OXUYAN TƏBRİZ
(Aşıq Hüseyn Cavanla İstisu yaylaqlarında görüşümüzdən təəssürat)
Aşıq Cavan sarılmışdı sazına, Toy qurmuşdu dünəninin yasına. O, dərdini ya sındıra, ya sına; Qəzəbi köklənib dağın-daşın da, Təbriz ağlayırdı dağlar başında.
Heyrətindən donmuş idi Dəlidağ, Nəfəs çəkib işqırırdı od-ocaq. Göymü yeri, yermi göyü udacaq, Buludlar üfüqdə əli qaşında... Təbriz ağlayırdı dağlar başında.
Dəli mizrab “bəxti kəmi” oyadır, Qəm heyrəti, heyrət qəmi oyadır, Özü yatıb, bu aləmi oyadır -- Bir sayıl bəxti yox min bir yaşında, Təbriz ağlayırdı dağlar başında.
Fəryadından qoyun-quzu duruxdu, Ağlayan su, çağlayan su duruxdu. Qara yelin sel umusu duruxdu, Dərələr səngidi yaz yağışında, Təbriz ağlayırdı dağlar başında. Təbriz ağlayırdı - dedim... Nə dedim?! Ağlayan bir sazın telinə dedim, Sarı yamacların selinə dedim. Ağlamaz söz yurdu dağlar başında, Təbriz oxuyurdu dağlar başında!
Qarı nənə, nehrən dondu çatmada, Gizli ahın fələklərə çatmada. Həcər ana, Həcər ana, çat dada. Təbriz ağlayırdı dağlar başında - Təbriz oxuyurdu dağlar başında!
Ağlasa, ağlardı ildırım kimi, Gurşad saçı yolan sıldırım kimi, Qapıb şimşəkləri bir şırım kimi Nəğmə toxuyurdu dağlar başında, Təbriz oxuyurdu dağlar başında!
Ağlasa - ayaqda tüfəngə dönər, Balası vurulmuş pələngə dönər. Bir dərə ağızlı nəhəngə dönər, Dumanlar yas qurdu dağlar başında, Təbriz oxuyurdu dağlar başında!
Gərək dil susanda əllər danışa, Əllər bağlananda dillər danışa Elə danışalar, ellər danışa... Dəli gülüşlərim ağlar başımda, Təbriz oxuyurdu dağlar başında. İstisu-Dəlidağ, 1969-1970
|
|