YAŞAMAQ BUDURMU?
Hər gün çıxdığımız çıxılmaz yoxuş, Bu yenib qalxmanın mənası yoxmuş. Gəl indi insana qəlb açıb, yovuş... Yaşamaq budurmu? Bu deyil, vallah!
Bu sözü duzsuzlar, sözü yavanlar, Axşam deyiləni səhər dananlar, Nə düşmənçilik anlar, nə dostluq anlar, Yaşamaq budurmu? Bu deyil, vallah!
Söz nadan dilində qəpiyə dəyməz, Dəyməz, su üzündə köpüyə dəyməz, Dəyməz, heç bir ovuc kəpəyə dəyməz, Yaşamaq budurmu? Bu deyil, vallah!
Özülü çöp üstə yaman dərdlərin, Yalan bərələrin, yalan bəndlərin, Yanan şəhərlərin, yanan kəndlərin. Yaşamaq budurmu? Bu deyil, vallah!
Hələ də mənəmlik düşməyib atdan, Lağım atmağında hiylə əl altdan, Sən də, əzab oğlu, əzaba qatlan... Yaşamaq budurmu? Bu deyil, vallah!
Dildir - yalançıdır, dilində saxla, Əldir - talançıdır, əlində saxla, Bir ümid şamı var - önündə saxla, Yaşamaq yolu var Budur bəlkə də.
Bir gün gövşəməsin tamahımız da, Boğaq nəfsimizi damağımızda. Sabah lövbər salaq sabahımızda, Yaşamaq budurmu? Budurmu? Vallah...
iyun 1992. Quba - Digah
|
|