DEYİLƏM
Bilirəm, mən sənin göz yaşlarınam, Donub gözlərində qalan deyiləm. Bir mələk donunda girib qoynuna, Sonra şahmar kimi çalan deyiləm.
Birinə varamsa, birinə yoxam, Yoğrulmuş xamırım, yayılmış yuxam... Mən hər vədəsilə bir tale yıxan “Həqiqət geyimli” yalan deyiləm.
Qonsan kirpiyimə bir jalə kimi, Köçsən də qəlbimə bir nalə kimi, Mən səni bir dolu piyalə kimi Götürüb əlimdən salan deyiləm.
Hər eşqin yolu var, hər ömrün yarı, Yeri, bu ümidlər yolunda yarı... Daha nə gizlədim, çalınmış tarı Kökləyən deyiləm, çalan deyiləm...
Dekabr 1964
|
|