QARĞIMA
Bu qurğunu mən qurmadım, Ağzına qıfıl vurmadım. Dəhnə yırtıb, bənd qırmadım, Qarğıma məni, qarğıma.
Bu yurdda Əli yatağan, Bu yurdda Vəli yatağan, Heç yatmaz dəli yatağan; Qarğıma məni, qarğıma.
Sən özünü öyən millət, Sən özünü söyən millət, Didən millət, yeyən millət, Qarğıma məni, qarğıma.
Mən tale satan deyiləm, Dalca daş atan deyiləm, Kölgədə yatan deyiləm, Qarğıma məni, qarğıma.
Mən özüm tikdim odamı, Sən dartıb yıxdın o damı, Ay əsrin bədbəxt adamı, Qarğıma məni, qarğıma.
15 yanvar, 1994
|
|