AZƏRYAR
POEZİYAMIZIN MÜDRİK USTADI.
Incə, lirik söz ustası, filosof, psixoloq, insan qəlbinin bilicisi, nəhayət, Odlar yurdunun həqiqi şair - vətəndaşı... Bütün bu epitetləri 60 illiyini yaxın günlərdə qeyd edəcəyimiz Məmməd Araza şamil etmək olar. Məmməd Araz poeziyası təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda belə tanınır, sevilə-sevilə oxunur. Məhz bu ümumxalq məhəbbəti onun pərəstişkarlarını Opera və Balet Teatrında Azərbaycan Milli İstiqlal Partiyası tərəfindən keçirilən Məmməd Araz poeziyası gecəsinə gətirmişdi.
Yubiley gecəsində bu sənət ocağının salonunda iynə atsaydın yerə düşməzdi. Gecəni respublika Elmlər Akademiyasının akademiki Bəkir Nəbiyev açaraq sevimli şairin yaradıcılığından danışmışdır.
Cahangir Cahangirovun məşhur “Füzuli” kantatası tamaşıçılarla Məmməd Arazın fəlsəfi və lirik obrazlar dünyasına bir körpü saldı. Çıxış edən həmkarları – Tofiq Mahmud, Musa Yaqub Məmməd Araz poeziyasının qeyri-adi gücündən, onun təravətindən söhbət açdılar.
20-dən çox poetik kitabın müəllifi “Azərbaycan təbiəti” jurnalının dəyişməz redaktoru Məmməd Araz yurdumuzun təbiətini, onun heyranedici gözəlliyini yorulmadan tərənnüm etmişdir. Məhz təbiətdən güc toplayaraq, bir-birinin ardınca gözəl sənət əsərlərini yaratmışdır. Doğma diyarın gələcəyinə böyük inam şair üçün həmişə başlıca mövzu olmuşdur. “Bu dünya düzəlmir, baba, düzəlmir...” misraları indi sözün həqiqi mənasında zərbül-məsələ çevrilmişdir. Onun bu yaxınlarda çapdan çıxmış yeni kitabı da elə bu fəlsəfi sözlərlə adlandırılmışdır...
Əllinci illərdə poeziyaya gəlmiş nəslinin başladığı yolu Məmməd Araz müvəffəqiyyətlə davam etdirir. Şair sanki insanı daxilən görür, onun düşüncələrini “oxuyur”, hiss olunmadan səninlə həmsöhbətə çevrilir. Həqiqətən, ən çətin və çıxılmaz anlarda Məmməd Araz poeziyası oxucuya həyat eşqi aşılayır.
Onun şerlərinə həm də gözəl mahnılar bəstələnmişdir. Bu mahnıları həyəcansız dinləmək mümkün deyil. Gecədə həmin mahnılar, eləcə də məşhur “Dünya sənin, dünya mənim...” mahnısı səsləndi. Gənc bəstəkar Rauf Məmmədovun şairin sözlərinə bəstələdiyi “İnan istiqlala gedən yola” mahnısı da yaddaşlarda silinməz iz buraxdı.
1993