OKEANIN O TAYINA MƏKTUB
Cənablar, indi siz yuxuda olarsız. Mən indicə yuxudan qalxdım. Yuxumda Sənəm qarı Cücələrinə dən verirdi. Bir ana sərçə də qoşulub onlara Balasına yem verirdi. Hardansa qırğıların Bir azğını, bir sərsəmi Şığıyıb aldı sərçəni. Demə, bu, sonuncu ovuymuş qırğının, Başlanıb meşə ölümü, Meymun qırğını, fil qırğını. Pələnglər, şirlər suya qaçırdı, Balıqlar, delfinlər quruya. Su qalxırdı qurudan qoruna, Yer qalxırdı, özünü sudan qoruya. Yanğın söndürən qarışqalardı. Onların özü də yanırdı, Bircə budağı qalmış palıddan Qoca meymun sallanıb, Haray çəkir: "İnsan meşəyə qayıdır, Özündən əvvəl odunu, Silahını göndərib. Bu, ayrı bir insandır, Bizim ulu babaların Çılpaq nəvələri deyil, Onlar meşədə ağac qırırdı, Bunlar meşəni bütün qırır. Meşə yoxdur, torpaq yanır indi. Onlar harada yaşayasıdılar. Kül üçün dünyanı yandırdılar, Nə vaxtsa kül daşıyasıdılar..." Bağışlayın, cənablar, Yuxu tərsinə yozulur. Meşələr yerinə Şəhərləri qoysaq düz olur. Heyvanlar insanlardır - Fili, meymunu - kişi; Balığı, delfini - qadın; Bu vəhşi yanğına uşaqları necə qatım? Onlar cücəni tanıyır, Qırğını tanıyır, Sərçəni, qarğanı tanıyır, Atomu, neytronu tanımır. Onlara necə deyək: Sabahınızı dəfnə hazır olun, Burulğana düşməyə, Suda boğulmağa, Odda soyunmağa hazır olun. Onlara nə deyək? Bu bəlaya nə ad verək? - Vəhşi seldi deyək, Qızmış tufandı, deyək? İki başlı əjdaha, Quduz canavardı deyək? Uşaqlara nə deyək? Nə nağıl danışaq? Deyək nəvəsiz insanların Od qırğınıdır neytron?! Nəfəssiz insanların gələcək nəslə Qayğısıdır neytron? Bu necə nağıldır? Bu nə şeytan, Bu, nə cin ağlı, Bu, ancaq Başı üstə yeriyən insanın ağlıdır; Bunu ancaq gücə hamilə olmuş Harın kəllə düşünər, Harın kəllə yalnız! Ölümə "haça verməyə" Yeni məcəllə düşünər! Cənablar, güc hələ hünər deyil, Çoxluq böyüklük, Azlıq kiçiklik deyil. Yeni ölüm dəbini Yeni qəlibə köçürmək, Gah Şərqə yollamaq, Gah da Qərbə köçürmək, Dünyanın hökmünü daraltmaq, "Yeni dünya yaratmaq" Ölümün özünə iftiradır? Bu bəhərli ölümü əvvəl Öz bağınızda əkin, Qaralardan alıb ağartdığınız Doğma torpağınızda əkin, Atanızın, babanızın qəbrinə yaxın yerdə, Çayınız, bulağınız, Gülüşünüz axan yerdə. Bəşərin adətində Ölümdən bəxşiş olmur, Ölüm havaya hopanda, Yağışa, buza dönəndə Daha qorxu, təşviş olmur. Onda hamı siyirmə qılınc olur, Donmaz suya dönür, Əriməz tunc olur. Yeri başına çevirir, Göyü əyninə geyir; Onda insan od olub od yeyir. Onda havalanmış ölkənin Təkərləri gəzir havada. Onda Bir ovuc Amerika verilir Kolumba Avropada; Daha burda delfin bağırtısı, Meymun harayı yoxdur, Açıq qənimə qarşı Açıq qəzəb durur. Burda daha qarşıdurma, Geri dönmə yoxdur...
Pitsunda, 1981
|
|