, gözəl duyğular aşılayıb. Çoxları müxtəlif cür mükafatlar, fəxri adlar almaq, sayılmaq, seçilmək üçün şer meydanlarına atılanda ancaq xalqı üçün yazıb-yaratdı Məmməd Araz. Vətənli şerlərini yazdı. Bu şerlərilə insanlığın ən yüksək zirvəsinə ucaldı. “Mən belə dünyanın nəyindən küsüm”, “Dünya düzəlmir ki, düzəlmir, baba”, “Ya rəbbim, bu dünya sən quran deyil” kimi şerlərini oxuyanda bu təzadlarla, ziddiyyətlərlə dolu dünyamızın Məmməd Araz tilsimindən çıxmaq olmur.
Bu əziz gün münasibətilə hörmətli şairimizi ürəkdən təbrik edir, növbəti yubileyinin sülh, əmin-amanlıq şəraitində keçirilməsini arzulayırıq. Ürəyi vətən sevgisinə köklənən şairə daha uca zirvələr diləyir, bu zirvələrdən misra-misra səpələnən odlu-alovlu şerlər gözləyirik. Sizdən bu qanlı-qadalı günlərimizdə düşmənə nifrətdən doğan, Vətənə, xalqa inamla, qələbə sorağıyla yazılacaq yeni şerlərinizi oxumaq istəyilə ayrılırıq. Allah səni saxlasın, Məmməd Araz!
1993