Ə. ƏSGƏROV
“ MƏN SƏNİ TAPARAM “
Azərnəşr istedadlı gənc şair Məmməd İbrahimin “ Mən səni taparam “ adlı üçüncü şerlər kitabını çapdan buraxmışdır. Kitabçada şairin 34 şeri toplanmışdır.
Məmməd İbrahimin yeni şerləri göstərir ki, o, son illərdə daha səmərəli işləyərək yaradıcılığını inkişaf etdirmiş, bədii sənətkarlığa ciddi fikir vermişdir. Şairin mövzuları müxtəlif, üslubu sadə, dili səlistdir. O, həm də həyat həqiqətlərinə həmişə sadiq qalmağa çalışır, sosializm realizm prinsipini yüksək tutur.
Kitabça “ Oyat məni” adlı şerlə başlanır.
Səhərlər yuxudan tez oyat məni,
Qoyma axşamlar da tez yatım, ana!
Bir qara daş bilər bu həyat məni,
Yuxularda keçsə həyatım, ana!
Bu sətirlərdən göründüyü kimi şair düşünmək, axtarmaq, yazıb-yaratmaq, zəhmətə qatlaşmaq istəyir. O, həyatın mənasını varlığı duymaqda, düşünməkdə görür.
Şairin “ Bir oxucuya məktub” ,” Qaranquş “ , “ Subay kosmonavt “, “Mənim ünvanım” , “ Kəndə işıq gəldi “, “ Bakı fəhləsi “ adlı şerlərində səmimi hisslər, nəcib fikirlər və gözəl bədii ümumiləşdirmə vardır. “ Subay kosmonavt” şeri Sovet İttifaqı Qəhrəmanı Andrian Nikolayevə həsr edilmişdir. Şair bütün dünya qızlarının subay kosmonavta səmimi və saf məhəbbət bəslədiyini lirik bir dillə təsvir etmişdir.
“Kəndə işıq gəldi“ adli şer gözəl bir niyyətlə yazılmışdır. Bu şerdə keçən müharibənin törətdiyi dəhşətlər yığcam və səlist bir şəkildə göstərilmiş, zəhmətə, işığa və gözəlliyə pərəstiş edən insanların səmimi arzuları tərənnüm olunmuşdur.
“Gəncliyəm“ adlı şerdə yeni dünya quran kommunizm nəslinin cəsurluğu, qəhrəmanlığı əks etdirilmişdir. Şerdə deyilir:
Mən körpələrə layla
Analara gülüş,
Qocalara dincliyəm.
Həm dünən. həm bu gün,
Həm də ki, sabah adlı
Bir kommunist gəncliyəm.
M. İbrahimin şerlərində vətənpərvərlik motivləri geniş yer tutur. Bu fikirlər “ Mən səni taparam “, “Nobel mükafati “ , “ Bakı fəhləsi “ və başqa şerlərdə daha aydın görünür. O, kommunizm quran xalqımızın nailiyyətlərini dərin məhəbbətlə tərənnüm edir.
Məmməd İbrahimin şerlərində orijinal və səmimi fikirlər çoxdur. Gənc şairin özünəməxsus yaradıcılıq yolu vardır. Biz bu yolda ona yeni-yeni müvəffəqiyyətlər arzu edirik.
1963