BU MİLLƏTİN DƏRDİ-SƏRİ
   Nəhrləri döndər belə haqqa sarı, Haqq qapısın açmır, atam, haqq açarı. İmanınla, gümanınla haqqa sarın, Bu millətin dərdi-səri min şaxəli.
  Hökmü bircə: yüz niyyətin, min niyyətin, Asan yolla asan yola çıxmaq çətin; Sayğısı çox, qayğısı çox bu millətin; Bu millətin dərdi-səri min şaxəli.
  Tanrım, məni tuş eləmə satqına, tuş; O, milləti şöhrətinə girov qoymuş, Heç görmədim qan tökəni qannan doymuş, Bu millətin dərdi-səri min şaxəli.
  Özü hakim, özü dustaq öz içində, Qızıl sözü itir lilli söz içində; Milyonları sel ağzında, toz içində... Bu millətin dərdi-səri min şaxəli.
  Gözgörəti taxtdan salır əyri düzü, Əyri qələm, əyri fikir, əyri düzüm, Bu düzlükdə düzlük özü əydi düzü, Bu millətin dərdi-səri min şaxəli.
  Bu, beləcə içimizdən gələn səsdi, Bu, beləcə yolumuza çıxan dərsdi; Düşmən əli əlimizlə bizi kəsdi, Bu millətin dərdi-səri min şaxəli.
  Dağ Aranda, Aran dağda olan yerdə, Yurddaş adlı yurd dağıdan olan yerdə. Baş gödəndən aşağıda olan yerdə, Bu millətin dərdi-səri min şaxəli.
  3 iyun, 1992
             |   
  |