MƏNİM ÜNVANIM
Gülüşlərdə, sözlərdə, Gözlərdə gəzdiyim sən. Keçilməmiş yollarda, İzlərdə gəzdiyim sən. Tələbə disputunun Alqışlar dalğasında, Daşyonan bir fəhlənin Qolunda, baltasında, Keşikçi bir əsgərin Farağat duruşunda gəzdiyim sən. Düşünən bir alimin Qərarında, hüşunda gəzdiyim sən. Mindiyim yel sürətli, Sənət adlı bir qatar. Biletsiz yeri olan, Biletli yersiz də var... Hər evə, hər ürəyə Mən girmək istəyirəm. Mən səni hər yerdə Qələmli, varaqlı, Çəkicli, oraqlı Görmək istəyirəm. Sən də mənə həyatsan, Dili yanan səhraya Həyat olan su kimi. Mən səni gəzəsiyəm Öz yaralı ovunu İtirən ovçu kimi. Ömrümdəki gündüzlər, Gecələr səndən keçir, Yaşayıb, keçəcəyim Küçələr səndən keçir. Ömürlük gözdən itsəm, Səndə taparlar məni. Lap köçüb Marsa getsəm, Səndə taparlar məni. Sən şer adlanırsan, Ürəyimdə yanırsan. Məndə yaşayan olub, Məni yaşadan oldun. Sən məndə yuva qurub, Mənə də ünvan oldun.
1962
|
|