KÖÇƏRİ QUŞLAR
Elə ki, yay ötüşür, Payız gəlir, qış gəlir; Lənkəran qoruğuna Qatar-qatar quş gəlir. Qışı baharla keçən Bu yerimi sevirlər. Nə xoşbəxtəm, quşlar da Xəzərimi sevirlər! Dillən, danış, Xəzərim, Söylə, bu nə axındır? Bəlkə xəzrinin dili Quş dilinə yaxındır? Meşələrin dilini, Ləpələrin dilini Mənə ver, mən soruşum, Deyim: - Danış, ay quşum, Danış hansı ölkədən, Hansı eldən gəlmisiz? Alpdan, Anadoludan, Yoxsa Nildən gəlmisiz? Soyuqdan qaçmısınız, Ya istidən, a quşlar?! Gəlin, sizə Vətənim Olsun vətən, a quşlar! Hansı fəsli sevsəniz Bağışlayaram sizə, Bağımda, eyvanımda Yuva quraram sizə... Şah dağına uçun siz İstəsəniz yayda qar, Qış qızılgül desəniz Lənkəranda tapılar. Burda dağ görərsiniz Bənzəmir heç bir dağa - Ömrü boyu uçun siz Zirvəsinə çatmağa. Sizə düz bağışlaram: Qoynuna köçmək üçün, Bir qanad azlıq edər Birbaşa keçmək üçün. Qəlbimi ev eylərəm Torpağımı sevənə; Fikrim tək dünya gəzib, Bura qayıdın yenə.
1960
|
|