QAÇMA MƏNDƏN
Məndən qaçma, quzu ceyran, Məndən qaçmağa nə var ki? Dərdimi qan, dərdimə yan Məndən qaçmağa nə var ki?
Ovçusuyam tələm yoxdur, Tək yolçuyam, Lələm yoxdur. Sözümə tən qələm yoxdur, Məndən qaçmağa nə var ki?
Nur zülmətsiz haçan oldu? Zülmətdən nur içən oldu! Ürəyimdən qaçan oldu... Məndən qaçmağa nə var ki?
Bu zamandır, gərdişi var. Didmə, qurma vərdişi var. Süd dişi var, qurd dişi var, Məndən qaçmağa nə var ki?
Dağına duman deyiləm, Bağına tufan deyiləm, Qaçsan da qovan deyiləm Məndən qaçmağa nə var ki?
1989
|
|