AYRILIQ GÖRÜŞÜ
Bu da bir minnətdir, - Görüş minnəti. Yoruldun, yeridik ikicə addım. On ildə bilmədik yol-yoxuş nədi, Bir gündə on ilin yoxuşu çatdı.
Deyək keçməmişik bu yolu, neynək; Bir an da gərəkdir xəstə adama. Qəfləti üz-üzə gəlmişik deyək, Deməyək qəfləti ayrıldıq amma.
Belə ikilikdə onsuz da təkik, Ürəklər baş-başa deyilsə əgər. Geri dön, Qəlbini gətir görüşə. Belə nifrətə də nifrət deməzlər.
Bu gün dodaqların qaçsa da, gülmür: Dönüb gülüşünü gətir görüşə. Dilindən söz yağmır, Sual tökülmür; Qayıt, ötən günü gətir görüşə.
Qayıt, insafını gətir görüşə, Yol üstdə bir tənha ağac san məni. Barı inandır ki, təəssüf ilə Kəsib, uçuruma atırsan məni.
Söz sözdə bişməsə, söz sözdən acı... Məhəbbət büdrədi - Göz qapalıdır. Küsün var açıq de, ərkin var açıq, Yalan dil yarası, Dil qabarıdır.
Zaman nərələri, Qıyları udur, Hər həşir-harayı eşitməz zaman. Məni inandır ki, məhəbbət budur - Səadət başlanır bu ayrılıqdan...
1981
|
|