SALAMAT QAL
Ey dəvə yol, düşdüm daha belindən, Ovsar cığır, çıxdın daha əlimdən. Balam çiçək, bir də öpüm telindən, Salamat qal, Salamat!
Duz axtaran körpə cüyür balası Ağ daşlara körpə cığır salası... Qayaların su saxlayan çalası, Salamat qal, Salamat!
İldırımlar buludların pələngi,.. Paslanacaq mənsiz şimşək üzəngim. Eh, ya qismət, a şəlaləm - a cəngim... Salamat qal, Salamat!
Bulaq gördüm: uşaq kimi ərköyün; Məni gəzər məndən qaçan ürkəyim... Salamat qal bu dağlarda, ürəyim, Salamat qal, Salamat!
Turşsu, 1970
|
|