XƏBƏRİM OLMADI
Bu mənzilə necə yetdim, Vallah, xəbərim olmadı. Heçdən qaçıb, heçə yetdim, Vallah, xəbərim olmadı.
Bu dağlar üzü ağdılar... Qarını pünhan sağdılar,- Qara üzlərə yaxdılar!- Yaylaq, xəbərin olmadı.
Dünən özümü yormuşdum, Günəşli göydə kor quşdum... Üzü uçruma durmuşdum, Qorxaq, xəbərin olmadı.
Daşda, dəmirdə yaşadım, Açıq qəbirdə yaşadım, Dəni xəlbirdə yaşadım, Torpaq, xəbərin olmadı.
Bu necə dəhnə: yuyundum, Bu necə novça: üyündüm, Nə arxdı açdın, suyundan Allah, xəbərin olmadı...
1987.
|
|