DİLƏNÇİ QAÇQIN
İlahi, varımdan yox oldum bu gün, Mən öz yumruğumdan yıxıldım bu gün. Elə bil dağ uçdu başıma birdən, Bir uşaq dayandı qarşımda birdən. Əl açdı, "rəhm edin", qaçqınıq - dedi: Bir az aralıda dayanan qadın Uşağın sözünü təsdiq elədi: "Qaçqınıq - dedi" Uşaq da ananı təsdiq elədi: "Qaçqınıq - dedi". İlahi, ilahi, yurd dağılarsa, Qayalar, dağlar da sökülüb gələr. Çaylar, bulaqlar da tökülüb gələr Dərə aşağı... Şirlər balasını öyrətməz belə, Qurdlar balasını öyrətməz belə, Quzğunlar, qartallar öyrətməz belə, İlanlar - çayanlar öyrətməz belə, "Kişiyəm" - deyənlər öyrətməz belə, Bu da azadlıqdır, bəlkə, ilahi. Dilənçi yetirir ölkə, ilahi! Vuruşa bilərmi dilənçi sabah? Kimə arxalana bu ölkə sabah... Bir sürü canavar yığaq bəlkə biz, Göndərək bizimçün vuruşa bəlkə, Bir mərmi yükləyək hər quşa bəlkə, Göndərək bizimçün vuruşa bəlkə... Daşlara süd verən yurdum hardasan? "Vətənim!" - hayqıran ordum, hardasan! İlahi, kardımı, kordumu dünya! Bu ağ həqiqəti görmürmü dünya?!
may, 1992
|
|