MUĞANIN ŞİKAYƏTİ
Bu düzləri düz keçin, Haraysız, səssiz keçin. Şirvanda ov gəzməyin, Mili tüfəngsiz keçin: Ceyran azalıb, Yaman azalıb!
Güllə səsi gəldimi Güllə tək süzüb gedər. Bir şer sətri kimi Çöllərdən küsüb gedər... Ceyran azalıb, Yaman azalıb!
Gözündə gözü qalan Bulaq da gileylənir. Qanıyla xal-xal olan Torpaq da gileylənir: Ceyran azalıb, Yaman azalıb!
Belə gedərsə ancaq Gələn nəsillər sabah Ceyranı çöldə deyil, Muzeydə axtaracaq, Ceyran azalıb, Yaman azalıb! 1961
|
|