NƏ GÜNAH
Bu ömürdü, öz baharı, öz qışı; Gələn yazda, gedən qışqa nə günah. Xirtdəyəcən günahlara batmışı Yuya bilməz, qar-yağışda nə günah.
Göylər qala buludları axımlı, Yer körpəli, yer cavanlı, ahıllı. "Dəli" - deyib daşlayanda ağıllı Xəncər qapan ağlıçaşda nə günah.
Yekə-yekə xırdalanan "addılar" Heç bilinməz çapardılar, atdılar; İki itə para sümük atdılar; Qarabaşda, Alabaşda nə günah.
Qara külək tumanını qaldıra, Xırmançının samanını qaldıra. Dəyirmançı dabanını qaldıra, Bir-birini yeyən daşda nə günah.
Hər havaya çiyninə baş qoymayan: Fırfıra tək fırlanmaqdan doymayan... Bu başlarla aşıq-aşıq oynayan Çevik əldə, ayıq başda nə günah.
Bəlkə əlli misrası yox əllimin, Bu titrəyiş günahıdır əlimin... Qollarında dost əli var əlli min, Məmməd Araz, əlli yaşda nə günah...
1982
|
|