YAŞAT MƏNİ
Bu dünyada qurmaq çətin, yıxmaq asan, Bir təkanla dağ yıxılar, yıxan olsan. İpə dönnəm-əgər göyə çıxan olsan, Odun sönsə, qorun ollam, Yaşat məni!
Harayımı batırmağa səs alınca, Tərsi düzə cəm eləyib, tərs alınca. Mənə balta qıcıyandan dərs alınca, Baltan ollam, qolun ollam, Yaşat məni!
Əyri yoldan aylı yolun yaşı qədim, Üzüyündən üzüyünün qaşı qədim. Bilməm: eşqin yazı qədim, qışı qədim... Yazın olum, qarın olum, Yaşat məni.
Haqq- bir daşdır, Nahaqq-dərə, bir ağ dərə. Zülmətsevər yalquzağa qulaq dərə. Qara selin gurultusu qulaq dələr... Nahaqqa haqq qurum ollam, Yaşat məni.
Qar altında yaz gözləyən əkin kimi, Ədalətə heykəl yonsan, əklil kimi. Doğruya qan, şərə qalxan vəkil kimi, Gərək ollam, Qoru məni, Yaşat məni!
1987.
|
|