Akif AŞIRLI və “Şərq”çilər
İLAHİ, İNSAN DA MƏMMƏD ARAZ
OLA BİLƏRMİŞ
Hansısa aydınlardan birinin əslində Lev Tolstoya ünvanladığı bu sözdə kiçik, mənada böyük heyrəti Azərbaycanda dahi adının gerçək sahiblərindən biri olan, onun haqqında belə improvizə etsək, fikrin məzmunu zərrə qədər dəyişməz: İlahi, insan da Məmməd Araz ola bilərmiş...
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya,
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin, dünya mənim,
dünya heç kimin.
...Dünyanın heç kimin olmadığı həqiqətini dərk edib də onun bir küncünü özü üçün ruh aləminə çevirərək, Allahın bəxş etdiyi kiçicik ömürdə Məmməd Araz olmağı bacaran, üstəlik də belə dünyanın nəyindən küsməli sualına cavab axtara-axtara gəlib yetmişə çatan insan məhz O ola bilərdi: Məmməd Araz!
Əgər nə vaxtsa hansısa bir rəssam tablo üzərində Sözün surətini yaratmağa nail olsa, düşünürük ki, o tablodan elə Məmməd Arazın obrazı boylanacaq. Çünki Onun cismi-canı Sözdən və həm də sevgi ilə Qovuşmuş Sözdən ibarətdir. Burdan o yana isə xoşbəxtlik başlayır. Bu gün 70 yaşının sevincini yaşayan və bu sevgini ona sadəcə pərəstiş edən yüzminlərə yaşadan Məmməd Araz xoşbəxtliyi! VAR OL, BÖYÜK ŞAİR...
2003