DƏNİZÇİ DÜNYASI
Dənizçinin kayutunu şəkillər bəzər, İşıq saçar qadınların şəkil gülüşü. O, sulardan küsər bəlkə, dənizdən bezər, Nə yaxşı ki, baxtına bu şəkillər düşüb... Hər baxışın təbəssümü duru su ona, Enib sudan tor da atar ona baxışlar. Kimisinin yönü ona, duruşu ona, Kimisinin sədəf dişi bir hiss bağışlar. Bu baxışlar, bu duruşlar od olar gecə, Dənizçinin yatağına qor dolar gecə. Birisinin xəyalını qucar qucaqlar, Birisiylə görüşünü sabaha saxlar. Bu, gözəllik şahının da öz dərdi varmış, Bu qadınlar şəkildə də qısqanc olarmış. Birisinin umusundan yanar, kayutu, Birisinin küsüsündən donar kayutu. Bu baxışlar, bu duruşlar od olar gecə, Dənizçinin yatağına qor dolar gecə. Yuxusuna həmdəm olar incə bir qılıq, Dənizdən bir külək əsər ətirli, ilıq. Yuxusunda qağayılar qağıldaşarlar, Yuxusunda qağayılar qadınlaşarlar. Bir-birinə tullayarlar dənizdə onu, Çıxararlar, quylayarlar dənizdə onu. Ləpələr də soyuyarlar, buza dönərlər, Pəncərədə buz hörüklü qıza dönərlər. O, tor atar, Hörük-hörük saçlar düşər toruna. Yarı balıq əllər düşər toruna, Bellər düşər, nələr düşər...toruna. Üzlər düşər, gözlər düşər toruna... Birdən onu qısqanarsa sular pərisi, Gəmimimzi didikləyər, parçalar hirsi,- Hamımızı balıqlara qatıb aparar... Bircə cavan dənizçini qatıb aparar... Dənizçinin yatağına qor düşər gecə, Bir nəfəsin qarmağına ilişər gecə. O dartılıb, bir quruya çırpınmaq istər, Bir ümidə, bir qayğıya bürünmək istər...
Görən onlar bir-birini haçan tapacaq?- Dəniz yuya, qum quruda bu qətiyyəti. Dalğaların qanadında bir oğlan oyaq, Sahillərin qumluğunda bir qız həsrəti...
Lənkəran, 1969.
|
|