BİZ DEYİRİK...
Biz deyirik: evləri yox, Döyüşləri məhv eləyək! Biz deyirik: bəşəri yox, Silahları dəfn eləyək! Ölkəmizin hər nidası Bu arzuya bir addımdır; Hər çağrışı, hər imzası Bu arzuya bir addımdır. Sülh deyirik! İnsanlığa Çörəkdir bu, havadır bu. Kapitalla silahsız bir Vuruşmadır, davadır bu. Biz deyirik əsrimizin Öz yolu var, öz sürəti. Sülh sözünü yalvarış yox, Güzəşt də yox, hücum yazsın Qoy bu günün söz lüğəti. Bu hücumun mənasında Zəncirləri qıran qol var! Silahları, sınaqları Batırmağa gedən yol var! Yox, demirik silah atıb, Məsləkdə də barışaq biz. Deyirik ki, qələmlərlə, Kitablarla vuruşaq biz. Qoy göylərə uçuşlarla, Nəğmələrlə, çıxışlarla yarışaq biz. Hər milləti çağırırıq Bu nidaya qulaq assın: Qoy sabahı quran nəslin Heç burnu da qanamasın! 1972
|
|