“Təzad”çılar
MƏMMƏD ARAZ SONSUZLUĞU
Bu sonsuzluğun əvvəlində Məmməd Araz və onun bənzərsiz sənəti dayanır!
Ümimiyyətlə, son sözündən xoşum gəlmir. Daha çox ona görə ki, Məmməd Araz poeziyasında sonsuzluq ola bilər. Və ustad şairi 10-15 il və ya 150 il sonra da oxusaq , onu təzə yazıldığı kimi bağrımıza basacağıq...
Məmməd Araz xalq şairi olmaqdan öncə xalqın şairidir. Mətbuatda bəzən şairlər barəsində gedən yazılarda onların fəxri mükafatları, titulları sadalanır. Qəti əleyhinəyəm bunun. Bu mükafatların selləməsini rəhmətlik Brejnev dövründə çox gördük. Gördük və bir də görmək istəməzdim. Məmməd Araz özü poeziyamıza və ədəbiyyatımıza elə özü boyda da fəxri mükafatdır...
Yeri gəlmişkən, Məmməd Araza “Dövlət mükafatı” verilir. Az TV-nin müxbirləri ölkənin tanınmış adamlarından müsahibə götürüb, bu mükafata münasibət-dəstək öyrənirlər...
Jurnalistlərdən biri Xudu Məmmədova müraciət edir. Xudu müəllim deyir:
“Vallah, nə deyim, hökumət Məmməd Araza bu yüksək mükafatı verməklə, həmin mükafatı hörmətə mindirdi...”
2001