|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Bəkir   NƏBİYEV

ŞERİMİZİN   XAN  CİNARI

Altmış il bundan əvvəl Şahbuzun Nurs kəndində, el-obada xüsusi hörmət və ehtiram sahibi olan İnfil kişinin ailəsində Məmməd adlı qarabuğdayı, qaragözlü, çəlimsiz bir uşaq dünyaya göz açanda atası və anası bəlkə də heç xəyallarına belə gətirməzdilər ki, o, böyüyüb şair olacaq. Amma sən demə, həmin bu uşaq Azərbaycanın ən görkəmli şairlərindən biri – Məmməd Araz olmaq üçün Allah vergisi ilə doğulubmuş. Illər keçdi. Atası da, anası da indi çox dəbdə olan heç bir plan, yaxud proqram tərtib etmədən, sadəcə valideynlik vəzifələrini yerinə yetirərək, hər şeyi öyrənmək, bilmək istəyən, xalq deyimlərinə heyran-heyran qulaq asan, eşitdiklərini beynində, ürəyində hifz edən balaca Məmmədin qarşısında sinə dəftərlərini səxavətlə açdılar, özləri də bilmədən onun məhz bir şair kimi  yetişməsinə zəmin yaratdılar.   

Bəli, Məmməd Araz bütün varlığı ilə ana dilinin təbii axarına, folklora, ata-baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkardır. Ilk kitablarından birini “Anamdan yadigar nəğmələr”, poetik yetkinlik çağlarında nəşr etdirdiyi ən sanballı poemasını isə “Atamın kitabı” adlandırmaqla şair böyük təvazökarlıqla olsa da, demək istəyir ki, yazdıqlarım içində yaxşı nə varsa, onların hamısı üçün ilk növbədə atamla anama, mötəbər daşıyıcısı nənə-babalarımız olan zəngin mənəvi irsimizə, təkrarsız folklorumuza borcluyam. Şerlərindən birində  “Nənəmin kitabı” kimi mənalandırdığı bu böyük xəzinəni şair dərin minnətdarlıq duyğusu ilə belə açıqlayır:
            Ellərin zəkası, xəyalı, dərdi
            Orda pərdə-pərdə dilə gələrdi.
            Onda nəğmə vardı, bayatı vardı,
            Onda sevinc quşu, qəm atı vardı.
            ... Kitabın ildırım sürəti vardı,
            Bir anda bir əsri uçub aşardı.
            Sinəmə el sazı asdı o kitab,
            Sinəmə çox kitab yazdı o kitab.
Allah vergisi əvəzsiz nemət idi. Böyüklərindən eşitdikləri, məktəbdə öyrəndikləri də çox əhəmiyyətli, çox vacib idi. Lakin bunlar gələcək şair üçün kifayət deyildi. Buna görə də o, Böyük Vətən müharibəsinin ağır ehtiyac möhürü vurmuş olduğu qırxıncı illərdə bilavasitə həyatın özündən öyrənməli, onun sərt dönüşlərinə, ağır sınaqlarına sinə gərməli olur.
            Mən çox gözəl öyrəndim
            Dəryazların dilini,
            Küləklərin dilini,
            Sazaqların dilini.
            Onda zaman müəllim,
            Təbiət dərslik idi.
            Dil dərsimiz bunların
            Hökmünə təslim idi.
            Yerdən çörək diləyən
            Xış dili bilməliydi,
            Quş dili bilməliydi,             
            Daş dili bilməliydi.
Sonralar Bakıya gəlib pedaqoji institutu bitirsə də bu etirafda deyilənlər M. Araz üçün həm də insanları, onların daxili aləmini, psixologiyasını, zəngin qarşılıqlı münasibətlərini öyrədən əvəzsiz bir universitet rolunu oynamışdır. Həmkarlarından birinin kitabı haqqında danışarkən M. Araz demişdir: “Sənətdə özünəməxsusluq o zaman reallıqla bir yola çıxır ki, dövrə, zamana məxsusluqla tərs mütənasib olmasın. Yoxsa özünəməxsusluq susuz dəyirmana bənzəyəcək”. Maraqlıdır ki, şair özü yaradıcılığının ilk mərhələsindən, sövqü-təbii ilə, özündən əvvəl yaşamış orijinal poetik simaların irsi ilə həmahəng olan , əsl irs – varis münasibətlərinə əsaslanan özünə məxsusluq kəsb etmişdir. Özünəməxsusların cərgəsində olmaq – öz sənətinin mahiyyəti ilə xalqa, folklora, klassik irsə bağlılıq deməkdir; lakin folklorun, klassik irsin sehrindən çıxmağı bacarmayanlar heç vaxt yaradıcılıqda özünəməxsusluq iddiasında ola bilməzlər.
M. Araz 50-ci illərin əvvəllərindən yazmağa başlamışdır. Onunla Bakıdakı təhsil illərimiz, bir qədər fərqlə də olsa, üst-üstə düşür. Ə. Kürçaylı, X. Rza, Q. Xəlilli və Tofiq Mahmudla biz universitetin filologiya fakültəsində eyni kursda oxuyur, T. Bayram, S. Əsəd, M. Araz isə pedaqoji institutunun müxtəlif fakültələrində təhsil alırdılar. Biz Yazıçılar İttifaqında o zaman görkəmli sənətkarların rəhbərlik etdikləri “Gənclər günü” tədbirlərində müntəzəm iştirak edir, ilk yazılarımızı burada oxuyur, nəşr etdirir və bu zəmində sıx ünsiyyət saxlayırdıq. M. Araz ali ədəbiyyat kurslarında müdavim olanda  isə mən artıq “Azərbaycan gəncləri” qəzetinin redaksiyasında çalışır və onun Moskvadan göndərdiyi şerləri vaxtaşırı bu qəzetin səhifələrində  nəşr etdirirdim.
Yazmağa 50-ci illərdə başladığına, “Sevgi nəğməsi” adlı ilk kitabını da  1959-cu ildə çap etdirdiyinə baxmayaraq, bir şair kimi M. Arazın qələmi növbəti onillikdə daha da püxtələşmiş, “Araz axır”, “Mən səni taparam”, “Ömür karvanı”, “İllərdən biri” və s. kitabları məhz 60-cı illərdə Azərbaycan ədəbiyyatına parlaq istedadlı yeni bir şairin gəlişindən xəbər vermişdi. Bakir insani duyğuları, saf məhəbbəti tərənnüm edən bir sıra əsərləri, “Göy göl”, “Nobel mükafatı”, “Professor Gülə məktub” şerləri, “Paslı qılınc” adlı ilk poeması da elə bu illərin məhsuludur. M. Arazı bir şair-vətəndaş kimi məşhur edən “Professor Gülə məktub” şeri həmin illərin Azərbaycan poeziyasında vətəndaş lirikasının ən görkəmli nümunələrindən biri oldu. Ümumiyyətlə, yazılış illərindən asılı olmayaraq, M. Arazın adı çəkilən şerləri, habelə “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Dünya sənin, dünya mənim, dünya heç kimin”, “Azərbaycan – dünyam mənim” kimi onlarca əsəri poeziyamızın qızıl fondunda həmişə qalacaq, xalqımızın yeni-yeni nəsillərinin vətəndaş tərbiyəsində öz layiqli xidmətlərini göstərəcəkdir.  
Görkəmli alim Gülə ünvanlanmış şer Xəzər dənizinin acınacaqlı taleyinə həsr edilmişdi. İndi bizdə ekoloji tarazlıq problemindən çox danışılır, yazılır, televiziya və radio verilişlərində bu məsələyə geniş yer verilir; hətta ekoloji polis xidməti də təsis edilmişdir. Uzun illərdir ki, müxtəlif adlar altında Azərbaycan təbiətini, xüsusən də Xəzərin sərvət və gözəlliklərini qorumaq məqsədi ilə dövlət strukturları və elmi-tədqiqat idarələri fəaliyyət göstərir. M. Araz isə hələ təqribən 30 il bundan qabaq cəmiyyətin, ictimai fikrin diqqətini Xəzərin amansızcasına istismardan əmələ gəlmiş dərin yaralarına yönəldir və bu nadir təbiət incisinin taleyi üçün ədəbiyyatımızın güclü həyəcan təbilini çalırdı:
            Xəzər...
            Sağılır qızıl inək kimi,
            Sağıb, sorub, sonra yorub,
            Qısır inək kimi
            Biz onu satmaq istəyirik,
            Ölü dənizlər muzeyinə
            Atmaq istəyirik.
            ...Xəzərdən sahilə
            Qızıl dartırıq,
            Gülab tökürük,
            Sahildən Xəzərə
            Zəhər axıdır,
                         Çirkab tökürük.
Şerdə yanğılı şair qəlbindən qopan vətəndaş qəzəbinin hədəfi o zaman ölkəmizdə hakim olan müstəmləkə sistemi idi. Dənizin sahilində yaşadığı halda ailəsinin güzəranını təmin etmək məqsədilə bir-iki ədəd balıq tutduğu üçün minlərlə soydaşımız haqqında cinayət işləri qaldırıldığı o illərdə Xəzərin sərvətləri “qanuni surətdə” vəhşicəsinə talan edilir, respublika büdcəsinə keçirilən qəpik-quruş müqabilində dünya balığının, dünya kürüsünün ən nadir, ən qiymətli növləri gəmi-gəmi, təyyarə-təyyarə xaricə daşınıb dönər valyutaya, daha aydın desək, qızıl pula satılırdı. Əsrin ən böyük ədalətsizliyi üçün müqəssir olanları şair bütün varlığı ilə, vətəndaş cəsarətilə lənətləyirdi.
Məxluqatın ən şərəflisi olan insanın öz insanlıq vəzifəsinə - ən uca və əbədi vəzifəsinə layiq yaşaması həmişə M. Arazın baş mövzusu olub, əsərlərində müxtəlif yönlərdən işıqlandırdığı problemdir. Onun lirik qəhrəmanının tapındığı ən ulu məqsəd bir vətəndaş kimi insanların karına gəlmək, haqqın, ədalətin, nəcibliyin, xeyirxahlığın təntənəsinə qeyrətlə qulluq etməkdir. Bu yolda olan təcavüzkarlığa, xəyanətə, natəmizliyə, bədxahlığa qarşı ardıcıl mübarizə aparmaq həmin məqsədə çatmağın sınaqlardan çıxmiş vasitəsidir. Vətənpərvərlik, vətəndaşlıq bu qəhrəmanın boyuna biçilmişdir.
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim...
deyən bu qəhrəman çox təvazökar olub şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan, xidmətləri müqabilində mükafatlar ummaqdan uzaqdır.  Mamır mənim tanıdığım, hələ uşaq ikən nəbatat dərslərində öyrəndiyim bitkilərin ən kiçiyidir. Vətəni tərəfindən “Oğul!” kimi şərəfləndiriləcəyi təqdirdə Siz lirik qəhrəmanın umduğu mükafatın mahiyyətinə varırsınızmı? Qayada bitən adicə mamır! Ədəbiyyatımıza belə təvazökar, belə gözü-könlü tox lirik qəhrəman gətirdiyi üçündür ki, M. Araz özü bu gün şerimizin nəhəng xan çinarlarından birinə çevrilmişdir.
Dahi alman şairi və filosofu İ.V. Höte şairliyin mahiyyətindən bəhs edərkən deyərmiş: “Nə qədər ki, bir qələm sahibi özünün xırda subyektiv duyğularını ifadə edir, hələ ona şair demək olmaz. Lakin mühitini, gerçəkliyi qavrayıb onu ifadə etməyin yolunu tapanda həmin adam şairə çevrilir”. Bu yolu tapanların əsərləri yalnız öz müəlliflərinin deyil, çağdaşlarının da fikri-hissi axtarışlarını, arzu və ideallarını, sevinc, kədər, ümid və istəklərini, dövrün şirinli-acılı həqiqətlərini əks etdirmək iqtidarına malik olur. Ədəbi təcrübə göstərir ki, bütünlükdə varlığı, mühiti, adamları qavrayıb yenidən yaşamaq, onu şerdə əks etdirməyin yolunu tapmaq həqiqətən də çox ağır yaradıcılıq sınağıdır ki, M. Araz poeziyamızın bir neçə görkəmli nümayəndəsi kimi bu sınaqdan alnı açıq çıxmışdır. O, dünyaya, insanlara Azərbaycan zəminindən baxır, ölkənin, xalqın qayğıları ilə qanadlanır, millətlər yarışında soydaşlarımızın şərəfli yer tutması üçün çalışır. Şairin əsərlərini təkrar-təkrar oxuduqca bir daha inanırsan ki, başqaları tərəfindən dəstəklənən namərd qonşunun işğalına məruz qaldığı, təkləndiyi üçün bu gün bir qədər pəjmürdə, peşman görünsə də Azərbaycan sarsılmamışdır və şairin öz şerlərində canlandırdığı məğrur qaya obrazı kimi yenilməz vüqarını qoruyub saxlayır.
M. Arazın nəzərində əsl sənətkar, vətəndaş şair xalq qarşısında, cəmiyyət qarşısında hər şeyə cavabdehdir:
            Bir bağda barını qurd-quşlar yeyən,             
            Budaq quruyubsa, günahkar mənəm.
            Neçə il gözünə əlim dəyməyən
            Bulaq quruyubsa, günahkar mənəm.
Şair ilk baxışda sadə görünən təbiət hadisələrindən mürəkkəb cəmiyyət hadisələrinə körpü salır, əxlaqi-mənəvi qüsurlarımızda, bir sıra ictimai-siyasi problemlərimizin vaxtında və düzgün həll olunmamasında şerimizi günahkar hesab edir:
            Mənə bir dərd olur doğru bir sözü
            Yalan daşlarının batırmağı da.
            Bicili, ütülü bir şərəfsizin
            Şərəf kürsüsündə oturmağı da.
Deyilənlərin bir növ məntiqi yekunu hesab etdiyim bu misralar isə M. Arazın ulu şair babası, zəmanəsinin ağır-ləngər qəm karvanının sarbanı olan Füzulinin “Mənəm ki, qafilasalari-karvanı qəməm” misrası ilə çox gözəl səsləşir:
            Çiynimdən düşməyir dərdi-sər yükü,
            Həmişə kədərim, qəmim oyaqdır.
Bu gün bütün qeyrətli, vətənpərvər, bir qədər kövrək ürəkli azərbaycanlılar kimi M. Araz da, onun şerləri də erməni işğalına məruz qalmış torpaqlarımızın taleyi üçün vətən yolunda axıdılan şəhid qanları üçün nalə çəkib qan ağlayır. Axı vaxtilə onun da ən sayseçmə misraları Qarabağa, Şuşaya həsr edilmişdi:
            Gecənin qoynunda yanar dağ – şəhər,
            Fəzadan asılı  çilçıraq – şəhər.
            Dağlar öz ovcunda yandırıb onu,
            Ulduzlar qoynuna qaldırıb onu.
            Bu dağlar – vüqarı, bu dağlar – gücü
            Bu gecə kəşf etdim bir Şuşa bürcü...
Bu gözəl misraları oxuyur və fikirləşirəm ki, Şuşa da, işğal edilmiş digər torpaqlarımız da, xalqımızın iradəsilə mütləq azad ediləcəkdir. Yoxsa təkcə         M. Arazın misraları deyil, bizim bütün ədəbiyyatımız, mənəviyyatımız, babalarımızın qəbirləri, Vaqifin məqbərəsi od tutub yanar və gələcək nəsillər bizə də, şerimizə də bunu bağışlamazlar!
Bu gün M. Araz hər yerdə istedadının pərəstişkarları tərəfindən alqışlarla qarşılanır. Onun əsərlərinin nəşri üçün də ciddi problem yoxdur. Lakin bu, heç də həmişə belə olmayıb. Vaxtilə şairin bir sıra şerləri redaktor və “qlavlit” kabinetlərinin qalın qapılarının, hündür kandarlarını aşıb keçə bilmədiyi üçün geriyə, müəllifin üstünə qaytarılmış, onu yaradıcı adam üçün çox mürəkkəb olan əndişələrə salmışdır. Zəif olduqlarına görəmi? Əlbəttə, yox! Vətənə qara yaxdığı, yaxud həyat həqiqətini təhrif etdiyinə görəmi? Qətiyyən yox! Şairin özünün həmin şerlərinə çox sərt, amansız bir müraciəti var:
            Yalanmı danışdız?
                    Ağzında yalan
            Boğaram öz doğma
                    balamı da mən.
            Vətənsiz alışan,
                    vətənsiz yanan
            Vətəndaş pasportlu
                    ilhamı da mən!
Sadəcə olaraq bu şerlərdə öz əksini tapmış Azərbaycan həqiqətləri, keçmiş İttifaq həqiqətləri, daha dəqiq desək, bu həqiqətlərin ifşası “sabitlik” və        “qayda-qanun” keşikçilərini dəhşətə gətirir, onlar da yuxarıların qəzəbindən qorxduqları üçün həmin əsərləri müəllifin üstünə qaytarırdılar. Araz, Cənub mövzusunda yazdığı bəzi əsərlərin belə nakam taleyini nəzərdə tutan M. Araz 1968-ci ildə, imperiya sütunlarını xalq qəzəbinin hələ sarsıtmadığı bir vaxtda belə qətiyyətlə yazmışdı:
            Mənə şərəflidir belə ölümlər:
            Qoy batsın sinəmə, batsın min nizə.
            Arazdan, Cənubdan yazmağım əgər
            Dünyada ən böyük cinayət isə!
M. Arazın torpağa, xalqa, onun taleyinə bağlı olub böyük bəşəri duyğulardan qanadlanan qəhrəmanı insanı ilkinliyə, bütövlüyə, kamilliyə çağırdığı, bu yüksək milli, bəşəri dəyərləri bütün varlığı ilə sevdiyi üçün özü də sevilir və geniş miqyasda təqdir olunur, nümünə kimi qəbul edilir. Şairi oxuculara sevdirən nədir? Vətəndaş amalı ilə yanaşı sənətkar məharəti, güclü istedad. Bu məharət və istedad onun söz üzərindəki işində özünü xüsusilə aşkar göstərir. Saysız-hesabsız münasibətlərlə faydalandığımız bədii əsərlərdə dönə-dönə qarşılaşdığımız söz və ifadələr, bədii təsvir vasitələri M. Arazın şer və poemalarında təzə, təravətli bir biçimdə canlanır, şair aşıb-daşan fikir və duyğularını əks etdirmək üçün onlara yeni məna çaları aşılayır. Axı lirik qəhrəman, onun həyata, insanlara münasibəti, fəal vətəndaş mövqeyi, ritorik vasitələrlə yox, quru moizə ilə deyil, hər şeydən əvvəl sənətkar fərdiyyətilə vəhdətdə təzahür edəndə həqiqi fikri – emosional təsir qüvvəsi kəsb edir. Məhz bu baxımdan lirik şer bədii yaradıcılığın ən çətin, söz üzərində zərgər işi tələb edən mürəkkəb növlərindən biridir. O, əksər hallarda müxtəsər yazıldığından ilk sözündən son misrasınadək bir tam halında, həm də lap qısa bir müddətdə hərtərəfli qavranır. Burada əsərin bütövlükdə uğurlu çıxmasından savayı, bir də onun dili, ahəngi, vəzni, ölçüsü, qafiyəsi, obrazlı ifadələr sistemi, bir sözlə, bütün tərkib hissələri diqqətli oxucunun gözləri önündə canlanır. Yaxşı şer ən ali və incə duyğuların, ən ciddi və dərin fikirlərin məhz obrazlı ifadəsi əsasında yaranır. Qafiyəsiz, ilk nəzərdə hətta vəznsiz görünən şer obrazlı təfəkkürün məhsuludursa, məqbul sayıla bilər, amma ciddi ölçülər və mükəmməl qafiyələr əsasında yazılmış nəzm obrazlı təfəkkürdən məhrumdursa, şer cərgəsinə çıxarıla bilməz. Ona görə də şair öz əsərinin əsasında duran yüksək fikri, nəcib duyğunu, ali məqsədi müvafiq poetik səviyyədə təqdim etmək üçün böyük yaradıcılıq zəhmətinə qatlaşır. M. Arazın güclü istedad sahibi olduğunu hamı bilir. Amma onun bir sıra əsərləri kimi “ Bir ömür yolunda” şeri də bir daha sübut edir ki, güclü istedad sahibləri də şeri elə belə, necə deyərlər, “bir nəfəsə” yazmırlar. Poeziyanın “qara fəhləsi” olan M. Araz da öz əsərləri üzərində        dönə-dönə işləyir, düşünüb-daşınır, arayıb-darayır və onları bu cür mükəmməl səviyyədə oxucuların mühakiməsinə təqdim edir:
            Ömrümə kibrit çək dost əllərilə,
            Ömürdü – bir çəngə küləşdi – deyim!
            Döşümə düymə tik dost əlləriylə,
            Sinəmdən göyərən günəşdi – deyim!
Təmənnasız dostluq, sədaqət və qədrşünaslıq haqqında uzun müddətdir ki, mən bu dərəcədə mükəmməl bir şer oxumamışdım. Axıcılıq və ahəngdarlıq, məna gözəlliyi ilə bədiiliyin çox uğurlu xəlitəsi, mübaliğənin bütün şiddətinə baxmayaraq (düymə hara, günəş hara?) inandırıcılığı, az sözlə (dördcə misra ilə) böyük bir mətləbin ifadəsi bu əsərin ürəyə yatımlığını, uzun ömürlüyünü təmin etmişdir.
Nakam taleli gözəl şairimiz Əhməd Cavaddan üzü bəri təbiətin nadir möcüzəsi olan Göy gölə yüzlərcə şer həsr edilmişdir. Məmməd Arazın eyni adlı qoşması onların ən yaxşılarındandır. Nümunə üçün verdiyim bu bir bənd də içində olmaq şərtilə həmin qoşmada Göy göl həqiqətən də təkrarsız gözəllik mücəssəməsi kimi canlanır:
            Yel əsdi, yarpaqlar suya töküldü,
            Göy çitə tünd sarı güllər tikildi.
            Buludla ağladı, günəşlə güldü,
            Deyəsən bir kövrək insandı Göy göl...
Payız vaxtı Kəpəzin ətəklərində olanlar ruzgarın azacıq dəyişməsindən hər dəfə Göy gölün yeni bir gözəlliklə cilvələndiyini çox görüblər. Bu şerdə olduğu kimi onun poetik təsvirini vermək isə əsl şair işidir.
M. Araz yığcam şer ustasıdır. Onun sözçülüklə işi yoxdur. Şair fikri kəsə deməyin, az sözlə mükəmməl poetik qənaət ifadə etməyin tutarlı nümunələrini yaratmışdır:
            Bu torpaq əsrlər qaranlığında,
            Qəfil nur dağları dikəldib axı!
            Bu torpaq qədimlər qaranlığında
            Nadan sürüsü də kökəldib axı!
Hələ on beş il əvvəl M. Araz sənətinin lakonizmini yüksək qiymətləndirən xalq şairi R. Rza yuxarıdakı misraları nümunə gətirib yazmışdı: “Bu həqiqətə cild-cild kitablar bağlamaq olar. Sən demə bir neçə sətirdə də bu həqiqətin bədii təsdiqini vermək olarmış”. Özünün də, qələm yoldaşlarının da yaradıcılığına həmişə obyektiv, tələbkarlıqla yanaşan Rəsul müəllimin, bu böyük ustadın dedikləri        M. Arazın bir çox digər əsərləri üçün də səciyyəvidir. Üslubiyyatçı alımlərin müşahidələrinə görə onun bədii dili bütün hüceyrələrilə müasirdir. Bu dil ənənə ilə yenilikçiliyin, bədiiliklə dialektçiliyin, xəlqiliklə elmiliyin ahəngdar surətdə qovuşmasına ən parlaq nümunələrdən biridir. Xüsusən aforistik ifadə tərzi şairin dilinin vacib üslubi keyfiyyətidir. Müxtəlif illərə məxsus ayrı-ayrı əsərlərindən aldığım bu beytlərdən onun kitablarında istənilən qədərdir:
            İstedad elə bir toxuma bənzər,
            Göyərər bir quru daş üstündə də.

            Ən böyük qəhrəman –qəhrəmanlığa
            Əvəz istəməyən, pay ummayandır.

            Taleyin hökmünü gözləmək azdı,
            Taleyin hökmünü özün imzala!

            Məncə qapısını kitab açmayan
            Bir ev – müəllimsiz məktəb kimidir.
M. Araz, təzə kitabları, ədəbi orqanları, ümumiyyətlə, dövrü mətbuatı vərəqlərkən yeni əsərlərini həsrətlə axtardığımız, tapanda acgözlüklə, bir nəfəsə oxuduğumuz, tapmayanda məyus olduğumuz, barmaqla sayılacaq dərəcədə az çağdaş sənətkarlarımızdan biridir. Beləcə oxucu etimadı qazanaraq gözlənən, yaxşı mənada izlənən şair olmaq yaradıcı sima üçün böyük mənəvi səadətdir.
Bu müxtəsər yazıda mən M. Arazın sənətkar palitrasında çeşidli əlvan rənglərin sayrışmasından ətraflı danışa bilmədim. Onun sevən qəlbin dolub-boşalmasını incəliklərinə qədər əks etdirən məhəbbət lirikasını açıqlamadım. “Üç oğul anası”, “Araz axır”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı”, “Mən də insan oldum” və s. poemalarındakı gözlənilməz süjet dönümlərini, romantik ricətləri, canlı insan surətlərini təhlil etmədim. Dilimizə çevirdiyi şer və poemalarda özünü göstərən tərcüməçi ustalığından bəhs etmədim. Balalarımız üçün  yazdığı və uşaq aləminin əsrarəngiz rənglərini əks etdirən sadə, lakin mənalı əsərlərinin heç adlarını da çəkmədim. Bu deyilənlərin hər biri, o cümlədən də xüsusən M. Araz poeziyasında sənətkarlıq axtarışları ayrıca tədqiqat işi üçün  qiymətli material verməkdədir. Yazdıqlarım isə, olsa-olsa, şairin yaradıcılığının mühüm bir istiqaməti, onun vətəndaş lirikası haqqında qeydlərdir. M. Araz sənətinin əsl qiymətini alimlərimiz son kitabı yazılmaqda olan yeni, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”ndə, monoqrafiya və məqalələrində verəcəklər. Lakin bunlarsız da şair dostum, qardaşım Məmməd Araz artıq çağdaş ədəbi prosesin ən fəal aparıcı qüvvələrindən biri kimi Azərbaycan ədəbiyyatında öz layiqli yerini tutmuşdur.
Onu da demək çox vacibdir ki, M. Arazın fəaliyyəti təkcə bədii yaradıcılığından ibarət deyil. Etiraf edək ki, on illər boyunca bir-iki müəllifi çıxmaq şərtilə, yalnız şer yazmaqla şairlər öz ailələrinin güzəranını təmin edə bilməmişlər. Bu üzüqara ənənə cəmiyyətdə gedən məlum proseslərlə əlaqədar olaraq bugün də davam etməkdədir. M. Araz da peşəkar şair olduğuna baxmayaraq, müntəzəm bədii axtarışlar aparıb yüzlərlə əsərini yazmaqla yanaşı, öz zəif və zərif canı ilə həmişə haradasa işləməli olmuşdur. O, müəllimlik etmiş, qəzet-jurnal redaksiyalarında, nəşriyyatlarda müxtəlif vəzifələrdə çalışmış, on il Yazıçılar İttifaqında poeziya bölməsinə başçılıq etmişdir. İyirmi ilə yaxındır ki, şair “Azərbaycan təbiəti” jurnalının redaktorudur.
M. Araz ömrünün altıncı onilliyi arxada qalıb tarixə çevrildi. Sənətkar ömrünün mənası haqqında onun çox aydın qənaəti var:
        


                    Ömür də bir borcdur, əlli il, yüz il,
            Bədbəxtdir az yazıb çox yaşayanlar.
            Şair dost, ömrünü yaşında deyil,
            Yazdığın nəğmənin ömründə axtar.
Bu baxımdan Azərbaycanın xalq şairi M. Araz nigaran olmaya bilər. Onun dərc etdirdiyi 20-dən artıq kitabındakı ən yaxşı əsərləri məhz uzun ömürlü nəğmələr olub oxuyanların, dinləyənlərin fikrində, məktəb dərsliklərində, efir və ekran verilişlərində, mahnı mətnlərində fəaliyyət göstərməkdə, müəllifinə haqlı şöhrət gətirməkdədir. Bu əsərlər xalqımızın keşməkeşli tarixinin ən mürəkkəb mərhələsi olan bu günlərdə də elin-obanın karına gəlir, istiqlalımız uğrunda, halalca torpaqlarımız uğrunda, “mayası nur, qayəsi nur” Azərbaycan uğrunda işğalçılara qarşı mübarizədə adamlarımızı ruhlandırır. On illər, bəlkə də yarım əsr keçəcək, M. Araz yazmaqdan yorulacaq. Lakin onun şer bulağı ictimai yığıncaqların, müxtəlif miqyaslı ədəbi məclislərin xitabət kürsülərində, kitablarının səhifələrində, sevgililərin məhəbbət məktublarında, məktəb uşaqlarının şirin dillərində çağlayacaqdır. Şer sevənlər gah coşqun, gah da həzin axan bu sənət bulağının göz yaşı kimi dumduru, büllur kimi saf və təravətli suyundan həmişə nuş edib “Oxqay!” deyəcəklər.

1993 

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws