| | VAXTIN  O  VAXTIDI
 Ələ gəlməz əldən gedən,
 Şamamalı tağ quruyar.
 Gül olmasa, güldən gedən
 Tufan qopar, bağ quruyar,
 İndi vaxtın o vaxtıdı.
 
 Bilmək olmur başın üstdən
 Uçan quşdu, uçan daşdı,
 Gözlərimdən nur istədi
 Neçə gözsüz - gözü yaşlı,
 İndi vaxtın o vaxtıdı.
 
 Ünvanımı itirən çox,
 Təzə ünvan alan yoxdu.
 Şübhə adlı vədə hazır,
 İnam adlı qalam yoxdu,
 İndi vaxtın o vaxtıdı.
 
 Qoca dustaq, körpə şəhid,
 Nə gəzirdim, nələr gördüm, -
 Kişi gördüm dəm gölündə,
 Qadın gördüm - mələr gördüm,
 İndi vaxtın o vaxtıdı.
 Bir-birinə tən yazığın,
 Söz didməyə yatmaz əli.
 Sən yazığa, mən yazığın
 Yetər nəfsi, yetməz əli,
 İndi vaxtın o vaxtıdı.
 
 Haqdan qələm gəlsə belə,
 Öz baxtını özün yazsan,
 Yüz dalğalan, min çalxalan.
 Sınma, sınsan yapışmazsan,
 İndi vaxtın o vaxtıdı...
 
 19 aprel 1993
 
 
 
 | 
 |