TİKANSIZ YAZILAR
Dostum İsaya
Tikanlı yazılar yazdığım yetər, Kağız da, qələm də dincəlsin bir az. Nə qızıl üzəngi, nə gümüş yəhər, Yol hamar olmasa, könül oxşamaz.
Bəs kimdən "töhfədir" yolumda bu tir? Yolum, yol kəsəni kövrək görmədim. Çiçək talasında qanqal da bitir, Heç bundan darılan çiçək görmədim.
Tikansız yazılar-kökü dərində, Sözə arğac elər söz bildiyini. Tikanlı yazılar çax-çax yerində, Zaman üyüdəcək öz bildiyini.
Mələklik yaşıdır-deyək ki, yaşım- "Bütün su arxları süd dartır gecə..." Uçruma söylədim: "nənnidi", yaxşı, Uçruma gedənin qolundan, necə?..
Bəlkə az düşünüm, dayaz düşünüm?- "Oların", "olmazın" təkəri birdi. Arı tikanıyla ilan dişinin Bəlkə çəkisi bir, zəhəri birdi.
Bəlkə heç görməyim görünən qəmi, Malalı ömrə də ömürdü deyim. Xəyanət caynaqlar didsə sinəmi, "Qarışqa tükümü gəmirdi",- deyim?
Qurda quzu desəm- bu, qurd arzusu, Yazıqlıq bacarır cəllad olanlar. Quzuya qurd desəm-istəməz quzu, Yazıqlar! Hər dəmdə yazıqdı onlar.
Taleyim, taleyin hökmünü çağır, Ömrümə qış verdi-qarı yarımçıq... Könlümə üz tutdum yır-yığış çağı, Baharı yarımçıq, yarı-yarımçıq...
Bu dünya güllükdür, əgər inansan, Bir lalə camına dolmaq olurmu? Söykənək bildiyim qara tikansa Gör onda tikansız olmaq olurmu?..
Hardasa işıqdan çələng toxunur, Hardasa səsimə dağ qulaq asdı. Nə yaxşı dost sözü palıd toxumu, Nə yaxşı tikanı becərən azdı...
1987.
|
|