SÖZNƏN ZARAFAT EYLƏMƏ
Bu sözdü - dərddi, qəhərdi, Sonu işıqdı, səhərdi, Atdı, cilovdu, yəhərdi, Söznən zarafat eyləmə!
Bu, taleyin bəd yoludu, Tozlu-qumlu kənd yoludu, Kiməsə cənnət yoludu, Söznən zarafat eyləmə!
Sözün sözü pozmağı var, Qayalara yazmağı var. Dəvə kimi qızmağı var, Söznən zarafat eyləmə!
Qılınc kimi suvar sözü, Döyüşlərə apar sözü, Qorxar sözdən "məzar" sözü, Söznən zarafat eyləmə!
Hardasa ərzin yaşıdı, Qəsd-qərəz bilməz - naşıdı, Hardasa əhlət daşıdı, Söznən zarafat eyləmə!
26 mart 1993
|
|