TELEFON
Bu gün telefona yazığım gəlib, Bir vaxt həmdəm olan indi yad olub. Zəngim gözlənilmir, zəng gözləmirəm, Yazıq xəcalətdən ikiqat olub.
Körpə də deyiləm beşiyə dönə, Heyva-nar satmıram yeşiyə dönə, Bürokrat əlində pişiyə dönən Bir canlı, lal-dinməz aparat olub.
Niyə eyvanımın bülbülü itdi, Yerində boşboğaz bir qarğa bitdi, Elə bil dünyada gülməli, ciddi, Ciddi nə vardısa zarafat olub.
Dəlidağ, səsini eşidim hardan, Bir zəng yollayasan yağışdan, qardan. Bu fağır telefon neyləsin, qardaş, Daha Məmməd Araz farağat olub.
Pitsunda, sentyabr, 1980
|
|