ÇEÇEN FACİƏSİ
Allah, Allah, bu nə dünya, bu nə bəşər?! Gözgörəti insan yanır, insan ölür: Körpəsiylə, qocasıyla, xəstəsiylə; Torpaq yanır: bulağıyla, ağacıyla, Torpaq yanır: havasıyla, Qarışqası, böcəgiylə; Tank altında tapdalanmış toxumuyla.
Didir insan bir-birini; Yeyir insan bir-birini. Bilmək olmur kim günahkar, kim haqlıdır. Hamı, hamı günahsızdı-silahsızdı, Hamı, hamı günahkardı-silahlıdı. Cənab nazir, mən görmüşəm, Çox görmüşəm tank burnunda Ölümlə bir beynəlmiləl nəğmələri gətirəni. Çox görmüşəm. Çox görmüşəm qana batmış əlləri mən. Çək tətikdən əllərini, Yüz xaraba, min xaraba müəllifi əllərini. Kiçiklərin böyüməsi çətin işdi, "Böyüklərin" kiçilməsi çox asandı. Dünya özü yaxşı bilir: Raketlərin qanadında qayda getmir, Qanun getmir heç diyara. Qayda-qanun dediyini ürək yazır, əl daşıyır; Öz əlinlə öz yurduna ölüm dartmaq! - Bu "yeni" bir hərbi məntiq! Öz yurdunu şum eləmək, Qan axıtmaq, sonra, sonra Su axtarmaq - qan yumağa?! "Mənim" - deyib o torpağı, Əkmək, sonra mərmi səpmək, Çox qəribə davadı bu. Çox qəribə məntiqi var bu qırğının Çox qəribə sualı var Cavabı yox bu qırğının, Cavabı yox...
10 yanvar, 1995
|
|